
Cəmiyyət
29-01-2022, 11:52
8 700
Qərbin Azərbaycana qarşı daha bir “ikili standart”ı
30 il Ermənistandan “qoşunlarını çıxar” tələbini etməyən NATO indi...
NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa və aqressiv ritorikadan çəkinməyə çağırıb. Bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.“Rusiya qoşun yeritmək təhdidindən, NATO ölkələrinə və digər dövlətlərə qarşı aqressiv ritorikadan çəkinməlidir. Rusiya həmçinin qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır”, - baş katib bəyan edib.
Ermənistan 30 ilə yaxın öz işğalçı qüvvələrini Azərbaycan ərazilərində saxladı. Bu gün də ərazimizin az bir hissəsində Ermənistan silahlı qüvvələri qalır. Amma biz NATO-dan belə bir çağırış eşitmədik. Ona görə ki, Ermənistan Qərb üçün, NATO üçün yazıq, ziyansız bir ölkə idi? Doğrudur, Alyans ölkəmizin ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb. Ancaq bundan o yana da keçməyib. İkili standart yenə ortadadırmı?
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Qərb, NATO, ABŞ arasında olan münasibətlər “soyuq müharibə” dövrünə xarakterik münasibətlərdir: “Bu gün Rusiya-Ukrayna gərginliyi özünün pik nöqtəsinə çatıb. Hətta fevralın 15-dək müharibənin başlayacağı barədə proqnozlar verirlər. Yəni, ABŞ prezidenti Baydenin sözləri ilə desək, ikinci dünya müharibəsindən sonra ən iri miqyaslı müharibəyə dünya şahidlik edə bilər. Bunun isə çox ağır nəticələri qaçılmaz olar. İndi isə çox kəskin informasiya müharibəsi getməkdədir. Hərbi ritorika hər iki tərəflərin dilindən düşmür. NATO rəhbərliyi artıq Rusiyadan nəinki Ukrayna ərazilərindən kənara çəkilməsini, hətta Moldova və Gürcüstan ərazilərindən də qoşunlarını çıxarmasını tələb etməyə başlayıb. Məsələ bu qədər geniş miqyas almaqdadır.

Elman Nəsirov
Rusiya tərəfi isə keçən il dekabrın 17-də ABŞ-a ünvanlandığı tələblərini yenidən dilə gətirir. Həmin tələblər də ondan ibarətdir ki, ABŞ və NATO ölkələri bilməlidirlər ki, heç bir halda NATO-nun şərqə doğru genişlənməsi baş verməməlidir, heç bir halda Ukrayna NATO üzvü olmamalıdır, Ukraynada dağıdıcı gücə malik strateji hücum silahları yerləşdirilməməlidir. Artıq iki gündür ABŞ və NATO-nun Rusiyanın bu tələblərinə cavabı gəlib. Cavablar Rusiyanı qane etməyib. Rusiyanın verilən cavabdan qane olmadığı ortaya qoyulduğu bir vaxtda NATO baş katibi tələbini irəli sürüb ki, Rusiya qoşunlarını Ukrayna, Moldova, Gürcüstan ərazilərindən geri çəksin və hərbi ritorikadan əl çəksin. Yəni, həm Rusiyanın yazılı şərtləri, tələbləri demək olar rədd edilir, hələ üstəlik Rusiya qarşısında tələblər irəli sürülür. Artıq Ukrayna özünün silahlı qüvvələrinin 50 faizini-təxminən 125 minlik qoşununu təmas xətti boyunca yerləşdirir. Qarşıda isə yüz mindən artıq rus qoşunu dayanıb. İki yüz mindən artıq silahlı qüvvələrin üz-üzə gəlməsi riski çox böyükdür. Bu isə çox böyük qlobal fəlakətə gətirib çıxara bilər. Rusiyaya yeni şərtlər irəli sürülməsi onu deməyə əsas verir ki, NATO geri addım atmaq niyyətində deyil. Hər gün müharibəyə yaxınlaşdırır".
Deputat qeyd etdi ki, NATO və ABŞ Ukrayna ərazilərinin işğalda qalması fonunda bu qədər operativ və sərt reaksiya, tələblər ortaya qoyurlar: “Amma maraqlıdır ki, Azərbaycanın ərazilərinin 20 faizi 30 il ərzində Ermənistan işğalı altında olanda NATO bu cür mövqe ortaya qoymurdu. ”İkili standart yenə özünü göstərir. Düzdür, NATO Parlament Asambleyası bu işğalı pisləyən sənəd qəbul etmişdi. Amma bundan irəli gələn heç bir başqa addım atmayıb. Bir dəfə olsun Ermənistana tələb irəli sürülməyib ki, Azərbaycan ərazilərindən qoşunlarını çıxar. Sual yaranır ki, bu necə beynəlxalq hüququn keçiyində dayanmaqdır? Bu nə ikili standartıdr?! Beynəlxalq hüquq qarşısında bütün dövlətlərin öhdəlikləri və hüquqları mövcuddur. Necə ola bilir ki, bir halda NATO, ABŞ işğal faktına kəskin operativ münasibət ortaya qoya bilirlər, Rusiya kimi böyük dövlətə tələblərini irəli sürə bilirlər, ancaq beynəlxalq hüququn başqa bir üzvü olan Azərbaycanın ərazilərini işğal edən kiçik Ermənistana qarşı tələb irəli sürmədilər, 30 il işğala ciddi reaksiya vermədilər. Halbuki, Azərbaycan və Ermənistan NATO-nun Sülh naminə tərəfdaşlıq Proqramının iştirakçısıdırlar.
NATO kimi beynəlxalq təşkilatın “ikili standartı” insanların beynəlxalq hüquqa inamını, etibarını sarsıdır. İnsanlar görürlər ki, beynəlxalq hüquq kağız üzərində var, lazım gələndə işlək vəziyyətə keçirilir, lazım gəlməyəndə görməməzlikdən gəlinir. Məşhur alim Eynşteyn hələ 20-ci əsrin 50-ci illərində deyirdi ki, beynəlxalq hüquq sanki ancaq beynəlxalq qanunların külliyyatında mövcuddur, külliyatdan kənarda beynəlxalq hüquq yoxdur. Bu gün təəssüf ki, biz analoji vəziyyətin şahidiyik".

Oqtay Qasımov
Politoloq Oqtay Qasımov isə bildirdi ki, NATO baş katibinin məlum tələbi diqqətə layiq hadisədir: “Bu, Ukrayna ətrafında yaranmış vəziyyətə qarşı NATO-nun göstərdiyi mövqedir. Əgər bu prinsipial mövqe davam edəcəksə müsbət qiymətləndirilməlidir. O ki, qaldı NATO-nun eyni tələbləri 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qarşı irəli sürməməsinə, bunlar fərqli məsələlərdir. NATO-nun qarşısında maneə Rusiyadır. NATO Rusiyanı özünə maneə sayır, ona görə də bu maneənin zəifləməsini, qoşunlarını yerləşdirdiyi başqa ölkələrin ərazilərindən çıxmasını istəyir. Ermənistan isə o qədər kiçik bir subyektdir ki, NATO onu özünün hansısa planlarının qarşısını alacaq güc saymır. İşğal faktlarına fərqli yanaşmalar ola bilsin bununla əlaqədardır.
O ki qaldı Rusiya ordusunun sülhməramlı adı altında Azərbaycan ərazisində yerləşməsi faktına da NATO-nun sərt münasibət ortaya qoymamasına, Ukrayna, Moldova və Gürcüstandan fərqli olaraq Azərbaycan rus qoşunlarının daxil olmasına özü razılıq verib. NATO Azərbaycanın ərazi bütövlüyünü isə həmişə dəstəklədiyini ifadə edib. Bu, qurumun sənədlərində, bəyanatlarında da əksini tapıb. NATO-nun Qarabağ məsələsinə baxışla, digər adı çəkilən ölkələrin ərazisindəki separatizm ocaqlarına baxışlarında isə həmişə müəyyən fərqlər olub. Gürcüstan, Ukrayna və Moldova ilə bağlı birmənalı münasibət sərgiləndiyi halda Azərbaycanla bağlı bu qədər konkret açlıqlama və tələblərə rast gəlmədik".