Elman Nəsirovu hədələyirlər: "Sənin dilini kəsəcəyik...”
3-02-2022, 15:53
7 318

Elman Nəsirovu hədələyirlər: "Sənin dilini kəsəcəyik...”

"Mənə sənin danışan dilini kəsəcəyik demişdi. Hətta parlamentdə terror hadisəsi keçirəcəyi ilə bağlı hədələmişdi".
Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkələrdə bir nəfər şəxsin onun təhdid etməsindən və sosial şəbəkələrlə bağlı qanunun qəbul olunmasından danışarkən deyib.
O bildirib ki, Milli Məclisin fevral ayının 1-də də keçirilən yaz sessiyasının ilk iclasında iş planına “Sosial şəbəkələr haqqında” Qanunun qəbul edilməsini təklif edib:
"Səbəbi budur ki, sosial şəbəkələr heç bir qanunla tənzimlənmir, cinayət xarakterli əməllər baş alıb gedir. Sözügedən platformalarda insanların şərəf və ləyaqətini alçaldır, şər-böhtan atırlar. Bütün bunlar isə Cinayət Məcəlləsinin 147,148-ci maddələrində olan məsələlərdir və bunu etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".
Deputat hesab edir ki, bu sahədə boşluq var və xüsusi qanunun qəbuluna ehtiyac var:
"Düşünürəm ki, Türkiyə təcrübəsi bizim üçün yararlı ola bilər. Qəbul edilmiş qanunda göstərilir ki, məsələn, "Facebook" istifadəçilərinin sayı gün ərzində 1 milyonu keçərsə, şirkətin nümayəndəliyinin açılması şərtdir. Söhbət digər sosial şəbəkələrə də aid edilir. Əgər pozuntu aşkarlanarsa, nümayəndəliyə müraciət edilir, müraciətə 48 saat ərzində cavab verilməlidir. Bununla yanaşı, qanuna uyğun olaraq addımlar atılmalıdır. Əgər bunu etməzsə, bu halda 700 milyon dollar civarında cərimələnmə olur. Sərt tədbirlər də var. Əgər nümayəndəlik qəbul edilmiş qanunun tələblərinə əməl etməzsə, Türkiyənin şirkətlərinin reklam olunması qadağan olunur.
Çünki reklamdan çoxlu gəlir əldə edilir. Türkiyənin provayderləri internetin sürətini kəskin şəkildə azaltmaq hüququna malikdirlər. Türkiyə dövləti bu cərimələri bir neçə dəfə tətbiq edib. Söhbət milyon dollarlıq cərimələrdən gedir. Sosial şəbəkələrin inkişafında maraqlıyam. Sosial şəbəkələr çox vacib informasiya mənbələrindən biridir. Bunun inkişafı Azərbaycan dövlətinin marağındadır. Sadəcə, sosial şəbəkələrdə insanlara qarşı təzyiq, qarayaxma aparan insanların əməllərinə son qoyulmalıdır. Bu kimi insanlar hüquq qarşısında məsuliyyət daşımalıdır".
Şəxsən özünün dəfələrlə haqsız təhqirlərin hədəfi olduğunu deyən parlament üzvü ölümlə hədələndiyini də dilə açıqlayıb:
"Bir anlıq təsəvvür edin, həmin insanları məhkəməyə versəm, onlara qanunamüvafiq olaraq cəza veriləcək. Onda da başlayacaqlar ki, Azərbaycanda filankəs siyasi məhbusdur. Həmin şəxs siyasi məhbus deyil. Azərbaycanda siyasi məhbus yoxdur və ola da bilməz. Həmin insan cinayət yolunu seçmişdi və indidə cəzasın alır. Bu fərqi bilmək lazımdır. Sosial şəbəkələrdə 3 kateqoriya insan cəmləşib. 1-ciyə aid olanlar sosial şəbəkələrdən öz fikir və düşüncələrini paylaşmaq üçün istifadə edirlər. 2-ci qrup insanlar buraya əyləncə məkanı kimi baxırlar. 3-cü kateqoriya insanlar isə qaraguruhdur, cinayətkar ünsürlərdir. İnsanlarla təhqir, təzyiq, söyüş və terror dili ilə danışırlar. Bu yaxınlarda mənim dövlətçiliklə bağlı çıxışlarıma görə qaragüruh qruplaşmasından bir nəfər məni ölümlə hədələmişdi. Mən də hədəni gördükdən sonra muvafiq hüquq-mühafizə orqanlarına yönəltdim ki, bu şəxsi araşdırsınlar, görüm kimdir məni və deputat həmkarlarımı, parlamenti hədələyir?! Sosial şəbəkələrdə belə ünsürlərin üzə çıxarılması və cəzalandırılmasından danışıram. 3- cü təbəqə insanların sosial şəbəkələrdən istifadəsinə qarşı qanunun tənzimlənməsinin tərəfdarıyam".

Oxşar xəbərlər