Ramiz Mehdiyevin saxtakar müdafiəçisinə!
4-02-2022, 15:28
6 902

Ramiz Mehdiyevin saxtakar müdafiəçisinə!

Tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin məqaləsi
 
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovun mənim haqqımda yazdığı böhtan xarakterli yazı 03.02.2022 tarixində AMEA-nın saytında yerləşdirilib. Bu yazısında o Ramiz Mehdiyevin rəhbərliyi altında Akademiyada guya böyük işlər görüldüyü barədə ağızdolusu təriflər yazandan sonra mənim 02.02.2022-ci il tarixində mətbuatda yayılmış, Ramiz Mehdiyevi istefaya səsləyən məqaləmə öz mənfi münasibətini bildirib. Çox böyük ehtimalla o bunu R.Mehdiyevin göstərişi ilə edir.
 

AMEA prezidenti Ramiz Mehdiyev
 
Mən Abbas Seyidovun başqa mövzularda yalanlar yazdığını dəfələrlə oxumuşam. Amma heç bir fakt göstərmədən, heç bir mənbəyə istinad etmədən kiməsə, indiki halda mənə açıq-aşkar böhtan atması onun "yaradıcılığının” yeni mərhələsidir. Deyəsən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən xəbəri yoxdur.
 
Mən əlbəttə, Abbas Seyidovun səviyyəsinə enmək istəmirəm. Lakin onun bəzi böhtanlarına hələlik çox qısa cavab verməyi lazım bilirəm. Çünki o bu məsuliyyətsiz və cılız yazısı ilə oxucularda yanlış təsəvvür yarada bilər.
 
İlk növbədə onu bildirim ki, Abbas Seyidovdan fərqli olaraq mən öz yazılarımda faktlara əsaslanıram. Dərhal onu da bildirim ki, mənim fikirlərim Ramiz Mehdiyevin şəxsinə qarşı deyil. Mən hesab edirəm ki, o AMEA prezidenti kimi öz funksiyasının düzgün yerinə yetirmir və buna görə də istefa verməlidir. Mən Abbas Seyidovdan fərqli olaraq heç kimə böhtan atmıram. Onun yazdığı kimi mən heç vaxt heç bir vəsaiti qanunsuz olaraq mənimsəməmişəm. Onun bu ittihamı cəfəngiyatdır, böhtandır.
 
Mən, Abbas Seyidovun yazdığı kimi, komissiya yoxlamalarının nəticəsi olaraq direktor müavini vəzifəsindən getməmişəm, bu ağ yalandır. Abbas Seyidov R.Mehdiyevin yaratdığı komissiyanın rəyini təhrif edərək mənə böhtan atır. Komissiyanın rəyində əksinə, mənim direktor müavini kimi hüquqlarımın pozulduğu göstərilib. Yoxlamaların nəticəsi olaraq keçmiş direktor vəzifəsindən azad edildikdən sonra direktorun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rəyasət Heyətinin qərarı ilə mənə həvalə edilmişdir. Əgər, Abbas Seyidovun yazdığı kimi, yoxlama mənim qüsurlarımı ortaya çıxarmışdısa onda nəyə görə AMEA Rəyasət Heyəti belə bir qərar vermişdi?
 

El şənliklərinin mahir saz ifaçısı Abbas Seyidov
 
Mənim guya baş direktor seçilmədiyimə görə R.Mehdiyevi istefaya səsləməyim barədə Abbas Seyidovun yazdıqları da absurddur. Çünki mən olmayan seçkilərdə necə iştirak edə bilərdim? Bu təyinatın başqa bir forması idi və R.Mehdiyevin özünə uyğun olan Abbas Seyidovu bu vəzifəyə təsdiqləməsi də təəccüblü deyildi. Mənim öz ərizəmlə direktor müavini vəzifəsini tərk edərək şöbə müdiri vəzifəsinə keçməyimin səbəbi odur ki, əvvəllər heç bir vaxt adi şöbə müdiri işləməyən, elmi-təşkilati idarəçilik təcrübəsi olmayan Abbas Seyidov baş direktor təyin edilmişdi və mən də elmdə və elmi-təşkilati işlərdə məndən qat-qat aşağı səviyyədə olan birisinin bilavasitə tabeçiliyində işləyə bilməzdim. Bu mənim üçün təhqir olardı.
 
İnstitutda baş direktor kimi işlədiyi cəmi 3 ay müddətində Abbas Seyidov hələ də İnstitutun elmi istiqamətləri üzrə heç bir tutarlı addım atmamışdır. Yalnız şəxsi-qərəzlik zəminində kimlərinsə rəhbər olduqları şöbələri ləğv etmiş, görkəmli alimləri işdən çıxarmış, direktor olduğu halda özünə əlavə olaraq şöbə də açmışdır. Eyni zamanda əvvəlki əsas iş yerində - İqtisad Universitetində yarımştat işçi kimi qalmışdır. Deməli Abbas Seyidov özü 3 iş yerində işlədiyi halda digərlərini işdən çıxarır. Rəhbəri məzuniyyətdə olan şöbənin otağını zəbt edərək orada öz şöbəsini yerləşdirmişdir. Bu 3 ay müddətində heç bir ehtiyac olmadığı halda şöbələrin yerləri dəyişdirilir, demək olar ki, hər gün əməkdaşlar dəhlizdə stol, stul, şkaf daşıyırlar. Bütün bunlar R.Mehdiyevin təyin etdiyi Abbas Seyidovun "islahatları” barədə qısa məlumatlardır.
 
Hələ 90-cı illərdə Abbas Seyidov Naxçıvanda məclislərdə saz, tar çalıb qonaqları əyləndirəndə mən Akademiyada elmlə məşğul idim. Sonrakı illərdə Bakıya gəlib un alveri ilə məşğul olanda, daha sonra AMAY ticarət mərkəzində min oyunlardan çıxanda mən yenə də elmlə məşğul idim. Ona görə də Abbas Seyidov elmdən, ziyalılıqdan dəm vuranda bir qədər düşünsə yaxşı olar.
 
O ki, qaldı Abbas Seyidovun elmdə alayarımçıq fəaliyyəti, bunu hamı bilir. Mən hələlik onun başqalarının əsərlərini təhrif və plagiat etməsi barədə faktları yaymaq istəməzdim. Lakin gələcəkdə bunu etməməyə söz vermirəm.
 

Tarix elmləri doktoru, professor Nəcəf Müseyibli
 
Abbas Seyidovdan hələlik aşağıdakı bu suallarıma cavab verməyi xahiş edirəm:
 
1.İnstitutumuzun fondunda saxlanılan, sayı 1 milyona yaxınlaşan arxeoloji materialların neçəsini sən aşkar etmisən?
 
2.İndiyə qədər hansı bir sanballı arxeoloji abidənin illər ərzində sistemlı qazıntıları ekspedisiya rəhbəri kimi sənin adınla bağlıdır?
 
3.Rəhbəri olduğun arxeoloji ekspedisiyalar üçün Akademiyadan vəsait aldığın halda niyə bu ekspedisiyaların nəticələrinin nəşrində İnstitutun yox, İqtisad Universitetinin adını yazmısan? Bunun qanun pozuntusu olduğunu bilirsənmi?
 
4.Son illər Qarabağda işləmək üçün dəfələrlə vəsaitlər aldığın halda Tərtərdə arxeoloji qazıntılar aparmaq əvəzinə nəyə görə cəmi bir neçə gün ərazini gəzəndən sonra hələ sovet dövründən elmə məlum olan abidələrin adlarını öz hesabatında sadalamaqla kifayətlənmisən?
 
5.Uzun illər arxeoloji ekspedisiyalar üçün aldığın vəsaitlərin hamısını qazıntılara sərf etmisən, yoxsa bir hissəsini Türkiyə kurortlarında dincəlməyə xərcləmisən?
 
6.Institutun 5 maşınından 3-nün sənin və ailə üzvlərinin istifadəsində olduğu halda hansı əsasla başqalarını korrupsiyada ittiham edirsən?
 
Sonda peşəkar musiqiçi Abbas Seyidova məsləhət görərdim ki, yazısının sonunda iri-iri yazılmış beynəlxalq "elmi” titulları ilə öyünməsin. Onları hər kəs müəyyən ödəniş etməklə ala bilir. Sənin kimi "titullu” alimləri çox tanıyırıq.
 
Əslində Abbas Seyidovun bu yazısı R.Mehdiyevin kadr işlərinin doğrudan da bərbad halda olduğunu bir daha sübut edir.
 
Nəcəf Müseyibli
Tarix elmləri doktoru, professor,
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun şöbə müdiri

Oxşar xəbərlər