NATO dünyanın bir nömrəli problemini Azərbaycanla müzakirə edir
17-02-2022, 11:17
1 753

NATO dünyanın bir nömrəli problemini Azərbaycanla müzakirə edir

Stoltenberqin Prezident İlham Əliyevə zənginin açması; deputat: “Bu, məhz indiki mürəkkəb geosiyasi reallıqlar kontekstində Azərbaycanın sözünün çəkisinin, mövqeyinin dünyada böyüklüyü ilə bağlıdır”
Fevralın 15-də NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycan Prezidenti ilə telefon danışığı olub. Bu barədə Stoltenberq Twitter hesabında yazıb.
“Prezident Əliyevlə yaxşı söhbətimiz oldu. Biz regional təhlükəsizliyi, Rusiyanın Ukraynada və onun ətrafında hərbi gücünü artırmasını, o cümlədən bunun enerji bazarları üçün nəticələrini müzakirə etdik. Mən qaz təchizatının artırılmasına və Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı olmasına görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirdim ”, - Stoltenberq qeyd edib.
NATO baş katibinin İlham Əliyevə zənginin geosiyasi anlamı nədir? Ukrayna ətrafında yaranmış gərgin vəziyyət vaxtı NATO prezidenti Azərbaycanın dövlət başçısı ilə yalnız qaz tədarükündən danışıb? Bu hadisə Azərbaycan qlobal siyasi və ekonomik oyunçuya çevrildiyinin təsdiqidirmi?
Elman Nəsirov: “Azərbaycanda 600 min uşağa müxtəlif adda müavinət verilir”
Elman Nəsirov 
Deputat Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, NATO baş katibinin Azərbaycan Prezidentinə zəng etməsi və onunla regional təhlükəsizlik məsələlərini, xüsusilə Rusiya-Ukrayna qarşıdurması fonunda təhlükəsizlik məsələlərini müzakirə eləməsi, bundan sonra enerji təhlükəsizliyi məsələləri istiqamətində fikir mübadiləsi aparması Azərbaycanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun, dünyadakı yerinin və rolunun kifayət qədər böyük olduğunun təsdiqidir: “Hesab edirəm ki, cənab Stoltenberqin Azərbaycan Prezidenti cənab İlham Əliyevə məhz indiki mürəkkəb geosiyasi reallıqlar kontekstində zəng etməsi Azərbaycanın sözünün çəkisinin, mövqeyinin dünyada böyüklüyü ilə bağlıdır. Stoltenberq heç şübhəsiz onun fərqindədir ki, Rusiya-Ukrayna qarşıdurmasını təhlil etsək görəcəyik ki, Azərbaycanın həm Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri var, həm Ukrayna ilə analoji münasibətləri mövcuddur, eyni zamanda Azərbaycan NATO ilə əməkdaşlıq xəttinə sadiqdir, Azərbaycan Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb və Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Bütün bu amillər şübhəsiz ki, NATO baş katibinin Azərbaycan Prezidentinə zəngini şərtləndirən əsas amillər sırasındadır. Həm də ki, Rusiya-Ukrayna müharibəsinin başlayacağı halda bu danılmaz həqiqətdir ki, Avropanın enerjiyə tələbatı kəskin şəkildə arta bilər. Nəzərə alsaq ki, bu gün Avropa İttifaqı ölkələrinin qaz anbarlarında bəzi mənbələrə görə 30 faiz, digər mənbələrə görə 10 faiz ehtiyat qalıb. Qazın qiyməti müharibə başlayarsa, azı 3 dəfə bahalaşa bilər. Yəni bu gün min dollara olan qaz 3 min dollara qədər bahalaşa bilər. Bu isə çox ciddi enerji böhranı deməkdir. Avropa ölkələri üçün bu, çox böyük təhdiddir və belə olan reallıqda təbii ki, Azərbaycan qazı yeni alternativ enerji mənbəyi olaraq Avropa üçün müstəsna əhəmiyyətə malikdir. Düzdür, Azərbaycan qazı həcminə görə Rusiya qazı ilə müqayisə oluna bilməz, Rusiya Avropanın ildə 500 milyard kub metr qaza olan tələbatının təxminən 150 milyardını ödəyir. Azərbaycan isə keçən il Avropa bazarına 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycanın potensialı var ki, qaz ixracını daha da artırsın. Bunu Avropa çox gözəl bilir və ona görə də Azərbaycanla əməkdaşlıq onlar üçün strateji əhəmiyyət daşıyır”.
Deputat qeyd etdi ki, Stoltenberqin Azərbaycan Prezidentinə zəng etməsi və danışıqlar haqqında özü sosial şəbəkədə paylaşım etməsi Azərbaycanın müasir dünyamızda təhlükəsizlik məsələlərinə verdiyi və bundan sonra verə biləcəyi böyük töhfə ilə bağlıdır: “Azərbaycana və onun liderinə bu gün dünyada çox böyük hörmət var. Xüsusilə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuzun qazandığı tarixi qələbə Azərbaycan Prezidentinə dünyada münasibəti daha da yüksəldib. Bu gün Azərbaycan Prezidentini həm dünyada mahir diplomat kimi, həm böyük dövlət xadimi kimi, eyni zamanda müzəffər sərkərdə kimi qəbul edirlər. Məsələyə bu məntiqlə də yanaşdıqda, NATO baş katibinin Azərbaycan Prezidentinə zəng etməsi və onunla regional təhlükəsizlik məsələlərini müzakirə etməsi məntiqlidir və reallığa tam adekvatdır”.
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca
 İlyas Hüseynov 
Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov isə bildirdi ki, NATO baş katibinin Azərbaycan Prezidenti ilə telefon danışığının mühüm əhəmiyyəti var. Çünki rəsmi Bakının artıq regional və qlobal müstəvidə geosiyasi aktor imici bir qədər də yüksəlib, eyni zamanda Azərbaycan həm də postsovet məkanında təmsil olunmaqla yanaşı, Cənubi Qafqazın aparıcı oyunçusudur, Avropanın enerji təchizatçısı kimi hər keçən gün nüfuzu artır. Stoltenberq də Bakının artan nüfuzuna göstərilən münasibət kimi Rusiyanın Ukrayna və onun ətrafında hərbi gücünü artırması və bunun enerji bazarında nəticələrini Prezident İlham Əliyevlə müzakirə edib: “Eyni zamanda Avropa İttifaqının da məhz eskalasiya riski fonunda Azərbaycan qazına və neftinə marağı yüksəlməkdədir. Hazırkı durumda məhz Rusiya-Ukrayna gərginliyi fonunda NATO-nun baş katibinin Azərbaycan Prezidenti ilə təmas qurması cənab Prezidentin şəxsi nüfuzundan da xəbər verir. Çünki Prezident İlham Əliyev bir sıra mübahisəli və ziddiyyət doğuran məsələlərdə vasitəçi kimi çıxış edib və çox yaxşı nəticəli danışıqlar aparan diplomat kimi özünü göstərib. Azərbaycanın hazırda yaranmış gərginlik fonunda həm də karbohidrogen ehtiyatları ilə uzun sürən dayanıqlı şəkildə sabit formada Avropa İttifaqının enerjiyə olan asılılığını ödəmək istiqamətində çıxışları mənə elə gəlir ki, uzun sürən müzakirələrə səbəb olacaq. Hazırkı durumda Azərbaycanın artan geosiyasi və geoiqtisadi nüfuzu Avropa İttifaqının və NATO-nun strateqlərinin diqqətini çəkir. Buna görə də NATO kimi ciddi beynəlxalq alyansın baş katibi Azərbaycanın ciddi rolunu təqdir edir, regional təhlükəsizlik baxımından Azərbaycana diqqət göstərilir. Azərbaycanın dünyada geosiyasi mövqeləri güclənir”.

Oxşar xəbərlər