Mehriban Əiyeva fenomeni: Böyük genetik irsin varisi
21-02-2022, 12:43
1 696

Mehriban Əiyeva fenomeni: Böyük genetik irsin varisi

Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının siyasi araşdırmalar institutunun direktoru, siyasi elmlər doktoru, professor
Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, nəhəng elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq tarixi uğurlara imzaatma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurları əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu konteksdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Babası Mir Cəlal Paşayev Azərbaycanın mütəfəkkir ədibi, atası Arif Paşayev və anası Aida İmanquliyeva Azərbaycan və dünya elmində öz izini qoymuş böyük şəxsiyyətlərdir. Bu unikal ailənin övladı olan Mehriban xanım Əliyevanın dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinə malik olması, hadisə və proselərə münasibətdə prinsipial və qətiyyətli davaranış tərzi nümayiş etdirməsi bilavasitə genetik irsin və bu xüsusda fitrətən istedadın, eləcə də fədəkar zəhmətin nəticəsidir
Yerli və xarici auditoriya qarşısında çıxışları zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, dinləyicilər ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması yuxarıda sadaladığımız amillərlə birbaşa bağlıdır.
Mehriban xanım Əliyeva böyük idarəçilik məktəbi keçərək, zəngin təcrübəyə malik olmaqla qarşısında duran müxtəlif istiqamətli və mürəkkəb vəzifələrin ləyaqətlə yerinə yetirməsi üçün unikal imkanlar pəncərəsi açmışdır. Fikrimizi əsaslandırmağa çalışaq.
Birincisi, fəal ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayan Mehriban xanım 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etməklə perspektiv və peşəkar fəaliyyəti üçün zəngin təcrübə qazanmaq imkanı əldə etmişdir.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin olundu. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür.
Bu təyinat eyni zamanda üzvlərinin sayı 760-mindən artıq olan nəhəng siyasi partiyanın idarə edilməsində və qazandığı uğurlarda hörmətli Mehriban xanım Əliyevanın müstəsna yeri və rolu olduğunun isbatıdır.
İkincisi, Mehriban xanım Əliyeva 3 dəfə (2005, 2010, 2015) seçicilərinin böyük etimadını qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz,” - deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Vədi ilə əməli eyniyyət təşkil edən Mehriban xanım deputatlıq müddətində təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atmış və seçicilərinin hüsn-rəğbətini qazanmışdır. Parlament fəaliyyəti çərçivəsində Mehriban xanım Əliyeva 4 dəfə-2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilmişdir. “...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”, -deyən Mehriban xanım Əliyevanın bu qanunvericilik təşəbbüsləri həm mənəvi-əxlaqi, həm də siyasi əhəmiyyət kəsb edir.
Eyni zamanda, Mehriban xanım deputat kimi çox geniş beynəlxalq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır. Bu fəaliyyətin nəticəsində ölkəmizə olan beynəlxalq etimad daha möhkəmlənmiş, dost və tərəfdaşlarımızın sayı artmışdır.
Üçüncüsü, demokratik dövlət quruculuğu istiqamətində ümummilli lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir.  Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil,  səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Mərhəmətli Mehriban xanımın rəhbərliyi altında qeyd edilən sahələr ilə yanaşı, milli musiqinin inkişafı, mədəni irsin qorunması, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətlərdə də misilsiz addımlar atılır. 
Dördüncüsü, Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən ən yüksək qiymətə layiq görülmüşdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.” Təsadüfi deyildir ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Beşincisi, Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarsı və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhvə verir. Bu baxımdan təsadüfi deyildir ki, 2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri titulu verilmişdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun.
Qeyd edilən reallıqlar fonunda Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”, -deyərək hörmətli Birinci xanımın fəaliyyətinə yüksək qiymət verdi.
Təhlükəsizlik Şurasının məlum iclasında yeni yüksək statusda çıxış edən Mehriban xanım Əliyevə olduqca məsuliyyətli və şərəfli fəaliyyətinin əsas prinsiplərini bəyan etdi: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır...Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa şalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Artıq həmin tarixi təyinatdan 5 il ötmüşdür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə əsaslanan misilsiz fəaliyyətinin son 5 illik dövrünün bir sıra mühüm səhifələri ilə bağlı təhlilimizı qədirbilən oxucuların nəzərinə çatdıraq.
Olduqca xeyirxah missiya-məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı Mehriban xanım Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünün 2017-ci il martın 9-da məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara  həssas yanaşmanın bariz nümunəsidir. “Qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək”, -deyən hörmətli Mehriban xanım Əliyeva müvafiq dövlət qurumu qarşısında konkret vəzifə də müəyyən etdi: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa dəstəyi sayəsində sözügüdən istiqamətdə ciddi uğurlara imza atılmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşması, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərməsi özünü yeni inşa olunan “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində də aydın nümayiş etdirmişdir. Bütün bu yaşayış komplekslərinin inşası hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.
Onu da qeyd edək ki, ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə  Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu park-3” də həmin komplekslərdən biridir.  Bu davranış sahibkarların sosial məsuliyyətinin ifadəsi olaraq olduqca müsbət hadisədir. Məsələyə bu kontekstdə yanaşdıqda sahibkarlıq fəaliyyətini realizə olunmasında və bu istiqamətdə stimulverici şəraitin təmin edilməsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qayğı və dəstəyi olduqca təqdirəlayiqdir. Xüsusilə də  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildən fəaliyyətə başlayan Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sözün həqiqi mənasında hər bir sahibkarın yanındadır. Onun yaxın dostudur. Hər zaman sahibkarlara maliyyə resurslarına çıxış imkanları yaradır, institusional dəstək verir, üzləşdikləri problemlərin həlli istiqamətində operativ addımlar atır, eyni zamanda dövlət və ozəl qurumlar arasında əlaqələndirməni təmin etməklə sahibkarların fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsi üçün münbit şərait yaradır.
Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi İV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinə bir daha şahidlik etdi. Bundan savayı, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.
Mehriban Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın brendinə çevrilmişdir. Ölkəmizin Birinci vitse-prezidentinin Azərbaycanın xarici siyasətindəki vacib missiyası dövlətlərarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər. əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət kəsb edir.
Adı imzası olan Mehriban xanım Əliyevanın lokal, regional və beynəlxalq miqyaslı fəaliyyəti həm ölkə, həm də bir çox xarici dövlətlərin ali mükafataları ilə təltif olunmaqla  yüksək qiymətləndirilmişdir. Bunların sırasında “Heydər  Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf  legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı Ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə  Komandor  Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə“ ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı,  BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı,  Krans Montana Forumunun qızıl medalı və  “Prix de la Fondation” mükafatı, Avropa  Olimpiya Komitəsinin Ali Ordeni,  Küveyt Dövlətinin Fəxri diplomu,  Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı,  “Qızıl ürək” beynəlxalq mükafatı,  Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı,  Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru,  Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru  adını,  habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. (7) Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu “Sizin Mehriban” ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımım adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir.
 Onu da qeyd edək ki, bütün dünya, o cümlədən Azərbaycan Respublikası COVİD-19 pandemiyası ilə hərtərəfli mübarizə dövrünü yaşayır. Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə  taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma tədbirlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.
Eyni zamanda, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı. Eyni zamanda liderlərin də simasını-şəxsiyyətini müəyyən etdi.  Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə xarizmatik, realist, prinsipial və qətiyyətli, fors-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider-Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik,  mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə  bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”
Ölkəmiz təkcə bütün dünyanı hədələyən COVİD-19 pandemiyası ilə sınağa çəkilməmişdir, eyni zamanda ötən ilin 27 sentyabr tarixində faşizm və terrorizm ideologiyasını dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın növbəti və iri miqyaslı hərbi təxribatının hədəfinə çevrildi. Başlanan Vətən müharibəsində müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində Emənistan rəhbərliyini kapitulyasiya aktına imzalamağa məcbur etdi. Nəticədə bölgədə yeni tarix reallıqlar formalaşmışdır. Ərazi bütövlüyümüz bərpa edilmiş, beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirilmişdir. İşğaldan azad olunmuş bütün torpağlarımızın bərpası və yenidənqurulması mərhələsi başlanmışdır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva  Prezident  İlham Əliyevin  ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir. Mehriban xanım Əliyeva “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”, - deməklə beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderlərinə müraciət edərək onları Ermənistan siyasi-hərbi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı tərətdiyi hərbi cinayətləri pisləməyə və hüquqi müstəvidə adekvat addımlar  atmağa çağırmışdır.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva soydaşlarımızı müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq, həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmağa və bu  taleyüklü prosesə konkret töhfələr verməyə  dəvət etmişdir. Bu, zamanın çağırışıdır!
Beləliklə, ulu öndər Heydər Əliyevin misilsiz irsinin öyrənilməsində və təbliğində müstəsna xidmətlər göstərən, Prezident İlham Əliyevin tarixi əhəmiyyətli addımlarının həyata keçirilməsində onun ən yaxın məsləkdaşı olan mərhəmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycanda qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Oxşar xəbərlər