"Putinin addımı Qarabağdakı separatçıları ruhlandırıb" - Elman Nəsirov
22-02-2022, 16:33
6 844

"Putinin addımı Qarabağdakı separatçıları ruhlandırıb" - Elman Nəsirov

"Rusiya prezidenti tərəfindən qondarma respublikaların tanınması planlaşdırılan və gözlənilən idi".
Bunu Milli Məclisin deputatı Elman Nəsirov Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın suveren ərazisi olan "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatları analoji müraciəti Putinə ünvanlamışdılar.
"Bu məsələ müvəqqəti pauza götürmüşdü və Putin hadisələrin gedişatını izləyirdi. O, Rusiya xalqına müraciətində qeyd etdi ki, indiki şəraitdə bu addımı atmağa məcbur idik. Əks halda söhbət hər iki qondarma respublikada yaşayan əhalinin ciddi təhlükələrlə üzbəüz qalmasından gedir. İndiki vəziyyətdə belə bir addımın atılması şübhəsiz ki, Ukrayna ətrafında olan böhranın daha da gərginləşməsinə gətirib çıxarır. Heç kimin arzulamadığı müharibə bir anın məsələsinə çevrilə bilər. Tərəflərin heç birinin digərinə güzəştə getmək fikri yoxdur. Qərbin Rusiyaya təzyiqləri anbaan artmaqdadır. Artıq Rusiyaya qarşı total sanksiyalardan bəhs olunur. "Rusiyanın mövqeyi, təhlükəsizliyin bölünməzliyi prinsipi qəbul edilməlidir. Ukraynanın NATO-ya daxil olması və NATO-nun genişləndirilməsi prosesi ümumiyyətlə dayandırılmalıdır. Qərb bunu yazılı şəkildə öhdəliyinə götürməlidir. Şifahi bəyanatları qəbul etmirik". Bu, mövqe Rusiya prezidentinin mövqeyidir”.
Deputat bildirdi ki, belə bir addımın atılması Qarabağdakı separatçıları bir qədər ruhlandırıb. Onun sözlərinə görə, Araik Arutyunyan və onun yaxın ətrafındakı hərbi canilər şirniklənib şadyanalıq keçirirlər.
"Lakin bunun heç bir mənası yoxdur. Onlar boş və mənasız yerə həvəsə düşüb. Bu heç bir halda mümkün olmayan məsələdir. Səbəbi isə sadədir. Vaxtilə Rusiya Cənubi Osetiya və Abxaziyada da bu addımı atmışdı. Onlara Rusiya pasportları paylanmışdı. Amma heç vaxt Qarabağda bu addımı atmadı. Nə 30 il ərzində, nə də müharibədən sonra Ermənistan qondarma rejimin müstəqilliyini tanıda bilməyib. İndiki reallığı bizim Müzəffər Ali Baş Komandanımız və ordumuz yaradıb. Torpaqlarımız işğaldan azad olunub. Xankəndi, Xocalı və digər yaşayış məntəqələri müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. Bu gün Azərbaycan və Rusiya prezidentləri tarixi sənədə imza atacaqlar. Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə müttəfiqlik səviyyəsinə qalxacaq. Nəticə etibarilə bu, post-müharibə dövründə həllini gözləyən məsələlərin də sürətlənməsinə gətirib çıxara bilər. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında Zəngəzur dəhlizinin açılmasına razılığını ifadə edib. Bizim deputatlar hazırda İrəvandadır. Müəyyən etimad mühiti formalaşmaqdadır. Eyni zamanda, Paşinyan özü Araik Arutyunyan və onun əhatəsindən imtina etdiyini faktiki olaraq nümayiş etdirir. Belə olan vəziyyətdə Araik Arutyunyan İnterpolun onu nə zaman həbs edib Azərbaycana təhvil verməsi haqqında düşünməlidir”, - deyə Elman Nəsirov bildirib.

Oxşar xəbərlər