Elman Nəsirov: "Pənah Hüseynlə debatlarda fikir ayrılığımız olub, amma əlbəyaxa olmamışıq"
23-02-2022, 16:53
7 425

Elman Nəsirov: "Pənah Hüseynlə debatlarda fikir ayrılığımız olub, amma əlbəyaxa olmamışıq"

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov əlbəyaxa olublar. Tərəflər bir-birlərinə qarşı qeyri-etik ifadələr işlədiblər. Canlı efirdə baş verən hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.


Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, bu kimi hallara dünya praktikasında tez-tez rast gəlinir.


Onun sözlərinə görə, Azərbaycanın adət-ənənələri, milli-mənəvi dəyərləri fonunda ölkədə belə qalmaqallar nadir hallarda baş verir: “Dünənki hadisə təəssüf doğurur. Mən özüm də “Dərin təhlil” proqramında iştirak etmişəm, amma heç zaman belə hadisə ilə üz-üzə qalmamışam. Eyni zamanda, mən Pənah Hüseynlə də bir neçə dəfə debatlarda iştirak etsəm də, heç vaxt analoji hal baş verməyib. Doğrudur, ciddi fikir ayrılığımız olub, amma əlbəyaxa olmamışıq. Çox xoşagəlməz hadisə idi. Bu, onların heç birinə başucalığı gətirmir. Ümumiyyətlə, analitik, təhlilçi və siyasətçilər çox səbirli və təmkinli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, onları milyonlar izləyir. Hesab edirəm ki, əvvəl Pənah Hüseyn Tofiq Abbasova qeyri-adekvat münasibət göstərib. Tofiq Abbasov da Pənah Hüseynə eyni tərzdə cavab verdi. Tofiq Abbasov uzun illər televiziyada çalışıb, yəni efirin nə demək olduğunu yaxşı bilir. Belə olan halda, o adekvat cavab vermədən üzünü tamaşaçılara tutaraq partiya rəhbərinin özünü necə apardığına dair fikir səsləndirə bilərdi. Təəssüf ki, hər iki tərəf səbirsizlik, təmkinsizlik nümayiş etdirdi. Bu, peşəkarlıqdan tamamilə uzaq davranış tərzi, tamaçaşılara hörmətsizlikdir”.

Oxşar xəbərlər