Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir - ŞƏRH EDİLDİ
1-04-2022, 17:18
7 188

Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir - ŞƏRH EDİLDİ

"Bugünkü gündə dövlətlər arasında etimadsızlıq mühiti formalaşıb. Bu reallıqda "Dövlətlərarası münasibətlər necə olmalıdır?" sualına cavab olaraq Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu iki dövlət arasında müttəfiqlik münasibətləri mövcuddur? "15 İyun Bəyannaməsi ilə münasibətlər strateji tərəfdaşlıqdan, müttəfiqlik, o cümlədən hərbi müttəfiqlik səviyyəsinə yüksəlib. 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasında da Türkiyə dövlətinin siyasi və mənəvi dəstəyinin müstəsna rolu olub. Eyni zamanda, bu iki dövlətin dostluğu tarixi köklərdən də irəli gəlir. Azərbaycan və Türkiyə eyni dəyərləri paylaşaraq, həyata keçirdikləri siyasətlə indiki yüksək səviyyəli münasibətə nail olub".
Deputat sözlərinə belə davam edib: "Ermənistan-Azərbaycan münasibətlərində də həllini gözləyən məsələlər var ki, onların həllində Türkiyə dövləti hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə verdiyi müsahibəsində də Qarabağdan qeyri-qanuni erməni hərbi birləşmələrinin tamamilə çıxarılmasını bir daha vurğulayıb. Bu Türkiyə dövlətinin prinsipial və qətiyyətli mövqeyidir. Əks halda hadisələrin ən mürəkkəb ssenari üzrə davam etməsinin məsuliyyətini Ermənistan daşıyacaq. Cənab İlham Əliyev də Ermənistana xəbərdarlıq edib ki, biz sülh istəyirik, amma əgər bu sülh üçün təhlükə yaranarsa, təxribatçı hərəkətlərinə davam edərsə dəmir yumruğun yerində olduğunu unutmasınlar".

Oxşar xəbərlər