İrəvan yalan və iftira maşınını yenidən işə saldı: Kütləvi məzarlıq kimindir?
3-04-2022, 13:01
9 179

İrəvan yalan və iftira maşınını yenidən işə saldı: Kütləvi məzarlıq kimindir?

"İrəvan yalan və iftira maşınını yenidən işə salaraq, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Ordusunun azad etdiyi Fərrux kəndində kütləvi məzarlığın aşkar edilməsindən təşvişə düşən Qarabağ separatçılarının guya elmi əsaslara söykənərək Bakının arqumentlərini təkzib etməsi və həmin məzarlığın guya IX-XII əsrə aid erməni qəbirləri olduğu barədə uydurmalarına münasibət bildirərkən deyib: 
 
"Ermənilər yenə də öz ampluasındadır. Yenə də şər, böhtan, dezinformasiya ifraz etməklə məşğuldur. Bəlli həqiqətdir ki, 4 minə qədər soydaşımız Ermənistanda girov götürülüb. Onların sonrakı aqibəti ilə bağlı heç bir məlumat yoxdur. Onlarla bağlı Azərbaycan tərəfinə heç bir məlumat verilmir, onların sonrakı taleyini, kütləvi məzarlıqların yerlərini gizli saxlamaqda davam edirlər. Fərrux kəndinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsindən sonra orada kütləvi məzarlıq üzə çıxarılıb”. 

Deputat aparılan araşdırmalara əsasən bildirir ki, həmin məzarlıqda Birinci Qarabağ müharibəsi dövründə Fərrux kəndi uğrunda gedən döyüşlərdə şəhid omuş soydaşlarımızın qəbirləri yerləşir: 

"İrəvan isə yalan və iftira maşınını yenidən işə salaraq, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa çalışır. İddia edirlər ki, guya orada tapılan sümüklərin heç bir halda azərbaycanlılara aydiyyatı yoxdur. Hətta həyasızcasına iddia edirlər ki, burada tapılanlar guya IX-XII əsrə aid erməni sümükləridir.
Onlar elə yalanlar uydurur ki, heç tənqidə belə dözmür. Bütün təhlil və araşdırmalar isə ermənilərin dediyinin tam əksini sübut edir”. 

E. Nəsirov qeyd edir ki, ermənilər törətdikləri vəhşiliklərinin növbəti dəfə işfa olunacağından qorxuya düşdüyündən həmin məsələ ətrafında belə hay-küy, dezinformasiya uydurur:

"Fərrux kəndində tapılan sümükləri yaşına və cinsinə qədər müəyyənləşdirmək mümkündür. 2007-ci ildə Quba məzarlığı aşkar edilərkən keçirilən ekspertiza ilə oradakı sümüklərin nəinki yaşı, hətta hansı cinsə mənsub olduğu da bəlli oldu. Ekspertizanın nəticəsində bəlli oldu ki, orada 50-dən çox uşaq, 100-dən çox qadın da erməni vəhşiliyinin qurbanı olub. Bu baxımdan 30 illik dövrün ekspertizasını aparmaqda heç bir mürəkkəblik yoxdur. "26 Bakı komisarı” kimi xalqımıza sırınan komisarların qəbri qazılanda məlum oldu ki, orada cəmi 23 komisar var. Sənədlərdə var ki, həmin 26 komisarın yaşı 40-dan çox deyil. Yəni yaşına qədər onları göstərmək mümkündür. Ona görə də Fərrux kəndində tapılan sümüklərin kimə mənsub olduğunu müəyyənləşdirməkdə heç bir qəliz məsələ yoxdur. Bu səbəbdən ermənilər təşvişə düşüblər. Ona görə də öz xislətlərinə uyğun olaraq yenə də yalan, iftira uydurmaqda, dünya ictimaiyyətini çaşdırmaqda davam edirlər.

Azərbaycan dövləti bu məsələləri beynəlxalq qurumlar qarşısında da qaldırıb, haqqın, ədalətin zəfər çalmasına nail olacaq. Çünki haqq bizim tərəfdədir”.

Oxşar xəbərlər