“Rüşvətin yolunu tutanlar papaqlarını qarşısına qoyub nəticə çıxarmalıdır” – AÇIQLAMA
5-04-2022, 18:28
6 688

“Rüşvətin yolunu tutanlar papaqlarını qarşısına qoyub nəticə çıxarmalıdır” – AÇIQLAMA

Bu günlərdə Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi mqəsədilə 2022─2026-cı illər üçün “Milli Fəaliyyət Planı” təsdiq edilib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, 2019-cu ildə həyata keçirilən islahatlar özlüyündə həm də korrupsiya ilə mübarizənin tərkib hissəsi idi:
“2019-cu ildə hakimiyyətin bütün qollarında aparılan genişmiqyaslı islahatlar bu sərəncamın təməli kimi dəyərləndirilə bilər. Çünki yalnız o halda qarşıya qoyulan hədəflərə nail ola bilərik. Korrupsiya beynəlxalq terror hadisəsi kimi şəbəkəli cinayətdir. Burada müxtəlif tərəflər və qüvvələr iştirak edir. Qanunvericilik sisteminin təkmil olması rüşvətlə mübarizəyə kifayət etmir. Müxtəlif institusional və kadr islahatları kimi tədbirlər görülməlidir ki, effektiv nəticə əldə olunsun. Korrupsiya cinayətini törədən şəxslər ən ağır cəzaya layiq görüldükdən sonra onların ətrafında müdafiə istehkamları qurulur. Həmin şəxslərin oğurladıqları vəsaitlərin müəyyən qismini öz müdafiələrinə yönəltdiyini bilirik. Bu mənada Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə həyata keçirilən islahatlar özlüyündə həm də korrupsiya ilə mübarizənin tərkib hissəsi idi”.

Z.Oruc bildirib ki, sərəncamın müddəaları müxtəlif hakimiyyət orqanları qarşısında mühüm vəzifələr qoyur:
“İndi ən kiçik satınalmalar, tenderlər və kotirovka soruğları əvvəlki illərlə xeyli fərqli müstəvidə aparılır. Vaxtilə satınlama prosesində gizlədilən xeyli cinayətlər var idi. Milli təhlükəsizlik orqanları, rabitə və digər strukturların çevrəsində yaradılan bir günlük saxta şirkətlər üzərindən külli miqdarda dövlət vəsaitləri talan edilirdi. Hakimiyyət orqanlarının üzərinə fərqli dairələrdən basqılar edilirdi. İndiki reallıqda yeddi icra hakimiyyəti rəhbəri, o cümlədən hökumət strukturlarında ali vəzifələrdə çalışanlar müxtəlif cəzalara layiq görülüb. Məhkəmə sahəsində də 2019-cu ildə islahatlar aparıldı, müxtəlif sərəncamlar imzalandı. Ölkə rəhbəri bütün görüşlərində bəyan edir ki, ictimai nəzarət və vətəndaşların bilavasitə Prezidentə müraciəti bu mübarizədə mühüm rol oynayır. İlham Əliyev dəfələrlə sahibkarlığa mane olan məmur kütləsindən danışarkən onların dövlətə zərbə vurduğunu bildirib. Kadr təyinatları dövlət başçısı tərəfindən şəffaf qaydada aparılır. Açıq demək lazımdır ki, İlham Əliyev ötən illər ərzində müxtəlif məmur acgözlüyünə və xəyanətinə məruz qalıb. Bu inkar olunmazdır. Bütün bunların fonunda yeni idarəçilik sistemi və kadr islahatı qarşıda dayanan ən önəmli məsələlərdən biridir. Sərəncamın müddəaları müxtəlif hakimiyyət orqanları qarşısında mühüm vəzifələr qoyur. Onların hər biri ilk növbədə hesabatlılıq, məsuliyyət və cavabdehlik ideyasına xidmət edir. İctimai rəy ölkə rəhbəri tərəfindən diqqətdə saxlanılır. Korrupsiya hüquqpozmalarında vacib strukturların, nazirliklərin dövlət qurumlarının fəaliyyəti ilə bağlı tədqiqatların aparılması tapşırıq olaraq verilib. Biz bu işi fəaliyyət proqramı çərçivəsində gerçəkləşdirəcəyik. İlham Əliyevin də dediyi kimi biz elə idarəçilik sistemi qurmalıyıq ki, vətəndaş ona güvənsin, inansın. Bu Prezidentin ən ali məramıdır və hamımız üçün ən vacib göstərişdir”.

Millət vəkili Elman Nəsirov bildirib ki, korrupsiya cinayəti bütün ölkələrdə var:
“Dünyanın elə bir dövləti yoxdur ki, orada korrupsiya əməli və korrupsiyaya görə ittihamlar, həbslər olmasın. Burada söhbət korrupsiyanın miqyasından gedir. Elə ölkələr var ki, orada korrupsiya halları geniş yayılıb və orada rüşvət üçün kifayət qədər münbit şərait var. Bəzi dövlətlər isə korrupsiya ilə səmərəli şəkildə mübarizə aparır. Buna misal olaraq, biz Sinqapurun adını çəkə bilərik. Lakin korrupsiya bəşəri bəladır. Əsas məsələ bu bəla ilə səmərəli mübarizəni təşkil etməkdir. Bu təkcə cəza tədbirlərini özündə ehtiva etmir. İctimai nəzarətin bu mübarizdə rolu çox önəmlidir. Hamımız bilirik ki, korrupsiya halları ilə mübarizdə Azərbaycan Prezidentinin barışmaz mövqeyi var. Dövlət başçısı faktiki olaraq korrupsiyaya müharibə elan edib. Hüquqi baza kifayət qədər var. Lakin sərt cəza mexnaizmlərindən tutmuş maarifləndirmə işlərinə və ictimai nəzarət kimi sistemli addımların atılmasına ehtiyac var. Prezident yüksək rütbəli dövlət məmurlarına hər zaman xalqa ləyaqətlə xidmət etməyi və rüşvətdən uzaq durmağı tapşırır. Son illərdə 8-ə yaxın icra başçısı həbs edilib. Bunlar digər məmurlara nümunə olmalıdır. Rüşvətin yolunu tutanlar papaqlarını qarşısına qoyub nəticə çıxarmalıdır. Çünki eyni aqibəti onlar da yaşaya bilər. Xalqımız da rüşvətə qarşı dövlət başçısının bu mübarizəsində ona dəstək olmalıdır”.

Oxşar xəbərlər