“Professor dedi ki, Bakıda satılan dərman alma!”   - Sağlamlıq niyə od qiymətinədir?
6-04-2022, 15:04
7 601

“Professor dedi ki, Bakıda satılan dərman alma!” - Sağlamlıq niyə od qiymətinədir?

Son illər dərman qiymətləri ən çox müzakirə edilən məsələlərdən biridir. Vətəndaşlar dərman qiymətlərindən demək olar ki, hər gün şikayətlənir, preparatların keyfiyyətsiz və bahalı olduğunu qeyd edirlər. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “aptek faciəsi”ni şəxsən yaşadığını deyib:
“Mən “aptek faciəsini” şəxsən yaşayanlardan biriyəm. Allah Məhəmməd Əmin Rəsulzadəyə rəhmət eləsin, demişdi ki, “Bir kərə qalxan bayraq bir daha enməz” amma o bunu bayraq üçün demişdi, qiymətlər üçün yox. 
Benzinin, qazın qiyməti qalxıbsa, qiymətləri də aşağı salsınlar. Mən ötən il xəstə olanda apteklərin qiymət siyasətini şəxsən gördüm. Pandemiyanın qızğın vaxtında insanları pandemiya yox, məhz apteklər öldürürdü. Mən konkret insanlar görmüşəm ki, dərmanı ala bilməyib aptekin qarşısında oturub ağlayır. Pulu olmayıb ki, həkimin yazdığı dərmanı ala bilsin, çünki 5 manatlıq dərman indi olub 10 manat”.
Kinorejissor bildirib ki, satılan dərmanların keyfiyyəti çox aşağıdır:
“Ən dəhşətlisi isə odur ki, apteklərdə satılan dərmanların keyfiyyəti yoxdur. Mən bu işlə maraqlanmışam, aptek “mafiyası” dərman aldığı ölkənin əczaçı sistemi ilə danışır və alacağı dərmanın komponentləri azaldılmış versiyasını alıb gətirirlər. Məsələn, “Analgin”in tərkibində 5 komponent varsa, onun 3 komponentlə hazırlanmışını alıb ölkəyə gətirirlər, amma həmin qiymətə satırlar. Bütün dərmanlar belədir, ona görə vətəndaşların çoxu dərmanları xaricdən alır. 
Məni müalicə edən bir neçə professor demişdi ki, “Biz səni o şərtlə müalicə edərik ki, Bakıdakı apteklərdə satılan dərmanları almayasan, təyin etdiyimiz dərmanları xaricdən gətirdəsən. Əks halda, ot-ələflə müalicə olun”. 
Bu, günümüzün faciəsidir. Bu da Rusiya-Ukrayna müharibəsi deyil ki, gücümüz çatmır deyək, bu Azərbaycanın daxilində olan məsələdir. Apteklərin rəhbəri kimdir ki, bu qədər toxunulmaz şəxsdir? Kimdir bu millətə qənim kəsilən? Apteklər xalqa qarşı ermənilərdən daha çox soyqırımı edir. Siz bəlkə də inanmırsınız, amma həqiqətən insanlar apteklərin qapısında oturub ağlayırlar. İnsanların satılan keyfiyyətsiz dərmanları belə almağa pulu yoxdur. 
Mən “peşəkar xəstə” kimi bu işdə səlahiyyətli olanlara müraciət edirəm, buna bir əncam çəkilməlidir. Mən ötən il dərmanlara 4700 manat xərc çəkmişdim. Hələ mənə Heydər Əliyev Fondu yardım etmişdi. Nə qədər ki, apteklər var, bu bəla davam edəcək. Bu gün Azərbaycan xalqının ermənilərdən sonra bir nömrəli problem onun tibbi və aptekləridir”. 
İqtisadçı Natiq Cəfərli qeyd edib ki, dərmanların baha satılmasının bir neçə səbəbi var:
“Əslində hazırda apteklərdə olan qiymətlər Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir. Lakin tənzimlənmə dərman preparatlarının molekullarına və istehsal ölkələrinə  görədir. Burada da başqa problem yaşanır: molekullar elan olunur, istehsal ölkələri üzrə tariflər müəyyənləşdirilir. Bu da həmin dərmanların ən ucuz və ən keyfiyyətsizinin ölkəyə gətirilməsinə rəvac verir. 
Ona görə də mən Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsini doğru saymıram. Bu əks effekt yaradır, dərmanların xaricdən daha ucuz, keyfiyyətsiz gətirilib burada baha qiymətə satılmasına səbəb olur. 
İkinci səbəb isə gömrük rüsumlarıdır. Ölkə daxilində istehsalı olmasa da, bizdə dərmanlara da gömrük rüsumu tətbiq edilir. Dərmanlara 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV (Əlavə dəyər vergisi) var. Biz isə idxaldan asılı olan ölkəyik, demək olar ki, dərman preparatlarının 94 faizini xarici ölkələrdən gətiririk. Bu özü də ciddi problemdir. Əgər dərmanlar xaricdən gətirilirsə, bu qədər yüksək gömrük rüsumu və ƏDV olmamalıdır”.
Onun sözlərinə görə, bazarda rəqabətin olmaması böyük şirkətlərin istədiyi qiyməti təyin etməsinə rəvac verir:
 
“Üçüncü səbəb isə rəqabətsizlik mühitidir. Bazarda böyük şirkətlər var ki, onlar bazara qiymətləri diqtə edirlər. Kiçik şirkətlərin bir çoxu sıradan çıxarıldı və bu da rəqabətsizlik mühitinin daha da genişlənməsinə səbəb oldu. Çıxış yolu rəqabət mühitinin artırılmasıdır. Bu qiymətlərin tənzimlənməsində mühüm rol oynayan amilə çevrilə bilər. Bundan başqa rüsum və vergilərə yenidən baxılmalıdır. Dərman preparatlarının cüzi vergi və rüsumla, bəzi hallarda isə ümumiyyətlə, ləğv edilərək (müvəqqəti də olsa) ölkəyə gətirilməsi qiymətlərin artımının qarşısını ala biləcək əsas amilə çevrilə bilər”.  

Oxşar xəbərlər