Brüsseldə Azərbaycan üçün mühüm razılaşmalar əldə olunub - Deputat detalları AÇIQLADI
7-04-2022, 15:46
7 308

Brüsseldə Azərbaycan üçün mühüm razılaşmalar əldə olunub - Deputat detalları AÇIQLADI

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib. Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb. O, Azərbaycan Prezidentinin, həm də Ermənistanın Baş nazirinin ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.
Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov hesab edir ki, bu görüşün keçirilməsi müsbət hadisədir:
“Bu görüş Şarl Mişelin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan siyasi liderlərinin sayca ikinci görüşüdür. Bundan bir qədər öncə yəni, keçən ilin dekabr ayının 15-də onlar bir dəfə də görüşmüşdülər və görünür ki, müharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsində Avropa İttifaqı öz fəal rolunu ortaya qoyur. Belə bir görüşün keçirilməsi şübhəsiz ki, olduqca müsbət hadisədir və regionda dayanıqlı sülhün və təhlükəsizlik mühitinin, sabitliyin formalaşması üçün konkret töhfə cəhdi, bu istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Təbii ki, istənilən görüş əldə edilmiş razılaşmalar baxımından əhəmiyyətlidir. 6 aprel tarixli Brüssel görüşünə bu prizmadan qiymət verdikdə, bir neçə vacib məqama diqqət ayırmağa dəyər. Birincisi bu görüş Azərbaycan üçün olduqca məqbul məsələ ilə yekunlaşıb. Bizim diplomatik uğurumuz kimi qiymətləndirilə bilər”.
Deputatın sözlərinə görə, ilk növbədə Azərbaycan tərəfinin Ermənistana bir müddət öncə təklif etdiyi məlum 5 baza prinsipi ətrafında danışıqlar gedir:
“Məhz həmin prinsiplərdən çıxış edərərk razılaşma əldə edilib ki, hər iki dövlətin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişinin hazırlanmasına başlasınlar. İndiyə qədər, Brüssel görüşünə qədər sülh sazişinin hazırlanmasına başlamaqla bağlı hər iki ölkənin xarici işlər nazirliinə tapşırıq verilməmişdi. İlk dəfə bu, Brüsseldə əldə edildi. Bunu xüsusi qeyd etmək lazımdır. Yəni artıq xarici işlər nazirləri bu istiqamətdə fəaliyyətə başlayacaqlar”.
Müsahibimizin fikrincə, bu görüşdə ölkəmiz üçün mühüm razılaşmalar əldə olunub:
“İkinci iki ölkənin arasında həllini gözləyən ən vacib problemlərdən biri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Brüssel görüşündə ilk dəfə razılaşma əldə edilib ki, aprel ayının sonuna qədər bu istiqamətdə bir sərhəd komissiyası formalaşdırılsın. Yəni artıq ümumi sözlərdən konkret əmələ keçirilib. Birgə komissiyanın da işi məhz bu istiqamətdə olacaq və vaxt da göstərilib aprel ayının sonuna qədər formalaşdırılsın. Eyni zamanda, iki dövlətin arasında nəqliyyat, kommunikasiya xətlərinin bərpası, işə salınması ilə bağlı da səylər dəstəklənib. Burada həm dəmiryol xəttindən, həm avtomobil nəqliyyatından söhbət gedir. Bu prosesə Avropa İttifaqının köməklik göstərməsi ilə bağlı da razılaşma var”.

Elman Nəsirov bildirdi ki, Avropa İttifaqı işğaldan azad olan ərazilərlə bağlı da rekonstruksiya, bərpa işlərində öz yardımını göstərmək niyyətini ortaya qoyub:
“Xüsusilə də bunu qeyd edim ki, Avropa İttifaqı öz üzərinə belə bir öhdəlik götürüb ki, minaların təmizlənməsi məsələsində və eyni zamanda Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi və onların dəfn olunma yerlərinin tapılması ilə bağlı məsələlərdir. Yəni bu kimi humanitar məsələlərdə də öz dəstəyini göstərəcəkdir. O baxımdan hesab edirəm ki, bu görüşü uğurlu görüş hesab etmək olar. Artıq müharibə dövrünün həllini gözləyən məsələlər ilə bağlı sözdə deyil, konkret əməli addımların atılması ilə bağlı yekun razılaşmalar var”.
Politoloq Avropa İttifaqı Şurasının prezidentinin dünənki görüşdən sonra jurnalistlərin sullarına verdiyi cavaba da diqqət çəkdi:
“Bu cavablardan da bir daha o fikir hasil oldu ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin bərpası, formalaşması ilə bağlı səylərini artırb. Bundan sonra da artıracaq və regionda davamlı, dayanıqlı, uzunmüddətli sülhün və təhlükəsizlik mühitinin və qarşılıqlı etimad şəraitinin yaradılması istiqamətində daha ciddi addımlar atmaq əzmindədir”.
Deputat qeyd etdi ki, sülh müqaviləsinin nə zaman imzalanmasının vaxtı bilinməsə də, bu razılığın əldə olunması böyük uğurdur.
“Brüssel görüşündən əldə edilmiş razılaşmaya əsasən xarici işlər nazirlərinə tapşırıq verilib ki, bu işə başlasınlar. Zamanı, dəqiq vaxtı ilə bağlı məsələləri söyləmək çətindir. Əsas odur ki, bu proses başlansın” - deyən Elman Nəsirovun sözlərinə görə, Brüssel danışıqları zamanı Ermənistanda müxalif qüvvələrin mitinqi baş verib:
“Həm də çətinlik müxtəlif subyektiv səbəblərlə bağlıdır. Brüsseldə Azərbaycan Ermənistan siyasi rəhbərlərinin görüşü zamanı erməni müxalifətinin, revanşistlərin Ermənistan paytaxtında böyük mitinqləri keçirildi. Hətta Paşinyanı Çauşeskunun taleyi gözləyəcəyi ilə hədələdilər. Ona və ailəsinə qarşı zorakılıq tətbiqi ilə bağlı hədələr səsləndi. Amma bir çox hallarda söylənilir ki, bunları təşkil edən Paşinyanın özüdür. Bu danışıqlar prosesində o, güzəştlərsiz olmayacağının fərqindədir. Amma belə mitinqlər təşkil etməklə də istəyir ki, beynəlxalq ictimai fikir formalaşsın ki, Ermənistan necə güzəştə getsin, Azərbaycanın konkret irəli sürdüyü tələblə necə razılaşsın ki, artıq onu və ailəsini təhdid edirlər, erməni xalqı və ictimaiyyəti bunun əleyhinədir və s. Bu kimi yanaşmalar da var. Bütün bu səbəblərdən sülh müqaviləsinin imzalanacağı konkret vaxtı söyləmək çətindir. Amma bu proses gedir. Bu prosesin qarşısının alınması mümkün deyil. Ermənistanın nicatı Azərbaycanla əməkdaşlıq münasibətlərindən, sülh müqaviləsi imzalanmasından keçir. Bunun əksi Ermənistan üçün fəlakətdir”.
Politoloqun fikrincə, sülh müqaviləsinin imzalanması həm Ermənistanın özü üçün, həm də Paşinyan üçün vacib və atılması lazım olan addımdır:
“Hesab edirəm ki, Ermənistanda da ağıllı insanlar var. Eyni zamanda, Paşinyan və onun komandasında da real situasiyanı qiymətləndirən praqmatik şəxslər var. Onlar çox gözəl bilirlər ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın iqtisadi, nəqliyyat blokada vəziyyətindən çıxması deməkdir. Bu, Türkiyə ilə əlaqələrin bərpası, sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası deməkdir. Türkiyə 84 milyon əhalisi olan böyük bir dövlətdir. Böyük iqtisadi bazarı və iqtisadi potensialı olan bir dövlətdir. Bütün bunları nəzərə aldıqda Ermənistan fərqindədir ki, belə bir sülh sazişinin imzalanması ilə onun iqtisadiyyatı da dirçələr, əhalisinin də güzəranı yaxşılaşar və bu gün erməni cəmiyyətində popular olmayan məğlub bir ölkə rəhbəri kimi qalan, tanınan Paşinyan bu addımları atmaqla, yəni Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməklə, iqtisadi əlaqələr qurmaqla, xalqının güzəranını yaxşılaşdırmaqla, hətta qısa zaman ərzində öz xalqının qəhrəmanına da çevrilə bilər. Bu gün o antiqəhrəmandır. Amma qəhrəmana da çevrilə bilər. Yolu isə bəllidir”.    

Oxşar xəbərlər