Qarabağda hansı atəşkəsin pozulmasından söhbət gedir?
18-04-2022, 15:37
7 032

Qarabağda hansı atəşkəsin pozulmasından söhbət gedir?

Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində atəşkəsi pozub. Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğu barədə verdiyi bəyanatdan sonra baş verən təxribatların səbəbi nədir?
Deputat Elman Nəsirov bildirib ki, Ermənistan siyasi rəhbərliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə pozitiv bəyanatlar verdiyi sirr deyil:
“Nikol Paşinyan müxtəlif kürsülərdən, xüsusilə Ermənistan parlamentində Qarabağın Azərbaycan ərazisi olduğunu dilinə gətirir. Hətta o qeyd edib ki, sülh imzalanmadığı təqdirdə yenidən müharibə ola bilər və biz buna hazır deyilik. Azərbaycan Prezidenti İlham Əliyev də bu ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə bildirdi ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi ilə bağlı müsbət mövqe ortaya qoyub və yubanmadan sülh müqaviləsinin imzalanmasına başlamalıyıq. Bütün bu reallıqlar fonunda, həm rəsmi Bakının, həm də İrəvanın konkret mövqe ortaya qoyduğu bir zamanda Ermənistan silahlı qüvvələrinin yenidən atəşkəsi pozması, intensiv olaraq fərqli təxribatlara əl atması təəccüb və təəssüf yaradır".
Onun sözlərinə görə, bundan əlavə baş verənlər sual doğurur: Hər kəs, ölkə rəhbərliyi sülhdən danışırsa, ona tabe olan silahlı qüvvələrin bu davranışı nə ilə izah oluna bilər? Deputat deyir ki, müxtəlif versiyalar yaranır: "Birinci versiya ondan ibarətdir ki, Paşinyanın  son bəyanatından sonra Ermənistan müxalifəti ayağa qalxıb, Paşinyanı devirmək kimi etiraz aksiyaları keçirilir. Belə olduğu halda, Ermənistan siyasi rəhbərliyi atəşkəsin pozulması kimi hallarla fon yaradır, ictimaiyyətin mövqeyini yumşaltmağa çalışır”.

Deputatın sözlərinə görə, ikinci versiya belə ola bilər ki, Paşinyan nə qədər silahlı qüvvələri müxalifətçi qüvvələrdən təmizləsə də, görünür, bu prosesi sona çatdıra bilməyib: “Demək ki, silahlı qüvvələrin tərkibində ən ali vəzifəlisindən sıravi əsgərinə qədər şəxslərin arasında köhnə hakimiyyətin qüvvəllərindən hələ də var. Onlar indiki hakimiyyətə sədaqətini nümayiş etdirsələr də, birinci imkan tapanda sədaqətsizliklərini isbat etməyə çalışırlar.
Mənə elə gəlir ki, çox mühüm prosses getməkdədir. Atəşkəsin pozulması da sülh sazişinin imzalanmasının qarşısını salmır. Sadəcə bir az vaxt uzana bilər”.
Deputat Sahib Alıyev isə Bakıvaxtı.az-a bildirib ki, Qarabağda hansı atəşkəsin pozulmasından söhbət gedir, anlaşılan deyil:
“Çünki orada münaqişə bitib. Münaqişə bitibsə, atəşkəsin pozulmasından yox, ancaq terrorçu, seperatçı ünsürlərin təxribatından söhbət gedə bilər. Mənim fikrimcə, bütün bunlar bir mərkəzin tapşırığı ilə edilir və məqsəd də burada Azərbaycanla Ermənistan arasında sülhün, normal qonşuluq münasibətlərinin yaranmasına, düşmənçiliyin aradan qaldırılmasına mane törətməkdir”.

S.Alıyev qeyd edib ki, Qarabağda terrorçu və seperatçı ünsürlər orada qanunsuz silahlı birləşmələr ləğv edilmədiyinə görə təxribata əl atırlar:
“Bu isə birbaşa Qarabağdakı müvəqqti Rusiya kontengentinin üzərinə götürdüyü öhdəlikdir. Əgər üçtərəfli Bəyanata əsasən, silahlı birləşmələri Qarabağdan çıxarsalar, heç bir təxribatdan söhbət gedə bilməyəcək.
Nə vaxt Qarabağdakı müvəqqəti Rusiya hərbi kontengenti öz üzərinə götürdüyü öhdəliyə layiqincə əməl etsə, bu cür insidentlər baş verməyəcək. Amma istənilən halda, belə təxribatların da uzun sürəcəyinə inanmıram. Azərbaycan Ordusu 44 günlük Vətən savaşında nə etdisə, ordakı seperatçı tör-töküntülərin ləğvi yönündə də edəcək”.

Oxşar xəbərlər