MİDA-nın mənzil satışına müdaxilə edənlər - haker, yoxsa...
19-04-2022, 12:45
1 511

MİDA-nın mənzil satışına müdaxilə edənlər - haker, yoxsa...

Hüquqşünas: “Tutulanları ən azı 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) keçirdiyi əməliyyat ictimaiyyətin diqqət mərkəzindədir. MİDA-nın martın 30-da Yasamal Yaşayış Kompleksində keçirdiyi güzəştli mənzil satışının həyata keçirilmə forması ortada cinayət əlaqəsi ehtimallarını yaratdı. Prosesi izləyən hər kəsdə 442 mənzilin internet üzərindən satışına kənar müdaxilənin olması, bu işdə mənzil satışını təşkil edən MİDA səlahiyyət sahiblərinin rolunun olmasına şübhələr yaratdı. Mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin “qeyri-şəffaf keçirildiyi” qənaətində idi. Onlardan bəziləri iddia edir ki, qurumun onlayn sisteminə vaxtında qoşulsalar da, çox qısa müddətdən - 6-7 saniyədən sonra satışa çıxarılan “442 mənzilin hamısının satıldığının” şahidi olublar.

Rəsmi məlumatlardan belə aydın olur ki, məsələ ictimailəşəndən sonra MİDA rəhbərliyi baş verənləri araşdırmaq üçün DTX-ya müraciət edib. Əməliyyat-istintaq tədbirləri şübhələrin, ehtimalların əbəs olmadığını ortaya qoydu.

DTX və MİDA-nın birgə araşdırması zamanı məlum oldu ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30 mart 2022-ci ildə güzəştlə satışı prosesinə kənar müdaxilə olub.

Mənzillərin satışı yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə ediblər. Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Elçin Elman oğlu Məmmədov, Ruslan Afiz oğlu Hacıyev, Firudin İlqar oğlu Hüseynov, Yunis İltimas oğlu Lətifzadə, Tərlan Tahir oğlu Abdullayev və Cavid Fəhrad oğlu Məmmədov digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıblar. 30 mart 2022-ci il tarixdə “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirməklə qanunsuz müdaxilə ediblər.

Bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar. Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmalar davam edir.

Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi də açıqlanıb.

Baş verənlər MİDA-nın yaradılması fəlsəfəsinə də ziddir. MİDA güzəştli şərtlər və vətəndaşların gəlirlərinə uyğun qiymətlə onların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə yaradılıb. Qurum 4 ildir ki, güzəştli mənzillərin satışı ilə məşğul olur. Onun satdığı mənzillərin qiyməti real bazar qiymətindən 2 dəfə ucuzdur. Buna görə də hər il mənzil seçimi ilə bağlı müraciətlər həddindən artıq olur. Bu səbəbdən martın 30-da Yasamalda yeləşən kompleks üçün ikinci satış mərhələsində bir mənzil uğrunda 20 nəfərin mübarizə aparması təəccüblü deyil.

MİDA-nın açıqladığı statistikaya görə, ilk mənzil seçiminin təsdiqlənmə vaxtı prosesin 7-ci saniyəsində baş tutub. Son mənzilin seçim təsdiqi isə 13 dəqiqə 28-ci saniyədə reallaşıb.

Klaviaturada bir dəqiqədə 40-50 söz yazmağı bacaran adamın mənzil seçimini ən azı 14-15 saniyədə həyata keçirməsi mümkündür. Lakin mənzil 6 və ya 7 saniyəyə seçilirsə, deməli, həmin adamlar hansısa haker proqramdan istifadə ediblər. Mənzil almaq arzusunda olanlar isə deyirlər ki, əgər son mənzil satış elan edildikdən 13 dəqiqə sonra seçilibsə, o zaman niyə 7 saniyədə mənzillərin hamısının satıldığı göstərilib və sistemdə digər mənzilləri seçmək mümkün olmayıb?

MİDA mətbuat katibi Diana Dadaşova “Yeni Müsavat”a deyib ki, hazırda araşdırmalar davam edir və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Belə iddialar var ki, MİDA-dan qanunsuz yolla mənzil alanlara agentliyin texniki işçiləri də kömək ediblər. Eyni zamanda mənzillərin alışı zamanı “uVision”, “Mousereader” kimi proqramlardan istifadə olunduğu, hətta bunun üçün “xüsusi mütəxəssis tutanlar”ın varlığı da qeyd olunur.

“MİDA bu sistemin demo (yoxlama, test) versiyasını hazırladığı üçün insanlar onun üzərində 1 ay əvvəlcədən məşq edib, zəruri məlumatları daxil etmə bacarığına sahib ola bilərlər. Lakin MİDA-nın yaydığı statistik rəqəmlərlə sosial mediada səslənən şikayətləri müqayisə edəndə, baxdım ki, 2-3-4 saniyə ərzində müdaxilə imkanı olan botlar (xüsusi proqram istifadəçiləri) həmin saniyələrdə sistemə girə bilməyiblər. Buradan belə qənaətə gəlirəm ki, böyük ehtimalla MİDA sistemə girən bəzi botların qarşısını ala bilib. Lakin digər saniyələrdə botların sistemə girib-girmədiyini bilmirik”- texnologiya üzrə mütəxəssis Osman Gündüz açıqlamışdı.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, DTX tərəfindən tutulan şəxslərin MİDA-nın kompüter sisteminə qanunsuz müdaxiləsi təsdiqlənsə, onları elan olunmuş ittiham üzrə 6 ilə qədər həbs cəzası gözləyir.
Hüquqşünas deyib ki, istintaq baş vermiş kibercinayətlə əlaqəli şəxslərin bir qisminin saxlanıldığını açıqlayıb. Yəni mümkündür ki, istintaqın gedişində MİDA-nın “Güzəştli mənzil” informasiya sisteminin təhlükəsiz işləməsinə cavabdeh mütəxəssislər də istintaqa cəlb edilsinlər: “Məlumat üçün bildirim ki, 273-cü maddə - Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə adlanır.

273.1. Kompüter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.2. Kompüter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompüter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

273.3.1. təkrar törədildikdə;

273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar

birlik (təşkilat) tərəfindən törədildikdə;

273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:

Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür.

Bu Məcəllənin 273.2-ci maddəsində “kompüter sisteminin işləməsinə ciddi maneə törədilməsi” kompüter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompüter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompüter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.

Göründüyü kimi, bu əməllər MİDA-nın “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaqla, yəni ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədilib. Bu isə o deməkdir ki, tutulanları ən azı 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.(“Yeni Müsavat”)

Oxşar xəbərlər