Dünyanın diqqəti yenidən Şuşaya yönəlir
21-04-2022, 11:02
2 792

Dünyanın diqqəti yenidən Şuşaya yönəlir

Azərbaycanın qədim diyarı olan Şuşa dünya azərbaycanlılarına qucaq açır. Diaspor nümayəndələri V qurultaylarını bu qədim şəhərimizdə keçirməyi qərara alıblar. Bu möhtəşəm tədbir “Şuşa ili” ilə bağlı tədbirlər planının növbəti mərhələsi olacaq. Konsert, festival və media-turların təşkili ilə yanaşı, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi də tədbirlər planında öz əksini tapıb… Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı Elman Nəsirovla söhbətimiz bu barədə oldu. O dedi:
Qarabağın tacı olan Şuşa xalqımız üçün əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi təklifini tarixi hadisə hesab edirəm. Son vaxtlar Şuşada keçirilmiş bir-birindən rəngarəng tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilib. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanması, Novruz şənliyi və digər beynəlxalq əhəmiyyətli tədbirlər maraqla qarşılanıb.
E.Nəsirov belə tədbirlərin iştirakçlarının ermənilərin törətdikləri vəhşiliklər, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə yaxından tanışlıq üçün əhəmiyyətli olduğunu bildirdi: “Bu il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantını xüsusi qeyd etmək istərdim. Respublikamızın yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin, o cümlədən təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxslərinin, həmçinin nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı tədbirin əhəmiyyətindən xəbər verirdi. Şuşa toplantısında əsas məqsəd Azərbaycan – BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmüharibə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır”.
Dünya Azərbaycanlılarının V Qurulta­yının Şuşada keçirilməsi belə əhəmiyyətli tədbirlərdən biri olacaq. Bu tədbir dünyanın nəzər-diqqətini yenidən Şuşaya cəlb edəcək. Şanlı Qələbəmizin bəhrəsi olan bu möhtəşəm tədbirin “Şuşa ili” ilə bağlı tədbirlər planının növbəti mərhələsi olduğunu vurğulayan E.Nəsirov tədbirdə, təxminən, 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakının gözlənildiyini bildirdi. Qeyd etdi ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qara­bağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin milli maraq­ları ətrafında sıx birliyindən söhbət açan E.Nəsirov onların təşkilatlanmasında ümum­milli lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirdi: “Ulu öndər 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncam imzaladı. Qurultay həmin il noyabrın 9–10-da keçirildi. Heydər Əliyev həmin tədbirdə geniş nitq söyləyərək, Azərbaycan dias­poru qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirdi. Təbii ki, o zaman Qarabağ probleminin həlli ölkə qarşısında, eləcə də diaspor təşkilatları üçün ən aktual vəzifə idi. Bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək, təşkilatlanması baxımından tarixi əhəmiyyət daşıyır”.
Ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı bu gün də dillər əzbəridir.
Deputat dedi ki, qurultaydan sonra – 2002-ci il iyulun 5-də Prezident Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Bütün fəaliyyəti ilə ulu öndərə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev diaspor quruculuğuna da xüsusi önəm verdi. Dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyu­lun 5–6-da üçüncü, 2016-cı il iyunun 3 – 4-də dördüncü qurultayları keçirildi.
Dövlət başçısının təşəbbüsü ilə 2003-cü ildən sonra Azərbaycan və türk diasporlarının birləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Məhz bu birləşmədən sonra iki qardaş xalqın diasporları daha da güclənməyə, dün­yada, xüsusilə, Qərb ölkələrində geniş yayıl­mış saxta və qondarma erməni təbliğatına ağır zərbələr vurmağa başlayıblar.
2008-ci il dekabrın 19-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Beləliklə, dövlətimizin uğurlu diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. Azərbaycan həqiqətlərinin dünyaya çat­dırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında xaricdə yaşayan həmvətənlərimizin xidmətləri xüsusi qeyd edilməlidir. Xüsusilə, Vətən müharibəsi dövründə xaricdə yaşayan həmvətənlərimiz təşkil etdikləri aksiyalarda erməni təcavüzü barədə yerli əhaliyə ətraflı məlumat vermiş, sentyabrın 27- də başlanan müharibənin Ermənistanın işğalçılq siyasətinin davamı ol­duğunu faktlarla sübut etmişlər. Ümumiyyətlə, diaspor quruculuğu məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
E.Nəsirov hazırda 500-ə yaxın diaspor təşkilatının mövcud olduğunu bildirdi. Möhtərəm Prezidentimizin diaspor təşkilatları qarşısında qoyduğu əsas vəzifələrdən biri də odur ki, yaşadığınız ölkələrdə siyasi amil olun. Həmin ölkələrin dəyərlərini qorumaq şərtilə azərbaycanlı olduğunuzu unutmayın, həqiqətlərin dünyaya çatdırlmasına dəstək verin.
Deputat Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsinin mühüm əhəmiyyət daşıdığını xatırladaraq bil­dirdi: “Artıq Diasporla İş üzrə Dövlət Komitəsi bütün hazırlıq prosesini yekunlaşdırıb. Ayrı-ayrı ölkələrdən gələn diaspor təşkilatları Şuşada toplanacaq. Şuşa türk dünyasının mədəniyyət paytaxtı seçilib. Qarabağın incisi olan Şuşada dünya ölkələrindən gələn azərbaycanılılar bir məclisdə cəmləşəcək.
Xaricdə yaşayan imkanlı iş adamlarının da Qarabağın bərpasına investisiya qoyması əhəmiyyətlidir. Unutmamalıyıq ki, Qarabağı öz daxili imkanlarımız hesabına bərpa edirik. Dünyada yaşayan diaspor fəalları, tanın­mış iş adamları bu prosesə öz töhfələrini verməlidirlər. Ümid edirəm ki, qurultayda müzakirə olunan məsələlər Qarabağın yenidən qurulmasına tanınmış iş adamlarının cəlbi ilə tarixə düşəcək. Unutmamalyıq ki, hamımızın bir Vətəni var – Azərbaycan. Bu qurultay həm də dünyaya bir daha nümayiş etdirəcək ki, Qarabağ Azərbaycandr!”

Oxşar xəbərlər