İnam Kərimovun DOSTYANA TALANI... - İLGİNC FAKTLAR
21-04-2022, 16:31
7 037

İnam Kərimovun DOSTYANA TALANI... - İLGİNC FAKTLAR

Bütün dünyada ərzaq qıtlığının yarana biləcəyinə dair həyacanlı xəbərlər gəlməkdədir. BMT ilin sonuna qədər 1 milyarddan çox insanın faktiki aclıqla üz-üzə qalacağını bəyan edib. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi dünyada narahatlıqları bir qədər də artırıb. 2 il davam edən pandemiya səbəbindən dünyada aqrar sektör üzrə tədarük azalıb. Tələb isə çoxalıb. Planetimizdə yaşayan insanların ərzaq buğdasına olan təlabatı 786 milyon ton olduğu halda 2021-ci ildə buğda tədarükü 726 milyon tona qədər azalıb. Dünyanın ən böyük buğda istehsalçılarından olan Rusiyaya qarşı sanksiyalar nəticəsində buğdanın 1 tona görə qiyməti bu ilin yanvar ayından 30 faizdən çox bahalaşaraq 312 dollardan 416 dollara qədər bahalaşıb. Ukrayna isə bu ilin yekunlarına görə taxıl və digər dənli bitkilərin tədarükünü və ixracatını həyata keçirə bilməyəcəyini bəyan edib. Bu da nəticə etibarilə dünyanın ərzaq buğdasına təlabatının artdığı bir zamanda ciddi azalma və qıtlıqla sonuçlanacağından xəbər verir.

Azərbaycanda isə aqrar sektörün inkişafına milyonlarla manat vəsait ayrılsa da nəticələr çox cüzidir. Rəsmi statistik məlumatlard aqrar sektörün inkişafı 4-7 faizi keçmir. Amma rəsmi qurumların açıqladığı rəqəmlərdə dövlət büdcəsindən ayrılan milyonlarla manatın mənimsənildiyi, dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənmədiyi məlum olur.

Məsələn bu gün Hesablama Palatası “Kənd təsərrüfatı rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin icrası zamanı ciddi nöqsanlar aşkarlayıb.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, bu layihə 2014-cü ildən icra olunmağa başlayıb. Kənnd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə həm Azərbaycan dövlət büdcəsindən, həm də Azərbaycan dövləti adına Dünya Bankından alınan kreditlər hesabına icra edilməyə başlayıb. Son iki ildə Hesablama palatasının apardığı audit yoxlamaları zamanı layihənin icra edilməsində ciddi qüsurlar ortaya çıxsa da icrası dayandırılmayıb. 2020, 2021 və 2022-ci illərdə rəsmi olaraq bu layihənin icrasının səmərəsiz olduğuna dair verilən rəsmi açıqlamalardan sonra da layihə icra etməyə davam edib.

İlk olaraq qeyd edək ki, layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarətdir.

“Kənd təsərrüfatı rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin direktoru Anar Əzimovdur.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, Anar Əzimov rəhbəri olduğu layihəsini Kənd Təsərrüfatı Nazirliyinin strukturlarında çox rahatlıqla “icra edir”. Məsələn bu nazirliyin tabeliyində olan Azərbaycan Dövlət Aqrar Universitetində seminarlar keçirilir. Və ya Əkinçilik İnstitunda tədbirlər planlanır. Məlumata əsasən Anar Əzimov nazir İnam Kərimovla yaxın dostdur deyə o çox rahatlıqla nazirliyin strukturlarında olan təşkilatlarda pul xərcləmədən “layihəsini icra edə bilir”.

Və rəsmi qurumların illərdir açıqladığı qüsurlara baxmayaraq layihənin maliyyələşdirilməsi dayandırılımır. Layihənin icra zamanı isə “xərclənən” vəsaitlərin həcmi isə milyonlarla manat həcmindədir. İndi isə Hesablama Palatasının açıqladığı 2020-ci ildəki auditin nəticələrinə diqqət edək:

Hesablama Palatası “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi mövzusunda keçirilmiş səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb. Auditin əhatəsi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin ümumi dəyəri 53,3 milyon ABŞ dolları təşkil edib ki, bunun da 34,5 milyon ABŞ dolları Dünya Bankının krediti, 18,8 milyon ABŞ dolları isə hökumətin payından ibarətdir.

Yəni bu 53 milyon manatın 34 milyonu da 18 milyonu da əslində dövlət büdcəsindən ayrılan vəsaitidir. Bir qismi dövlət zəmanəti ilə alınan kredit, digər qismi isə birbaşa büdcədən ayrılma hesabınadır.

Audit layihənin əvvəlindən (2014-cü il) 2020-ci il 31 dekabr tarixinədək olan dövrü əhatə edib. Əsas şərhlər layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət olub.

Əldə olunmuş nəticələr və əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində layihənin icrasında ləngimələrin baş verməsinə və bu səbəbdən icra müddətinin uzadılmasına gətirib çıxarıb.

Layihə çərçivəsində ölkədə iri və xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarı ilə xəstəliyin yayılma faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin nəzarətsiz qalması, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyin yayılma faizi artıb.

Belə ki, Azərbaycan hökumətinin iştirak payının nəzərdə tutulduğu həcmlərdə və müvafiq icra qrafikinə uyğun dövlət büdcəsindən ayrılmaması nəticəsində 2020-ci il 31 dekabr tarixinə layihənin müvafiq bank hesabında 11,1 milyon manat məbləğində vəsait qalığı formalaşıb. Qeyd edilməlidir ki, hökumət payı olaraq dövlət büdcəsindən layihənin müvafiq hesabına 10,2 milyon manat məbləğində sonuncu ödəniş 2020-ci il 20 mart tarixində həyata keçirilib.

Daha sonrakı ildə 2021-ci ilin oktyabr ayında da Hesablama Palatası bu layihə üzrə audit aparıb. Nəticələr 2020-ci ildən də pisləşmiş formada ortaya çıxarılıb.

“Hürriyyət” Hesablama Palatasına istinadən xəbər verir ki, palata Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi üzrə hədəflərə nail olunma səviyyəsinin müəyyən edilməsi və nəticəliyinin qiymətləndirilməsi məqsədi ilə audit keçirib.

Lakin, layihənin icrası müddətində kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrinə aid dövlət sektorunda əsaslı institusional islahatlar aparıldığından layihənin müddəti uzadılıb.

Zəruri qeyd: Yəni İnam Kərimov hökuməti inandıra bilib ki, həm qida təhlükəsizliyi, həm də kənd təsərrüfatında əsaslı islahatlar aparılır və layihənin müddəti uzadılmalıdır. Hansı ki, bir il əvvəl Hesablama Palatası bu layihənin hədəflərinə çatmadığına dair hesabat hazırlayaraq hökumətə təqdim edib. Yəni hətta islahatlar aparılırsa, o zaman niyə yeni mərhələdə uğğursuz olan layihə davam etdirilib?

2021-ci ildə aparılan audit nəticəsində məlum olub ki, Hesablama Palatası tərəfindən aparılan audit çərçivəsində aşağıdakılar müəyyən edilib:

"Əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində layihənin icra müddətinin uzadılması onun 2013-cü ildə təsdiq edilmiş qiymətləndirmə sənədində 4 illik müddət uçün müəyyən olunmuş hədəf göstəricilərinə vaxtında nail olunmasına və ümumilikdə layihə üzrə səmərəliliyə təsirini göstərib. Bu növ layihələrin layihələndirilməsi iqtisadi təhlilə əsaslandığı üçün beynəlxalq təcrübədə orta-müddətli (3-5 il) layihələr məqsədəuyğun hesab edilir. Auditlə əhatə olunmuş “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin icra müddəti faktiki olaraq 8 ili əhatə edib. Bu baxımdan, layihənin gözlənilən nəticəliliyini müəyyən etmək məqsədini daşıyan ilkin iqtisadi təhlildə tətbiq edilmiş yanaşmalar və ehtimallar əhəmiyyətini itirib".

Palata hesab edir ki, layihə çərçivəsində keçirilmiş tədbirlər nəticəsində qida təhlükəsizliyi üzrə ümumi nəticəlilik aşağı səviyyədə olub:

- Qida təhlükəsizliyi üzrə fəaliyyətlərin sistemli və yüksək əhatəlilik ilə həyata keçirilməsi üçün yetərli zəmin yaradıla bilməyib;

- Ölkədə idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılmasında nəticəliyin əldə olunmasında ləngimələr vardır;

- Layihə çərçivəsində hazırlanmış bitki sağlamlığı üzrə bakalavr dərəcəli tələbələrin kurikulumu ilə yanaşı, magistr və fəlsəfə doktorları üçün tədris planının hazırlanmasına baxmayaraq, ölkədə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislərin və laboratoriya infrastrukturunun olmaması səbəbindən onların tətbiqi mümkün olmayıb;

- Layihə çərçivəsində keçirilmiş tədbirlərin ölkədaxili heyvan sağlamlığına və baytarlıq xidmətlərinin inkişafına əhəmiyyətli dərəcədə təsiri olmayıb;

- Qida təhlükəsizliyinin təmin olunması üçün heyvanların identifikasiyası sisteminin, o cümlədən hər bir baş heyvanın və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənməsinə imkan yaradılması məqsədilə həyata keçirilən bəzi tədbirlər, o cümlədən, təsərrüfatların qeydiyyatı və heyvanların identifikasiyası sisteminin yaradılması üçün proqram təminatının hazırlanması və ölkədə heyvanların qeydiyyat sisteminin qurulmasına başlanılsa da, indentifikasiyası aparılmamış, bu isə eyni zamanda peyvəndləmə tədbirlərinin planlaması və icrasının daha dəqiq aparılması üçün əlverişli şərait yaratmamaqla əlavə büdcə xərclərinə tələbatı artırır;

Palatanın qənaətinə görə, layihə çərçivəsində həyata keçirilmiş tədbirlər toxum sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir etməyib:

- Keyfiyyəti və mənşəyi bilinməyən toxum məhsullarının bazar vasitəsilə dövriyyəsi son nəticədə istehlakçı hüquqlarının pozulmasına, istehlakçının keyfiyyətsiz toxumun istifadəsi üzrə aşağı məhsuldarlıq nəticəsilə üzləşdikdə isə iqtisadi səmərəsinə təsir etmiş olur.

Auditin nəticəsinə əsasən, müvəkkil banklar üçün kredit xətlərinin açılmasının nəticəliliyi aşağı səviyyədə olub:

- Layihə çərçivəsində kənd təsərrüfatı sahəsinin kreditləşməsində innovativ maliyyə dəstəyinin tətbiq olunmaması, həmçinin eyni təyinatlı kredit məhsulları üzrə təklifin alternativlərinin daha əlverişli olması bu istiqamət üzrə nəticəliliyə mənfi təsir edib. Ölkədə kənd təsərrüfatı sahəsinin güzəştli (layihədən daha aşağı faizlərlə) kreditlərlə maliyyələşdirilməsini həyata keçirən Sahibkarlığın İnkişaf Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kimi digər dövlət qurumları mövcuddur.

Palata hesab edir ki, həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb:

Hesab edilir ki, kənd təsərrüfatında sığorta sisteminin inkişafı baxımından həyata keçirilmiş tədbirlər nəticəli olmayıb. Kənd təsərrüfatında fermerlərin birləşməsi, kooperasiyalar, aqrobizness dəyər zəncirinin yaradılması formasında fəaliyyət göstərilməsi üçün təşkilatlanma prosesinin zəif və ya çox ləng getməsi eyni zamanda aqrar sığorta tədbirlərinin operativ həyata keçirilməsi risklərini yüksəltməklə, Sığorta Fondunun ehtiyyatlı davranmasını şərtləndirir. Bu isə öz növbəsində Fondun rentabelli fəaliyyət göstərməsini təmin etməməklə yanaşı, bu sahədə çox vacib olan sığorta proseslərini dinamik inkişaf etdirməsini ləngidir.

Auditin nəticəsinə görə, layihənin maliyyə idarəçiliyində, xüsusilə də nəzərdə tutulmuş dövlət büdcəsi vəsaitinin cəlb olunmasında görülmüş tədbirlər qənaətlilik və səmərəlilik baxımından qeyri-məqbul səviyyədə olub:

"Azərbaycan hökumətinin iştirak payının nəzərdə tutulduğu həcmlərdə və müvafiq icra qrafikinə uyğun dövlət büdcəsindən ayrılmaması nəticəsində 31 dekabr 2020-ci il tarixinə layihənin ABB-dəki hesabında 11 milyon 101 min 051,63 manat məbləğində vəsait qalığı formalaşıb. Qeyd edilməlidir ki, hökumət payı olaraq dövlət büdcəsindən layihənin Azərbaycan Beynəlxalq Bankındakı müvafiq hesabına 10,2 milyon manat məbləğində sonuncu ödəniş 20 mart 2020-ci il tarixində həyata keçirilib".

Göründüyü kimi layihənin icrasına başlanan müddətdən sonra maliyyə hesablaşmalarının aparılmasında ciddi şübhələr ortaya çıxır. Faktiki olaraq bu layihənin aqrar sektorun inkişifaında müsbət təsirliliyi mövcud olmayıb. Davamlılıq və əhatə miqyasına görə də layihəni uğurlu hesab etmək olmaz.

Bütün bunlardan sonra ortada bir qənaət qalır. İnam Kərimov aqrar sektorun inkişafından çox dostlarının “inkişafı” üçün çalışır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər