O, yüzlərlə Xocalı sakinini erməni girovluğundan xilas etmişdi...
22-04-2022, 15:26
7 589

O, yüzlərlə Xocalı sakinini erməni girovluğundan xilas etmişdi...

Bu gün yüzlərlə Xocalı sakinini erməni girovluğundan xilas edən, Ağdamla birlikdə məzarı da işğaldan azad edilən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ad günüdür.
Allahverdi Bağırov 22 aprel 1946-cı ildə Ağdamda anadan olub.
Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Uşaqlıqdan futbola böyük marağı olan gənc Allahverdi 1970-ci illərdə Ağdamı təmsil edən klubda da kapitanlıq edib. 1976-cı ildə o, həmin futbol klubuna baş məşqçi təyin olunub.
1988-ci ildə ermənilərin Qarabağda ərazi iddiaları kəskinləşən zaman Allahverdi Bağırovun Ağdamda ilk müdafiə dəstələrinin yaranmasında böyük rolu olur. Müstəqil Azərbaycan bayrağını Ağdamda ucaldan ilk şəxs də məhz A. Bağırov olub. 
Xatırladaq ki, Ağdamdakı ilk hərbi hissələr onun qardaşı Eldar Bağırovun komandanlığı altında yaradılıb. 760 nəfərdən ibarət 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə Taboru xalq arasında “Vətən oğulları” adlanırdı. 1991-ci ildə Eldar Bağırov Ali Sovetin iclasından qayıdan zaman öz evinin qarşısında qətlə yetirilir. Elə həmin gündən etibarən Allahverdi Bağırov ömrünün sonuna qədər saqqal saxlayır.
Sonralar o, qardaşının yaratdığı tabora rəhbərlik edir. 1992-ci ilin yanvarında bu tabor Xocalı rayonunun (keçmiş Əsgəran – red.) Naxçıvanlı (Naxçıvanik – red.) kəndində mövqe tutmuş bütün erməni yaraqlılarını məhv edir, vəmi 150 nəfər döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyir və Pircamal kəndindəki yüksəklikləri ələ keçirir. 2 saatlıq əməliyyat nəticəsində ələ keçirilən mövqelərdə erməni bayraqları Azərbaycan bayraqları ilə əvəz edilir.
1992-cı ilin 26 fevralında ermənilərin Xocalını işğal etməsi və azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımından sonra Allahverdi Bağırov yüzlərlə Xocalı sakinini erməni girovluğundan azad edə bilir. Məhz A. Bağırovun səyi nəticəsində jurnalist Çingiz Mustafayev faciənin görüntülərini lentə alır.
1992-ci ilin 12 iyununda Allahverdi Bağırovun başçılıq etdiyi tabor Aranzəmin döyüşləri zamanı ermənilərə xeyli itki verirlər. 1992-ci il iyunun 14-də Allahverdi Bağırov təcili Ağdama çağırılır. Naxçıvanlı kəndinə geri qayıdan zaman onun olduğu avtomobil minaya düşür. Maşında olan digər 3 nəfər sağ qalsa da, Allahverdi Bağırov şəhid olur. O, Ağdamın Şəhidlər Xiyabanında, qardaşı Eldar Bağırovun yanında dəfn olunur.
1993-cü ildə Ağdam işğal edilən zaman Allahveridi Bağırovun məzarı da işğal altına düşür. 2020-ci il 25 noyabrda Ağdamın işğaldan azad edilməsindən sonra isə Allahverdi Bağırovun məzarı da işğaldan qurtulur. Milli qəhrəmanın hərbçi qızları atalarının məzarını ziyarət ediblər. 27 il sonra Allahverdi Bağırovun məzarına Azərbaycan bayrağı çəkilib.
Doğum günün mübarək, əbədiyaşar Komandir!

Oxşar xəbərlər