Belə təxribatlar Ermənistan üçün mənfi nəticələr doğuracaq - DEPUTAT ŞƏRH ETDİ
25-04-2022, 10:18
2 045

Belə təxribatlar Ermənistan üçün mənfi nəticələr doğuracaq - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistanın təxribat-diversiya qrupu bugün növbəti dəfə Zəngilan istiqamətində Azərbaycan sərhədini keçməyə cəhd edib. Bu hadisə son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələyə ziddir". Bu sözləri SİA-açıqlamasında deputat Elman Nəsirov deyib

Onun sözlərinə görə, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə əldə olunmuş razılığa tamamilə əks olan bir hərəkətdir: "Bu razılığa əsasən hər iki dövlət sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması haqqında ortaq bir fikrə gəlmişdir. Hər iki dövlət sülh müqaviləsinin imzalanması ilə bağlı nazirlərə tapşırıqlar vermişdi. Bütün bu razılıqlar fonunda biz dəfələrlə olduğu kimi ermənilər tərəfindən təxribatların şahidi olduq".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bugünkü gündə Ermənistanda radikal müxalif dairələr, revanşist qüvvələr sülh prosesinə mane olmağa çalışırlar: "Hesab edirəm ki, aprel ayının 25-dən Ermənistan küçələrində xalqı itaətsizliyə çağıran müxalifət dairələr bu prosesdə yaxından iştirak edirlər. Bu hadisələr Nikol Paşinyanın daxili prosesləri sakitləşdirmək üçün belə təxribatların baş verməsinə yaşıl işıq yandırdığını istisna etmir. İndiki şəraitdə həm müxalifət, həm də iqtidarın ortaq mövqedə çıxış etmək ehtimalı da mümkündür. Hər halda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xəbərdarlığını Ermənistan siyasi rəhbərliyi unutmamalıdır. İlham Əliyev Şuşadan bütün Ermənistan xalqına bəyan etdi ki, revanşistlər ağıllarını başına yığmalıdır. Onlar unutmamalıdır ki, Azərbaycan ordusu erməni qoşununu darmadağın edib. Belə bir dövlətin Azərbaycana qarşı təxribat hərəkətləri onun üçün mənfi nəticələr ortaya çıxara bilər".

Oxşar xəbərlər