Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTO
27-04-2022, 15:44
6 874

Məsciddə şəhid gizirin yerində qardaşı xidmətçi oldu - FOTO

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən biri də Rüfət Füzuli oğlu Əliyevdir. Qəhrəman hərbçimiz 7 noyabr 2020-ci il Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhid Rüfət Əliyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri olub. Maraqlıdır ki, Rüfət Əliyev hərbidən kənar boş vaxtlarda məsciddə xidmətçi kimi də fəaliyyət göstərib.
Müqqəddəs günlərdə "Məşhədi Dadaş" məscidində insanların daim xidmətində olan şəhid hərbçimizin həmişəki yeri ötən gün təşkil edilən Qədr gecəsi mərasimində də boş qalmayıb. Belə ki, şəhid Rüfət Əliyevin xidmətçi yerini bu dəfə onun doğma qardaşı doldurub.
Görüntünü məscidin digər xidmətçisi olan Ceyhun Hacıyev sosial şəbəkədə paylaşdıqdan sonra istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli orta məktəbi bitirən Rüfət 2010-2014-cü illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

Öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənd istiqamətində şəhid olmuşdur. Bakıda dəfn olunub.

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra “Döyüşdə fərqlənməyə görə” medalı və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxşar xəbərlər