Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib - DEPUTAT ŞƏRH ETDİ
28-04-2022, 14:36
36 413

Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib - DEPUTAT ŞƏRH ETDİ

"Azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Bu qurultay Zəfər Qurultayı adlandırıldı. Çünki ilk dəfədir ki, bu tədbir işğaldan azad olunan torpağımızda, azad Şuşa şəhərində reallaşdırılır". Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, həmin qurultayda ölkə Prezidenti cənab İlham Əliyev çox dərin məzmunlu nitq söyləyib: "Dövlət başçısı diqqəti ona cəlb etdi ki, hələ 2001-ci ildə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib və bu qurultayda Ulu Öndər Heydər Əliyev böyük inam hissi ilə vurğulayıb ki, ərazi bütövlüyümüz mütləq bərpa olunacaq, mütləq torpaqlarımız işğaldan azad olunacaq. Bu gün isə, Ulu Öndərin davamçıları olaraq, biz torpaqlarımızı işğaldan azad etmişik, münaqişəyə son qoymuşuq, tarixi ədaləti və milli ləyaqəti bərpa etməyi bacarmışıq!
Cənab Prezident bu çıxışında xüsusilə vurğulayıb ki, bizim qarşımızda iki mühüm məsələ dayanırdı. İlk növbədə tarixi qələbəmizi, zəfərimizi beynəlxalq müstəvidə qəbul etdirmək, eyni zamanda işğaldan azad olunan torpaqlarımızın bərpası və yenidənqurma işini həyata keçirmək. Bununla bağlı cənab Prezident onu da qeyd etdi ki, artıq beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın tarixi zəfərini qəbul edirlər. BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar birmənalı şəkildə Azərbaycan ərazi bütövlüyünü, yeni tarixi reallıqları qəbul edirlər. Bütün qonşu dövlətlər də bu həqiqəti təsdiqləyirlər və artıq 3+3 formatında da ciddi əməkdaşlıq prosesinin əsası qoyulub".
Deputat bildirib ki, ölkə başcısı çıxışında dünya azərbaycanlılarına da müraciət edib: "Bildirib ki, diaspor quruculuğu prosesi sürətlə inkişaf edir və bizim diaspor təşkilatlarımız yaşadığı ölkələrdə vəzivələrini ləyaqətlə yerinə yetirirlər. Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib. Onlar Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrdə çıxışları, məqalələri, fikirləri ilə açıq şəkildə ifadə ediblər dünyada yayılması prosesinə ciddi təsir ediblər.
Yeni tarixi şəraitdə, postmüharibə dövründə həllini gözləyən məsələlər də var. Bu məsələlərin sürətlə tənzimlənməsi üçün, təbii ki, dünyada yaşayan azərbaycanlıların da töhfə vermə potensialı böyükdür. Biz inanırıq ki, bu qurultay çərçivəsində irəli sürülən yeni vəzifələrin həyata keçirilməsində bizim diasporlarımızın da çox böyük köməyi, dəstəyi olacaq. Çünki hamımızın bir Vətəni var, o da AZƏRBAYCANDIR!".

Oxşar xəbərlər