Mayın 1-dən maska tələbi ləğv edilir: Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır?
3-05-2022, 10:25
1 784

Mayın 1-dən maska tələbi ləğv edilir: Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır?

Dünyanın əksər ölkələrində pandemiya qadağaları aradan qaldırılıb.
Yumşaldılmalar sırasında ölkələrin həm hava, həm quru sərhədlərinin açılması da yer alıb.Qonşu dövlətlərdən Rusiya, Gürcüstan, Türkiyə quru sərhədləri açsa da, Azərbaycan nədənsə bu barədə qərarı ləngidir.Artıq sabah, yəni may ayının birindən ölkəmizdə qapalı məkanlarda tibbi maska taxmaq tələbi də ləğv edilir.
Eyni zamanda, son iki ayda koronavirusa yeni yoluxma sayında kəskin azalma müşahidə edilir.
Belə olduqda, bəs quru sərhədlərin qapalı qalmasına səbəb nədir?
Ölkəyə gəlmək və ölkədən getmək istəyənlər quru sərhədlərin qapalı qalması səbəbindən ya hava nəqliyyatından istifadə edirlər, ya da bütün planları təxirə salmalı olurlar.
Qeyd edək ki, ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmalarından 635 109,8 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 85% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 343 383,1 min manat təşkil edib.
Statistikada göstərilən rəqəm artımı quru sərhədlərin uzun müddət qapalı qalmasının nəticəsidir. Belə çıxır ki, quru sərhədlərin qapalı qalması müəyyən maraqlara xidmət edir.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Elman Nəsirov bildirib ki, karantin rejiminin ləğv gündəmdədir:

"Bütün dünya postpandemiya dövrünə keçidə hazırlaşır. Karantin rejiminin kəskin yumşaldılması və ləğvindən söhbət gedir. Bu baxımdan, Azərbaycan istisna təşkil etmir. Ölkəmizdə iyul ayının 1-dək karantin rejimi saxlanılır. Demək olar ki, əksər məhdudiyyətlər aradan qaldırılıb. Mayın 1-dən də qapalı məkanlarda tibbi maska taxılması da məcburi olmayacaq. İnsanları postpandemiya dövrünə keçiddə quru sərhədlər məsələsinin necə həllini tapacağı maraqlandırır".
Milli məclisin üzvü Azərbaycanın bu məsələ barədə addım atacağını bildirib:
"Artıq dünya ölkələrində bu proses müsbət həllini tapmaqdadır. Artıq Avropa İttifaqı ölkələrindən Rumıniya və Polşa sərhədlərini açıb. Digər ölkələrin də bu istiqamətdə addım atdıqları bildirilir.
Məsələyə bu kontekstdən yanaşsaq, yaxın vaxtlarda Azərbaycanın da analoji addım atacağını söyləmək olar. Amma dəqiq vaxt deyə bilmərəm. Məndə olan məlumata görə, postpandemiya keçid dövrü reallıqları fonunda quru sərhədlərin açılması da gündəmdə dayanan məsələlər sırasındadır. Bir az gözləmək lazımdır. Prinsip etibarilə bütün məhdudiyyətlərin tam aradan qaldırılması yaxın perspektiv məsələlər kimi nəzərdən keçirilir".

Oxşar xəbərlər