"İlham Əliyev konfrans çərçivəsində olduqca mühüm məsələlərə toxunub" - Elman Nəsirov
3-05-2022, 14:11
7 923

"İlham Əliyev konfrans çərçivəsində olduqca mühüm məsələlərə toxunub" - Elman Nəsirov

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib və konfrans çərçivəsində ona ünvanlanan çoxsaylı sualları cavablandırarkən olduqca mühüm məsələlərə toxunub".
Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
"İlham Əliyev konfrans çərçivəsində olduqca mühüm məsələlərə toxunub" - Elman Nəsirov
O bildirib ki, bu məsələlər həm müharibə, həm də postmüharibə dövrününün reallıqlarını özündə əks etdirir:
"Həmin məsələlərin içində biri də Birləşmiş Krallığı enerji təhlükəsizliyi üzrə təmsil edən ekspert Con Robertsin verdiyi sual ilə bağlıdır. O, yeni reallıqlar fonunda enerji təhlükəsizliyi məsələlərinə diqqəti cəlb edib və bu konteksdə Ermənistan və Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələlərinə toxunulub.
Ölkə başcımız suala cavabında Qarabağda elektrik stansiyaları inşaa etdiyimizi vurğulayıb. Artıq 2021-ci ildə 20 MVt-lıq yeni stansiya inşa edilib. Bu il isə 25 MVt-lıq elektrik stansiyası istifadəyə veriləcək.
Eyni zamanda, cənab Prezident vurğulayıb ki, bütün Qarabağ Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib.
İlham Əliyev qeyd edib ki, biz bu addımları çox mürəkkəb relyef şəraitində atırıq. Məsələn, bəzi hallarda həmin elektrik xətləri ilin 6 ayı qarlı olan 3500 metrlik dağlar üzərində salınır.
Cənab Prezident vurğulayıb ki, hazırda biz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə enerji nəql etmirik.
Xankəndinin qazla təminatı ilə bağlı verilən suala gəldikdə, Prezident vurğulayıb ki, Ermənistandan Xankəndinə gedən qaz xətti nəzarətimizdə olan ərazidən keçir. Bu yaxınlarda da qəza səbəbilə bir neçə gün qazın nəqlində fasilə yaranıb, lakin azərbaycanlı mütəxəssislər qısa zaman ərzində həmin problemi həll ediblər.
Bu kontekstdə cənab Prezident digər vacib məsələyə də diqqəti cəlb edərək, vurğulayıb ki, Birinci Qarabağ müharibəsində ermənilər Azərbaycanın əsas ərazisindən Naxcıvana gedən qaz xəttini kəsmişdilər və nəticədə 15 il ərzində Naxcıvanın 400 min əhalisi təbii qazsız qalmışdı. Yalnız 17 il öncə Azərbaycanın İranla razılaşması əsasında oraya qaz kəməri çəkilib. Ölkə başcımız qış mövsümündə, temperaturun -30 dərəcədən aşağı olan Naxcıvanda humanitar fəlakətin baş verməsinin heç kimi maraqlandırmadığına, heç bir dünya dövlətinin, heç bir beynəlxalq təşkilatın reaksiya verməməsinə etirazını bildirib. Prezident vurğulayıb ki, bunun müqabilində, Ermənistandan Xankəndinə gedən qaz kəmərində bir neçə günlük fasilənin yaranması Azərbaycanın guya Ermənistana qarşı humanitar fəlakət törətməsi kimi qiymətləndirilir. Bu məsələdə bizi ittiham edirlər. Bu, ikili standartlardır, ədalətsiz mövqedir və məsələyə belə yanaşma tərzi bir çox hallarda münaqişələrin vaxtında həll olunmamasına səbəb olur.
Cənab Prezident bir daha vurğulayıb ki, bizim işimiz haqq işidir, biz beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətik və eyni yanaşmanı özümüzə münasibətdə tələb edirik!"

Oxşar xəbərlər