Deputat: “Bu susqunluğun kökündə ədalətsizlik və ikili standartlar dayanır”
4-05-2022, 12:46
1 568

Deputat: “Bu susqunluğun kökündə ədalətsizlik və ikili standartlar dayanır”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib, konfrans çərçivəsində post-münaqişə dövrünün bir sıra mühüm məsələlərinə diqqət çəkib, olduqca vacib tezisləri ictimaiyyətin diqqətinə çatdırıb. Görüş çərçivəsində qaldırılan vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə bağlı olub. Bu kontekstdə vurğulanıb ki, Ermənistan dövləti müharibə başa çatdıqdan sonra Kəlbəcərdən etnik ermənilərin çıxarılması zamanı 10 günlük möhlət istəyib və Azərbaycan da humanizm prinsiplərindən çıxış edərək buna razılıq verib, lakin həmin 10 gün müddətində Kəlbəcərin əraziləri minalanmağa başlanılıb. Bu, qəbuledilməzdir”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat qeyd edib ki, konfransda ABŞ Konqresinin Qarabağın minalardan təmizlənməsi üçün hər il müəyyən qədər vəsait ayırdığı qeyd edilib: “Deyəsən, həmin vəsaitlər əksinə, ərazilərin minalanmasına sərf edilib. Bu, həqiqətdir. Prezident İlham Əliyev də məsələ ilə bağlı mövqeyini növbəti dəfə açıqladı və bildirdi ki, müharibədən sonra 200-dən çox hərbçi və mülki vətəndaş minaya düşərək həlak olub, ya da yaralanıb. Eyni zamanda, Prezident vurğuladı ki, minalardan təmizlənmə prosesi çox vaxt və ciddi vəsait tələb edən işdir. Qardaş Türkiyədən olan mütəxəssislər bu sahədə bizə köməklik göstərsələr də, daha böyük həcmdə əməkdaşlığa ehtiyac olduğu aydındır. Bütün bunlara baxmayaraq, Azərbaycan ərazilərini həm işğal, həm də işğaldan sonrakı dövrdə minalayan Ermənistana heç bir dövlət və beynəlxalq təşkilat irad bildirməyib. Həmçinin, minalardan təmizlənmə prosesində heç bir beynəlxalq təşkilatdan Azərbaycana dəstək verilməyib. Prezident haqlı olaraq qeyd etdi ki, necə olur Avropa İttifaqı Ermənistana 2.6 milyard avro, amma Azərbaycana 140-160 milyon civarında yardım paketi təqdim edir?! Yəni, Azərbaycan dövləti buna ən yüksək səviyyədə etirazını bildirir. Bizim mövqeyimiz haqlıdır, necə olur ki Ermənistanda bir evə belə ziyan dəymədiyi, lakin Azərbaycanın işğal altındakı torpaqları tamamilə yerlə-yeksan edildiyi halda bizə ayrılan vəsait Ermənistana ayrılandan dəfələrlə az olur?! Şükürlər olsun ki, bu mənada etirazlarımız nəticəsini göstərib və oxşar yanaşma Azərbaycana da tətbiq edilib. Onu da qeyd etmək lazımdır ki, Ermənistana ayrılan həmin vəsaitin böyük əksəriyyəti kredit şəklində deyil, qrant kimi verilib. Bu, son dərəcə ciddi ədalətsizlikdir. Cənab Prezident, həmçinin, ona da diqqəti çəkdi ki, Avropa İttifaqının Prezidenti Şarl Mişel sonuncu görüş zamanı ölkəmizə 5 milyon avro vəsait ayrılacağını bildirib. Prezident isə qeyd edib ki, bu, böyükhəcmli vəsait deyil. Nəzərə almaq lazımdır ki, minalanmış ərazilər o qədər çoxdur ki, həmin vəsait kifayət etmir. Eyni zamanda, Prezident İlham Əliyevin sözlərinə görə, minalanmış ərazilərin təmizlənməsi ilə məşğul olan beynəlxalq QHT-lər, bu istiqamətdə fəaliyyət göstərən fondlar üzləşdiyimiz problemə diqqət yetirməlidirlər. Bu susqunluğun kökündə, əlbəttə ki, ədalətsizlik və ikili standartlar siyasəti dayanır”.

Oxşar xəbərlər