Heydər Əliyev Azərbaycan xalqının əzəmətinin simvoludur
10-05-2022, 16:01
7 196

Heydər Əliyev Azərbaycan xalqının əzəmətinin simvoludur

Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət qədər böyükdür. Burada digər həqiqət ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, heç də həlledici deyildir. Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur.
Azərbaycanın çağdaş tarixində bu fenomen Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.
Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzu­nömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.
O, ölkə həyatının bütün sahələrində quruculuğun, davam­lı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qu­rulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hü­quqi və demokratik dövlət quruculu­ğu məhz onun adı ilə bağlıdır.
Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyuduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: “Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur”. O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, “asayişə hə, xaosa yox dedi”. Fransızlar dövlətçilik qarşısın­da bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar.
Ümummilli lider Heydər Əliyev də 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyaraq, ilk növbədə, Azərbaycanı perma­nent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.
Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşqun yüksəliş illəri “Milli intibah dövrü” kimi xarakterizə olunur. Bu dövrün hər iki mərhələsi (1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, zəmanəmizin dühasının xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardır. Təkcə bir faktı qeyd edək ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatına 32 milyard rubldan çox kapital qoyulmuşdu ki, bu göstərici 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yatırı­lan investisiyadan 2,3 dəfə çox idi. Azərbaycan həmin illərdə 65 ölkəyə 350 adda məhsullar ixrac edən sənaye respublikası kimi özünü təsdiqləmişdi.
Heydər Əliyev 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini icra etdiyi müddətdə də öz doğma respublika­sının vəziyəti ilə daim maraqlanmış, ona xüsusi diqqət və qayğı göstərmişdir. Bu dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilən irimiqyaslı sərmayələr, xüsusilə neft və neft-kimya sənayesi, kənd təsərrüfatı və emaledici sənaye sahələrinin sürətli inkişafı, tikilib istifadəyə verilən yüzlərcə istehsal müəssisələri, ictimai-mədəni və sosial obyektlər, hazırlanan yüksək ixtisaslı kadr­lar, açılan yeni iş yerləri və s. bu münasibətin əyani sübutudur.
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun qatı ermənipərəst mövqedə dayanma­sı və bu xüsusda Heydər Əliyev şəxsiyyətinə münasibətdə qərəzli və qisqanc davranışı 1987-ci il 21 okt­yabr tarixində bu nadir şəxsiyyətin tutduğu vəzifədən istefa verməsinə səbəb oldu.
1990-cı ilin 20 iyul tarixində Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana qayıdan Heydər Əliyev, sözün həqiqi mənasında, bu qədim Azərbaycan torpağını erməni işğalından hifz edə bildi. Qədirbilən Naxçıvan əhalisi bir yumruq kimi ulu öndərin ətrafında birləşdi. Bu birlik sayəsində Naxçıvan şəhəri Azərbaycanın qurtuluşuna gedən tarixi proseslərin mərkəzinə çev­rildi. 1990-cı il 17 noyabr tarixində Heydər Əliyevin sədrliyi ilə Nax­çıvan parlamentinin sessiyasında Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü. “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz olundu. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqləndi. Dövlət gerbi haqqında qərar qəbul edildi ki, məsələ araşdı­rılsın və konkret təkliflər Ali Məclisin müzakirəsinə verilsin. Eyni zaman­da AXC-nin üçrəngli dövlət bayrağı­nın bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi və digər dövlət atributlarının bərpası məsələsinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Soveti qarşısında qaldırılması haqqında qərar qəbul edildi.
Nəticədə 1991-ci il fevralın 5-də ulu öndər Heydər Əliyevin tarixi təşəbbüsü reallaşdı. Belə ki, həmin gün Azərbaycan Respublikasının Ali Sovetinin sessiyası “Azərbaycan SSR” adının “Azərbaycan Res­publikası” adlandırılması, AXC-nin bayrağının Dövlət Bayrağı kimi təsis edilməsi haqqında qərar verdi.
1991-ci il 17 mart tarixində SSRİ-nin saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Bu addımı ilə zəmanəmizin dühası olan Heydər Əliyev növbəti tarixi uzaqgörənliyə imza atdı, böyük qorxmazlıq və cəsarət nümunəsi sərgiləmiş oldu.
Eyni cəsarət, prinsipiallıq və vətənsevərliyi ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsinə münasibətdə bir daha nümayiş etdirdi. Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı nümayandəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı açıq ittihamlarla çıxış etdi. Qətliama görə birbaşa məsuliyyət daşıyan SSRİ və Azərbaycan rəhbərliyini ifşa etdi.
Beləliklə, 20 Yanvar faciəsində qanlı təcavüzə məruz qalmış Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıran yeganə şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Məhz xalqımıza qarşı bu amansız hərbi təcavüz cinayətinə cavab olaraq Heydər Əliyev Sovet İttifaqı Kommunust Partiyasının sıralarını tərk etdi. 1991-ci il iyulun 19-da Heydər Əliyev partiya sıralarından çıxmaq barədə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciət etməklə bu addımı rəsmiləşdirdi.
Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, de­mokratiyanın inkişafı, insan hü­quq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakte­rik cəhətlərindəndir.
Ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Soveti­nin sədri vəzifəsinə seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elita­sında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteq­rasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən plan­ları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat–AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və xarici siyasət kursu Rusi­yanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaş­masında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.
Prezident Ilham Əliiyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.
Müsavat–AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşmişdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşmüş­dü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardım­dan məhrum edən “907-ci əlavə”ni qəbul etmişdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlü­yümüzün növbəti dəfə pozulması idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hü­seynova məxsus hərbi hissənin dövlət çevrilişinə cəhd etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174 faiz, 1993-cü ildə isə 1080 faizə çatmışdı. 1993-cü ildə ÜDM 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi. Bu məqamda Prezident İlham Əliyevin həmin dövrü tam xarakterizə edən fikirlərinə diqqəti cəlb etmək yerinə düşər: “1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi... 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.”
Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdı­şından sonra hədəfinə çevrildiyi­miz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prose­sin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublika­mızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaq­lardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiya­sını yerinə yetirdi.
Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerika­lılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız dördünə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, ameri­kalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparma­larının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarlarıdırlar.
Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Məhz onun təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edil­miş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşma­sı prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə hüquqi müdafiəsi təmin edildi, çoxpartiya­lı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qa­nunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sis­temi, yeni məhkəmə korpusu yara­dıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insana am­nistiya tətbiq edildi və böyük sayda məhkum əfv olundu, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.
Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümum­milli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində uni­kal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-pre­zidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xa­nım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xal­qının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yar­dımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Meh­riban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” ka­nalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyük­dür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadı­nı doğrultmalıyam.”
1993-cü ildən etibarən ümum­milli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
Dayanıqlı və dinamik inkişaf tempinə əsaslanan bu modeli 3 mühüm parametrlə xarakterizə etmək olar: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin-müstəqil milli iqtisadiy­yatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasının təmin olunması.
Məhz ulu öndərin siyasi iradəsi və səriştəli rəhbərliyi altında Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiq­yaslı konsepsiya və proqram­lar- ''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublika­sında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respub­likasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inki­şafına dair Dövlət Proqramı" qəbul olunmuş və uğurla həyata keçiril­mişdir.
Güclü dövlət ideyasına sadiq qalan Heydər Əliyev ilk öncə sosial problemlərin həlli sahəsində dövlətin aparıcı rolunun artırılmasına xüsusi diqqət yetirdi. Belə ki, 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqın­da“ və “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqın­da” 1994-cü il 24 oktyabr tarixli Fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm hüquqi-normativ baza yaratdı. Ayrı-ayrı kateqoriya üzrə şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif qanunlar-“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çer­nobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statu­su və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. hüquqi sənədlər qəbul edildi. Nəticədə şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin, qaçqın və məcburi köçkünlərin, veteranların sosial təminatı daha da gücləndirildi.
Daxili siyasi sabitlik və iqti­sadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyası­nı müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prio­ritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi.
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avro­panın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyu­nun 6-da regionun və Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağı­nın işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qaz­dan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bun­lardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regi­onal, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir.
Təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz ehtiyatı 1,2 trln. kubmetr təşkil edir. Təxminən, Ümid” yatağında 200 milyard kubmetr, “Babək” yatağında 400 milyard kubmetr, “Abşeron” blokun­da aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ildə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaş­masına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılma­sı istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tap­dı. “Şahdəniz-2” layihəsinə inves­tisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qars­da TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Həmin ilin 31 dekabr tarixində Azərbaycan qazının birbaşa olaraq Avropa baza­rına çıxışı tam təmin olundu.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birin­cisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni bura­da uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının me­marı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataq­ların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam et­dirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoru­na çevrilmişdir.
Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin doğum gününü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasın­dan “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, –qiymətini alan Pre­zident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü or­dusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir
Məhz Ali Baş Komandanımı­zın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında mo­nolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edt­mişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubad­lımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovu­şanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.
Bu məqamda Rusiyanın ta­nınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.” Əlavə şərhə ehtiyac yoxdur.
Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın xilaskar Ali Baş Komandanımız! Yaşasın müzəffər ordumuz! Yaşasın qalib xalqımız!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elman NƏSİROV,
Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Oxşar xəbərlər