Deputat: “Bakının mərkəzindəki aksiyada ədəbsiz şüar onların mahiyyətini ifadə edir”
14-05-2022, 17:53
15 379

Deputat: “Bakının mərkəzindəki aksiyada ədəbsiz şüar onların mahiyyətini ifadə edir”

“Bir qrup gənc Bakının mərkəzində aksiya keçirib. Aksiyanın keçirilməsi ilə bağlı məlumatlar bir neçə gün idi ki, yayılırdı. Bu təbliğat işində ABŞ-ın “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiosu xüsusi fəallıq nümayiş etdirirdi. Bu, jurnalistika deyil, təxribatdır. Onlar çalışırdılar ki, aksiyaya daha çox insan cəlb edilsin. Bu, eynilə “Sputnik” agentliyinin Qazaxıstandakı hadisələr zamanı tutduğu qızışdırıcı mövqe ilə oxşar idi. Xaricdə özünü “bloqer” adlandıranlar da gecə-gündüz çalışırdılar, amma nəticə əldə edə bilmədilər”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
 
Deputat qeyd edib ki, “möhtəşəm” adlandırılan aksiya fiaskoya uğrayıb: “Reallıq nədir? Bu qədər canfəşanlıq etdilər, amma insanlar toplaşmadılar. Polisin davranışı xüsusi diqqət çəkir. Avropa ölkələrində belə məqamlarda polis zor tətbiq edir, qəddarcasına davranır. Amma Azərbaycanda nəyin şahidi olduq? Qeyri-qanuni aksiyanı keçirən gənclər polisə qarşı şiddət nümayiş etdirirdilər, müqavimət göstərirdilər, təhqir edirdilər. Polis isə çox səbirli davrandı, təxribata getmədi. Təəssüf hissi ilə qeyd edirəm ki, bu prosesdə əsasən xanımlar fəallıq göstərirdilər, xanım adına yaraşmayan addımlar atırdılar. Xanım yerini bilməlidir... Şüarlarda yazılan fikirləri dilimə gətirə bilmirəm, mənəviyyatsızlığın, ədəbsizliyin nümunəsidir. Bu şüarlar orada toplaşanların mahiyyətini ifadə edir. Tərbiyəli, əxlaqlı gənc elə şüarı əlində tutmaz. Baxın görün hansı mənəviyyatın, əxlaqın daşıyıcılardırlar. Bunun Azərbaycan xalqının mənəvi dəyərləri ilə heç bir əlaqəsi yoxdur. Həmin insanların şəxsiyyət vəsiqələrində azərbaycanlı yazıla bilər, bu, sadəcə, yazıda belədir, onlar azərbaycanlı deyillər. Azərbaycanda sərbəst toplaşma azadlığı təmin edilir, hər şey qanun çərçivəsində olmalıdır. Kim mitinq keçirmək istəyirsə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, razılıq alır. Şəhər rəhbərliyi mitinqlər üçün Qaradağ rayonundakı stadionun ərazisini ayırıb, gediş-gəliş də rahatdır. Amma radikal qüvvələr bununla razılaşmırlar. Deməli, problem başqadır. Mitinq keçirənlərin sosial bazaları olmadığından Qaradağa getmirlər, şəhərin mərkəzində toplaşırlar, insan sayı çox görünsün. Onsuz da şəhərin mərkəzində şənbə və bazar günləri izdiham yaşanır. Mitinq keçirənlərə də bu lazımdır. Polis də vəzifəsini həyata keçirir, onların başlıca vəzifəsi asayişi qorumaqdır. Onların məqsədi qarışıqlıq yaratmaqdır. Fikir verin, bu, Ermənistandakı analoji addımlarla sinxron baş verir. Bu, göstərir ki, anti-Azərbaycan dairələr gəncləri idarə edirlər, maliyyə yardımı ayırırlar. Həmin insanlar dövlətçiliyə qarşı mübarizə aparırlar, haqqlarını da alırlar. Ünvanı səhv salıblar, Azərbaycan güclü dövlətdir, xalq-iqtidar birliyi var. Azərbaycana elə bir lider rəhbərlik edir ki, o, adını dünyanın hərb tarixinə qızıl hərflərlə yazdırıb. Xalq Prezident İlham Əliyevin ətrafında birləşib. Həmin qüvvələr qanunazidd addımlarla nəticəyə nail ola bilməzlər”.

Oxşar xəbərlər