Britaniya Kraliçasına Qarabağ atı bağışladıq, Bakıdakı səfirliyi niyə belə etdi...
19-05-2022, 14:40
1 242

Britaniya Kraliçasına Qarabağ atı bağışladıq, Bakıdakı səfirliyi niyə belə etdi...

Böyük Britaniyanın Bakıdakı səfirliyinin 14 may aksiyası ilə bağlı bəyanatına DİN-dən sərt reaksiya gəldi; deputat: “Bəlkə Ukrayna məsələsi istiqamətində Londonu nəsə qane etməyib?”

Mayın 14-də Bakıda ictimai fəalların keçirdiyi aksiya ilə bağlı Böyük Britaniyanın Bakıdakı səfirliyi bəyanat yayaraq, zorakılığın olduğunu bildirmişdi. “Yeni Müsavat” bildirir ki, bəyanata Azərbaycan Daxili İşlər Nazirliyi sərt şəkildə cavab verib. Deyilib ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.
DİN ümid edir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək.
Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə çağırırıq” — DİN-dən sərt  bəyanat
Maraqlıdır ki, İngiltərə rəsmi Bakı ilə həmişə normal münasibətdə olub. Demokratiya, insan haqları, sərbəst toplaşma azadlığı, media özgürlüyü və s. bu cür göz yaşardan, ürəkləri riqqətə gətirən ifadələrlə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyib. Əksinə, anlaşma, dostluq şəraitində münasibəti davam etdirib. İndi birdən-birə nə baş verdi ki, Britaniya səfirliyi bir aksiya üçün bütün sədləri  keçərək Azərbaycan hakimiyyəti ilə münasibətləri zədələmək həddinə qədər gəldi? Bunun səbəbi nə ola bilər? Bu, səfirliyin özfəaliyyətidir, yoxsa Londondan gələn direktivdir?
Yeri gəlmişkən, bugünlərdə Azərbaycan Prezidentinin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya təqdim olunub. Bu da iki dövlət arasında münasibətlərin normal olduğuna dair bir nümunədir. SSRİ-nin rəhbəri Nikita Xruşov 1956-cı ildə kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib. Onu da deyək ki, oxşar bəyanat ABŞ Dövlət Departamentindən də gəlib. Amma Vaşinqtonla Londonun Bakıya münasibətində ciddi fərqlər var. Britaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. 44 günlük müharibədə də BMT-də hərbi əməliyyatlara veto qoyulması səsverməsinə məhz İngiltərə qarşı çıxmışdı. Bəs aksiyaçıların qətnaməni oxuyub yekunlaşdırdığı nümayişlə bağlı Britaniya səfirliyi niyə belə mövqe sərgiləyib?
Elman Nəsirov — Vikipediya
Elman Nəsirov 
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, buna siyasətdə paradoksallıq deyilir. Deputatın sözləriə görə, ictimai fəalların mayın 14-də Bakının mərkəzində keçirdiyi tədbirdə polisin hərəkətində hər hansı qeyri-adekvat hal qeydə alınmadı. E.Nəsirovun fikrincə, ayrı-ayrı nüanslar olsa belə, bəzi fəalların davranışlarında aqressivlik müşahidə edilsə də, polisin hərəkətləri qanuni çərçivədə idi: “O baxımdan aksiyadan sonra fəallardan heç biri xüsusi narazılıq da ifadə etmədilər. Amma qəribədir ki, Britaniya səfirliyi doğru olmayan bir yanaşma ortaya qoydu. Bu, qəbuledilməz mövqedir. Çünki Azərbaycanda sərbəst toplaşma azadlığı tam təmin edilib. Hakimiyyət Qaradağ rayonunda yer ayırıb, bu ərazi Bakının ən böyük rayonunda yerləşir. Ancaq bu ayrı məsələdir ki, müraciət edən tərəfin Qaradağda aksiya keçirmək üçün sosial bazası məhdud olanda şəhərin mərkəzini seçirlər. Amma polis də işini görür. Çünki insanlar bu yerlərdə istirahət edir, analar övladları ilə gəzintiyə çıxırlar. Bunlar nəzərə alınaraq Qaradağda yer ayrılıb”.
Deputat hesab edir ki, bu reallığı Britaniya səfirliyi nədənsə görmək istəmir: “Paradoksal haldır ki, Britaniya-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir, enerji sahəsində geniş əməkdaşlıq mövcuddur. Həmçinin II Yelizavetaya Prezident İlham Əliyev Qarabağ atı hədiyyə etdi. Belə olan halda səfirlik niyə qərəzli mövqe qoyur? Bunun bir cavabı tapılmalıdır”. E.Nəsirovun sözlərinə görə, beynəlxalq siyasətdə birdən-birə heç nə olmur: “Məlumdur ki, Ukrayna müharibəsində Britaniyanın radikal və kəskin mövqeyi var. Azərbaycan isə Rusiya və Ukrayna ilə yaxşı əlaqələrə malikdir, atəşkəs arzulayır, sülh istəyir. Bu, dövlətin ali rəhbərliyinin qətiyyətli mövqeyidir. Ona görə də bəlkə bu istiqamətdə onları nəsə qane etməyib? Hər halda, London-Bakı münasibətlərində anaşılmaz bir jestdir”.

Oxşar xəbərlər