
Cəmiyyət
24-05-2022, 13:17
1 280
MM Aparatında kadr islahatları - deputatlar yeni təyinatlar danışdılar
“Zəhmət çəkəndə, dövlətə, dövlətçliyə yüksək səviyyədə xidmət edəndə, peşəkar olanda yüksək etimada layiq görülürlər”
Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan Prezident İlham Əliyevin həyatın bütün sahələrində apardığı dərin islahatlara dəstək verməklə yanaşı, özü də bu proseslərdə fəal iştirak edir. Ölkəmizdə həyata keçirilən institusional və kadr islahatlarının ruhuna uyğun olaraq, parlamentdə də müvafiq tədbirlər görülür. Belə ki, ötən iki il ərzində Milli Məclis aparatında geniş struktur və kadr islahatları həyata keçirilib. Parlament aparatının fəaliyyətinin təkmilləşdirilməsi və daha çevik və səmərəli fəaliyyətin təmin olunması məqsədilə yeni struktur bölmələri yaradılıb. Buna paralel olaraq, geniş kadr islahatları aparılmış, uzun müddət parlament aparatında çalışmış təcrübəli əməkdaşlar qulluqda irəli çəkiliblər. Ölkəmizdə gənclərin mühüm dövlət vəzifələrinə təyin olunması ilə bağlı tədbirlərə uyğun olaraq, Milli Məclis Aparatında da müvafiq addımlar atılıb, bacarıqlı, müasir dünyagörüşünə malik gənclər parlament aparatında yüksək vəzifələrə təyin olunublar. Uzun müddət Milli Məclisin komitələrində ekspert kimi çalışan şəxlərə yüksək etimad göstərilib, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifəsinə keçiriliblər. Şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi də geniş ictimaiyyət tərəfindən təqdir olunur.
Sahibə Qafarova
Bugünlərdə isə Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb. Qeyd edək ki, Milli Məclis Sədrinin sərəncamı ilə parlament aparatının icra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib. R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə aparatın icra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis Aparatında 26 ildir fəaliyyət göstərir.
Digər sərəncamla, dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis Aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
Göründüyü kimi, yuxarıda adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.
Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. Son olaraq isə aparatın dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub.
Bəs deputatlar son kadr təyinatları haqda nə deyirlər? Sosial şəbəkələrdə və ayrı-ayrı saytlarda yazılanlardan belə görünür ki, gəncləşdirmə siyasətindən razı qalanlarla yanaşı, narazı qalanlar da var. Hakimiyyətdəki “qocalar” ironiya ilə “cavanizasiya” dedikləri prosesi qısqanclıqla qarşılayırlar. Bu onların maraqlarına ziddir. Bəs ölkənin maraqlarına cavab verirmi? Gənclərin təcrübəsiz olduğu iddiaları var. Yaşılı kadrların isə daha təcrübəli, savadlı olduğu vurğulanır. Bu iki amili-gəncliklə təcrübəni necə birləşdirməli?
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bütün hallarda ümumiləşdirmənin aparılması yanlışdır: “Bir müddət əvvəl cəmiyyətdə hökumətə tənqidlər səslənirdi ki, kadrların böyük əksəriyyəti yaşlı insanlardır. Sonrakı mərhələdə cənab Prezidentin rəhbərliyi ilə ölkədə yeni islahatlar həyata keçirildi, bu islahatlar sırasında kadr islahatları da ciddi yer tutdu, gənc kadrlar önə çəkildi. İndi də bəziləri bu prosesə fərqli yanaşırlar. Ona görə hesab edirəm ümumiləşdirmənin aparılması yanlışdır. Bizim üçün prioritet dövlət marağı olmalıdır, ictimai maraqlar olmalıdır. Heç zaman fərdi maraq ictimai marağı üstələməməlidir. Nə zaman ki, fərdi maraq ictimai marağı üstələyir, o zaman bizim faciələrimiz başlayıb. Bu baxımdan hesab edirəm ki, biz bu məsələdə diqqətli olmalıyıq. Cənab Prezident də bu məsələyə bir neçə dəfə öz münasibətini bildirib. Gənc və təcrübəli, savadlı kadrlara dövlət, hökumət strukturlarında imkanlar yaradılmalıdır. Bu prosesi bir deputat olaraq alqışlayıram. Cənab Prezidentin də dediyi kimi, eyni zamanda yaşlı kadrların da təcürbəsindən də istifadə edilməlidir. O baxımdan da hesab edirəm ki, cavan kadrlara şərait yaradılmaqla yaşlı nəsil kadrların da yaxşı təcrübəsindən istifadə edilməsi ümumi işin xeyrinədir”.
Deputat qeyd etdi ki, kadr təyinatlarında həmçinin Prezidentə, dövlətçiliyə sadiqlik amili də nəzərə alınmalıdır: “Bu gün bir çox sahələrdə, həm dövlət qulluğunda, həm səhiyyə sahəsində, təhsil sahəsində biz müəyyən hədəflərimizə nail olmalıyıq. Hədəf də ondan ibarətdir ki, yaşlı nəsilin tərcrübəsi gənc nəsilə ötürülməlidir. Bu, çox önəmli məsələdir. Bəzən ayrı-ayrı strukturlarda rəhbər dəyişən kimi bütün təcrübəli kadrları, yaşlı nəsil adı ilə işdən çıxardığının şahidi oluruq. Bu yanaşma yanlışdır. Ona görə də mütləq Cənab Prezidentin qeyd etdiyi kimi, yaşlı nəslin təcrübəsindən istifadə etməliyik. Bir kadrın yetişməsi üçün uzun illər zaman lazımdır. Yəni kadr asanlıqla yetişmir. Cavanlaşma tədricən getməlidir, yeni kadrlara imkanlar yaradılmalıdır. Ölkə rəhbərinin və Milli Məclis rəhbərliyinin göstərdiyi etimadı yeni kadrlar, gənc nəsil mütləq doğrultmalıdır. Onlar bilməlidir ki, vəzifə böyük etimad olmaqla yanaşı, böyük məsuliyyətdir”.
Deputat Elman Nəsirov isə bildirdi ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb və bu konfiqurasiyanın mahiyyəti Milli Məclisin tərkibi və sədarətinə baxanda da aydın olur. Milli Məclisdə həm müxalifət nümayəndələri, həm bitərəflər yüksək vəzifələrlə təmin edilib. Bu, özü yeni siyasi mədəniyyətdir: “Eyni zamanda parlamentin sədri Sahibə xanım Qafarova özü ziyalı və təbiətcə islahatçı xarakterə malik insandır. O, parlamentin sədri gəldikdən sonra parlamentdə çox ciddi struktur islahatlarının şahidi olmuşuq. Parlamentdə təkrar olunan strukturlar birləşdirilib və ya ləğv edilib, əsas kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilir. Təbii ki, Milli Məclisin işinin yüksək əsasda təminatında kadrlar mühüm rol oynayır. Hörmətli Sahibə xanımın rəhbərliyi altında çox ciddi həm də kadr islahatları həyata keçirilir. Son günlər atılan addımlar da həmin siyasətin məntiqi davamıdır. Burada əsas prinsip odur ki, gənc kadrlar irəli çəkilir, bununla yanaşı, təcrübəli kadrlar irəli çəkilir. Həmin kadrların təyinatında onların biliyinə, savadına, milli-mənəvi dəyərlərə nə qədər sadiq olmasına, dövlətçiliyə bağlı olmasına, peşəkarlığına önəm verilir. Təyinatlar deputatlar tərəfindən də çox müsbət qarşılanır. Biz öz həmkarlarımızla bu istiqamətdə söhbətlər aparırıq. O kadrlar indi vəzifəcə önə çəkilir ki, onların hər biri bizim gözümüzdə mədəni, savadlı, ziyalı, işinə münasibətdə məsuliyyətli kadrlardır. Onların hər biri hazırlıqlı kadrlardır. Yeni təyin olunan kadrlar həm də digər gənc kadrlar üçün də bir örnəkdir. Onlar baxırlar ki, zəhmət çəkəndə, dövlətə, dövlətçliyə yüksək səviyyədə xidmət edəndə, peşəkar olanda yüksək etimada layiq görülürlər. Bu atılan addımlar parlamentin bundan sonrakı fəaliyyəti üçün yüksək dinamika verir”.