Sığınacaqda olan uşaqlarda hansı xəstəliklər aşkarlanıb? - AÇIQLAMA
31-05-2022, 17:56
6 791

Sığınacaqda olan uşaqlarda hansı xəstəliklər aşkarlanıb? - AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 19-24 may tarixlərində dörd uşaq sığınacağı və bir uşaq reabilitasiya mərkəzində keçirilib.

Altı gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib.

Qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.

Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb.

Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.

Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən, bir uşaqda anadangəlmə ürək qüsuru, iki uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), bir yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və bir qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla dörd nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.

Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib. Bundan əlavə, 22 nəfər oftalmoloji, dörd nəfər nevroloji və üç nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. Bir nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o, müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.

Oxşar xəbərlər