“Onun xəyanətini faktlarla ortaya qoymuşduq” - Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR
1-06-2022, 16:18
7 199

“Onun xəyanətini faktlarla ortaya qoymuşduq” - Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Nəcməddin Sadıkovun “sağ əli”, “şlyapa” Zahid ləqəbi ilə tanınan Zahid Niftəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Şlyapa” Zahidin həbsi isə Nəcməddin Sadıkov barəsində də oxşar tədbirin görülməsi ehtimallarının müzakirəyə çıxarılması ilə nəticələnib.
Belə ki, Vətən müharibəsi dönəmində Baş qərargah rəisi vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun adı ilə bağlı korrupsiya, cinayət, hətta Vətənə xəyanət ittihamları səsləndirilməkdədir.
Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən sabiq deputat, politoloq Cümşüd Nuriyev sabiq baş qərargah rəisi barədə bir sıra sensasion faktları açıqlayıb.
O, Nəcməddin Sadıkovun çoxdan həbs olunmalı olduğunu qeyd edib:
“Bu adam 30 il ərzində Azərbaycan Ordusunu korrupsiyalaşdırdı və sonuncu olaraq xəyanəti üzə çıxdığı üçün ordudan kənarlaşdırıldı. Ordumuz 44 günlük müharibə dönəmində cənubdan gəlib Şuşaya çatdı, amma Murovdan gedən qüvvələrimiz o qədər itkilərə rəğmən, Ağdərə-Kəlbəcər yolunu götürə bilmədi. 2016-cı ildə də bu adamın xəyanətkar olduğu üzə çıxmışdı. Eləcə də, Birinci Qarabağ müharibəsində Kəlbəcərin verilməsində deputat istintaq komissiyası olaraq, biz Nəcməddin Sadıkovun rolunu birmənalı şəkildə faktlarla ortaya qoymuşduq”.
Cümşüd Nuriyev Nəcməddin Sadıkovun Rusiyada böyük dayaqlarının olduğunu qeyd edərək, bildirib ki, o Azərbaycanda “5-ci kolon”un kilid isimlərindən biridir. Politoloq tək Nəcməddin Sadıkovun yox, onun əli ilə Müdafiə Nazirliyində vəzifə tutmuş bir sıra şəxslərin də həbs olunmasının vacibliyinə diqqət çəkib. 
Cümşüd Nuriyev “şlyapa” Zahidlə bağlı da əldə etdiyi bir sıra məlumatları da açıqlayıb:
““Şlyapa” Zahid haqqında belə bir məlumata rast gəlmişdim ki, Müdafiə Nazirliyinin Maliyyə idarəsində bütün biznesi quran adamlardan biri budur. Bunlar saxta məhsulları tenderlərlə gətirib satıblar. Bu tenderləri də araşdırmaq lazımdır. Əsgərlərin sağlamlığına vurulan ziyanın qarşılığını kim ödəyəcək? Bunlar milyonlar qazanır, amma bizim əsgərlərimiz keyfiyyətsiz məhsullardan xəstəliyə düçar olurlar. Bu təkcə maliyyə pozuntusu deyil, bu şəxslər millətin genefondunu, cəsarətini məhv edir, döyüşkən ruhunu qırırlar”.
Sabiq deputatın sözlərinə görə, bu şəxslər mütləq şəkildə cəzalandırılmalıdırlar:
“Müdafiə Nazirliyi elə bir orqandır ki, o Quran ayəsi kimi and içiləcək bir yer olmalı idi. Məsələn Çində bu cür yeyinti əməllər törədənlərin hamısını asırlar. Bizdə ölüm hökmü də yoxdur. Azərbaycanda hara gedirsən, Nəcməddin Sadıkovun obyektləri var. Özü, bacısı uşaqları, qohum-əqrəbəsi... Onun ciddi qohumluq əlaqələri, qudaları var. Nəcməddin Sadıkovun bütün ətrafı araşdırılmalıdır”.

Oxşar xəbərlər