Elman Nəsirov: “Azərbaycanda “uşaqpulu” verilən zaman ünvanlılıq yox idi, varlının da, kasıbın da uşağına verilirdi”
2-06-2022, 12:51
1 954

Elman Nəsirov: “Azərbaycanda “uşaqpulu” verilən zaman ünvanlılıq yox idi, varlının da, kasıbın da uşağına verilirdi”

“Bir çox hallarda müxalif siyasi dairələr, xüsusilə də onların radikal kəsimi “uşaqpulu” kimi məsələlərdən sui-istifadə etməyə, özlərini qəhrəman kimi təqdim etməyə çalışırlar, müsbət heç nə görmürlər və hər şeyi qaralamaq, ləkələmək yolunu seçirlər. Halbuki dövlətimizin bəlli bir siyasəti var. Azərbaycan mahiyyət etibarilə sosial yönümlü bir dövlətdir. Təsəvvür edin ki, büdcəmiz 39-40 faizə yaxın sosial yönümüllüyü ilə seçilir. Bu gün konkret “uşaqpulu” adı altında vəsait ayrılmasa belə,  uşaqlarla bağlı olan və 18 yaşadək müxtəlif sosial yardımlar var. Ölkədə 600 minə yaxın uşaq həmin vəsaitlər, maliyyə dəstəyi ilə əhatə olunub. Bu dəstəyi alanlar içərisində sağlamlığında problem olan uşaqlar, çoxuşaqlı ailələr, ünvanlı sosial yardım alan ailələrin uşaqları var. Bunların hamısı bəlli bir həqiqətdir, amma konkret məhz “uşaqpulu” adı altında vəsait gözləntiləri var...”
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
“Parlamentdə bir dəfə təkliflə çıxış etdim ki, qanunverici orqanın komitələrinin üzvlərindən ibarət birgə kommissiya yaradılsın. Kommissiya isə büdcənin imkanlarını, ailənin nə qədər uşağının olduğunu, həmin uşaqlara hansı miqdarda “uşaqpulu”nun verilməsi mümkünlüyünü, hansı yaş kateqoriyasına verilməli olduğunu araşdırsın. Eyni zamanda onu da qeyd edim ki, 2006-cı ilə qədər Azərbaycanda “uşaqpulu” deyilən ödəniş var idi. Sadəcə, burada ünvanlılıq yox idi, yəni imkanlı, varlı ailənin də uşağına “uşaqpulu” verilirdi, kasıb ailənin də.  Vəsaitin ünvanlı olması ilə bağlı dövlətin siyasətində dəyişiklik oldu ki, kasıb, ehtiyacı olan ailələrə ödənilsin. Beləliklə də əvvəl də qeyd etdiyim ki, 600 minə yaxın uşaq faktiki olaraq müxtəlif sosial ödənişlərlə təmin olunub. “Uşaqpulu” məsələsi hər dəfə qaldırılır və bir çox hallarda müxalif dairələr bundan siyasi təzyiq, manipulyasiya etmək üçün istifadə edirlər. Ona görə də komissiya yaradılmalıdır, büdcənin imkanları nəzərdən keçirilməlidir”.

Oxşar xəbərlər