“Böyük qayıdış”: İnsanlar Qarabağda ən yüksək səviyyədə şəraitlə təmin ediləcəklər
4-06-2022, 11:34
17 733

“Böyük qayıdış”: İnsanlar Qarabağda ən yüksək səviyyədə şəraitlə təmin ediləcəklər

İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutub. Bu, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin sürətlə davam etməsinin göstəricisidir. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub.
 
Milli Məclisin deputatı Elman Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, işğaldan azad olunmuş torpaqlara “Böyük qayıdış”ın  başlanması qürurvericidir:

“Artıq Ağalı kəndində 200 ev tikilib. Onların sayının artıq 350-yə çatdırılması planlaşdırılır. Kəndi sakinlərini qəbul etməyə başlayır. Ölkə Prezidenti cənab İlham Əliyev post-müharibə dövrünün həllini gözləyən məsələlər içində birinci prioritet məsələ kimi tarixi “Böyük qayıdış”ı müəyyən edib. Bununla bağlı addımlar atılır və nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Qarabağ səfərləri də bir daha bunu təsdiqlədi. Bu səfərlər çərçivəsində atılmış addımlar, istifadəyə verilmiş obyektlər, onların təməlqoyma mərasiminin keçirilməsi bir daha göstərir ki, tarixi “Böyük qayıdış”ın təmin edilməsi üçün tam münbit şərait yaradılıb. Artıq Horadiz-Ağbənd dərmiyolu çəkilişinin 60%-i yerinə yetirilib. Bu proses hazırda davam edir. Horadizdən Ağbəndə qədər avtomobil yolunun çəkilişi reallaşdırılmaqdadır, işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələri reallaşdırılır. Bütün bunlar nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurda keyfiyyətcə fərqli bir həyat başlamalı olduğunu göstərir. İşğalaqədərki dövrdə soydaşlarımızı həmin dövrün tələblərinə uyğun bir həyat sürüblərsə, indi isə yaşıl zona elan edilmiş Qarabağda insanlarımız ən yüksək səviyyədə həyat tərzi ilə təmin ediləcəklər. “Ağıllı kənd” layihəsi də eyni məntiqdən qaynaqlanır. Paralel şəkildə minalardan təmizləmə prosesi gedir. Bu da “Böyük qayıdış”ın təminatı üçün həlledici, əhəmiyyətli məsələdir. Azərbaycan çoxmillətli, çox konfensiyalı, mültikultural dövlətdir. Bütün millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır. Təbii ki, içərisində separatçı və terrorçuları çıxmaq şərti ilə, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də Qarabağda digər vətəndaşlarımızla eyni bərabərhüquqa malik olacaqlar. Bu, bir həqiqətdir, dövlətimizin dəyişməz siyasəti və prinsipial mövqeyidir”.
 
Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, “Böyük qayıdış” layihəsi Azərbaycan dövlətinin qarşısında duran ən əsas hədəflərdən biridir:

“Bilavasitə bu layihə Prezident İlham Əliyevin nəzarətində saxlanılır. Dəfələrlə bölgəyə səfər edərək hər bir proqramın icrasına və sürətlə həyata keçirilməsinə özü şəxsən nəzarət edir. “Ağıllı kənd” layihəsi sadəcə bir misal ola bilər. Hava limanlarının açılışı, avtomobil və dəmir yollarının tikintisi istiqamətində böyük layihələr sürətlə icra olunur. Ən yüksək texnologiyaların təminatı ilə bölgənin ətraf mühitini qorumaq bu layihələrin tərkib hissəsidir. Bizim Qarabağda böyük su ehtiyatlarımız, meşələrimiz var. Azərbaycanın gözəl guşəsi olan Qarabağın təbiəti həm turizm üçün də yararlıdır. Mədəniyyət paytaxtımız olan Şuşanın türk dünyasının və beynəlxalq aləmin mədəniyyət mərkəzinə çevrilməsi həyata keçirilən proqramın tərkib hissəsidir. Beynəlxalq təşkilatların, ən yüksək texnologiyalara malik şirkətlərin iştirakı ilə bütün bunlar təmin olunacaq. Bu prosesdə Azərbaycana dost, tərəfdaş olan ölkələr, xüsusən qardaş Türkiyə artıq fəal iştirak edir”.
 
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı qeyd edib ki, artıq müharibədən 2 ilə yaxın vaxt keçir və bu müddətdə xeyli ərazi minalardan təmizlənib:
Elçin Bayramlı: "Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil, əsas  verilən pulun məbləğidir"
“Minalanmamış ərazilər də çoxdur. Deməli, “Böyük qayıdış”ı sürətləndirmək üçün imkanlar var. “Ağıllı kənd”lərin salınması ilk nümunəvi pilot layihədir. Düşünürəm ki, bundan sonra təbii kəndləri də ənənəvi formada bərpa etmək lazımdır. İlk növbədə üstünlük yaxşı coğrafi şəraitdə yerləşən kəndlərə verilməlidir ki, insanlar buraya köçəndə rahat şəkildə təsərrüfatla, heyvandarlıqla məşğul ola bilsinlər. Belə kəndləri bərpa edib tədricən əhalini köçürmək lazımdır. Köçürülən əhaliyə güzəştli kreditlər verilməlidir ki, onlar ev tikə, təsərrüfat yarada bilsinlər. Dövlət ev tikib verir, əlbəttə, bu, yaxşıdır. Amma bəziləri özləri öz evlərini bərpa etmək istəyirlər. Bu halda onlara faizsiz kreditlər, biznes kreditləri verilə bilər. Beləliklə, məskunlaşmanı sürətləndirə bilərik. Bu, bir növ böyük şəhərlərin, xüsusən Bakının yükünü azaldar. Həm də regionda iqtisadi aktivliyi artırar, aqrar sektor inkişaf, kiçik sənaye müəssisələri yaranar. Bütün bunları həyata keçirmək üçün, təbii ki, çox böyük maliyyə vəsaitləri tələb olunur”.
 
Sosioloq bildirib ki, “Böyük qayıdış” prosesində bütün yükü dövlət büdcəsinin üzərinə yönəltmək düzgün deyil: “Strateji ehtiyatlarımızın bir neçə milyardını bura cəlb etmək olar. 55 milyarda yaxın strateji rezervlərimiz var. Bu vəsaitin 0,5-1%-i qlobal fondlardadır. Biz bunu yerli iqtisadiyyata, Qarabağa cəlb etsək, ölkəmiz daha çox fayda götürər. Əhalinin sosial vəziyyəti yaxşılaşar, yeni iş yerləri, məhsul bolluğu yaranar. Qarabağın turizm imkanlarından istifadə etmək üçün şərait yaradılmalıdır. Bura xüsusən yerli investorlar cəlb edilməlidir ki, nümunəvi turizm mərkəzləri yaradılsın. İmkanlar çoxdur. Zəngəzur dəhlizinin açılışı artıq sürətlənir. Arazətrafı rayonlarda iqtisadi aktivlik arta bilər. Oradan böyük nəqliyyat şəbəkələri keçəcək. Qarabağın çox böyük su ehtiyatı var, ölkənin su ehtiyatının 30%-i burada cəmləşir. Bunlardan istifadə edərək əkin sahələrinin sayını artırmaq olar, su ehtiyatının həm Qarabağ ərazisinə, həm də kənar rayonlara paylaşdırılması təşkil edilməlidir. Qısa müddətdə bu, mümkün deyil, amma sürətləndirmə imkanları var”.
 
Onun sözlərinə görə, Qarabağda “yaşıl iqtisadiyyat”ın yaradılmasına da üstünlük verilsə, yaxşı olar: “Kimyəvi sənaye müəssisələri deyil, fabriklər, turizm müəssisələri, aqrar sənaye kompleksləri yaradıla bilər. Artıq Laçın, Kəlbəcər zonlarında külək enerji stansiyalarının qurulmasına başlanılıb. Bu işi genişləndirmək lazımdır. Qarabağda sürətli dağ çayları var ki, onların üzərində kiçik su-elektrik stansiyaları qurula bilər. Həm elektrik əldə edə bilərik, həm də su fondu artmış olar. Belə imkanlarımız çoxdur. Bu işi sürətli şəkildə bir neçə il ərzində həyata keçirib, bütün Qarabağ, Zəngəzur bölgəsini həm məskunlaşdırmaq, həm də iqtisadi inkişafa nail olmaq mümkündür”.
 
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış”” mövzusu üzrə dərc olunub.

Oxşar xəbərlər