Rusiya KİV-i Moskva-Bakı müttəfiqliyinə qarşı - təxribat, yoxsa...
7-06-2022, 11:30
2 551

Rusiya KİV-i Moskva-Bakı müttəfiqliyinə qarşı - təxribat, yoxsa...

Rusiyanın “RİA-Novosti” agentliyinin saytı ölkəmizdə bloklanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, “RİA-Novosti”nin bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.
“”RİA Novosti" “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatlar yayıb", - deyə nazirliyin məlumatında bildirilir.
Bəs erməni Marqarita Simonyanın rəhbərlik etdiyi “Sputnik”lə bağlı durum necədir? Rusiya KİV-lərinin Azərbaycana qarşı bu cür qara PR aparması, qərəzli olması, ölkəmizin strateji maraqlarına qarşı sistemli fəaliyyət göstərmələri niyə intensivləşib? Təhlükə və həyasızlıq o həddə çatıb ki, “RİA-Novosti” agentliyinin saytının bloklanması kimi radikal addım atılıb. Bu, indiyədək Rusiya ilə bağlı ilk hadisədir. Üzdə Rusiya ilə münasibətlərin yaxşı olduğu görünür. Putin-Əliyev münasibətlərində heç bir anlaşılmazlıq sezilmir. İki prezident vaxtaşırı görüşürlər, telefonla danışırlar. Bir çox məsələlərdə razılığa gələ bilirlər. Amma Rusiya KİV-ində Azərbaycanla bağlı davamlı əks-təbliğat prosesləri dayanmır. Belə bir durumun müşahidə olunmasını nə ilə izah etmək olar?
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, “RİA-Novosti” agentliyinin saytının bloklanmasının səbəbləri rəsmən göstərilib: “Həmin agentliyin saytı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoyan mövqe sərgiləyib, Qarabağdakı separatçı rejimin tör-töküntülərindən olan cinayətkarın Azərbaycan əleyhinə iddialarına geniş yer verib. Bu da Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsinə tamamilə ziddir. Nəzərə alaq ki, cari ilin 22 fevral tarixində Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müvafiq sənədlə bizim münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib və eyni zamanda bu müttəfiqlik səviyyəsi informasiya sahəsində əməkdaşlıq əlaqələrinin də müttəfiqlik səviyyəsinə yüksəlməsi anlamını özündə ehtiva edir.
Elman Nəsirov: “20 Yanvar günü təsadüf nəticəsində sağ qaldım”
Elman Nəsirov: “Rusiyada olan güclü erməni lobbisi və diasporu son gülləsini işə salmağa çalışır”
Əgər bu, belədirsə, onda nə baş verməkdədir. Necə ola bilər ki, iki dövlətin liderləri səviyyəsində imzalanan strateji əhəmiyyətli bir sənədin ruhuna daban-dabana zidd addımı Rusiyanın tanınmış xəbər agentliyinin saytı həyata keçirir?! Doğrudanmı onlar düşünürlər ki, bu addımları ilə yalnız Azərbaycan dövlətinə və milli maraqlarına ziyan vururlar? Düşünürlər ki, onlar bu cür addımları ilə Rusiyanın Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərinə xələl gətirmirlər? Əlbəttə, gətirirlər. Eyni zamanda onlar bu addımları ilə separatçı rejim və onun tör-töküntülərinin yanında yer almış olurlar. Həmçinin onların davranışı açıq-aşkar şəkildə separatizmi və onun ən mühüm həlqəsi olan terrorizmi dəstəkləmək anlamına gəlir. Nə baş verməkdədir ki, Rusiyanın xəbər agentliyi separatizmi dəstəkləmək rolunu oynamaqdadır? Düşünmürlər ki, belə davranışlar həm də Rusiya prezidentinin imzaladığı sənədə ziddir? Bu sualların cavabını axtararkən ağıla gələn birinci versiya odur ki, Rusiyada olan güclü erməni lobbisi və diasporu, deyəsən, son gülləsini işə salmağa çalışır. Bu məqsədlə də imkan və potensiallarının daha geniş olduğu agentliklərdə, saytlarda hücum taktikasını seçiblər. Bu, açıq şəkildə Azərbaycana qarşı informasiya müharibəsi elan etmək anlamına gəlir”.
Deputatın sözlərinə görə, diqqətdən yayınmır ki, bu hücum ayrı-ayrı informasiya agentliklərində və saytlarında özünü göstərir. Söyləmək olmaz ki, bütövlükdə Rusiyanın bütün KİV-lərində Azərbaycan əleyhinə iş gedir: “Amma hər halda, bəzilərində gedir. O cümlədən “RİA-Novosti” sıradan olan bir agentlik deyil və bu media orqanı çərçivəsində Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyulursa, ərazi bütövlüyümüzə qəsd edilirsə, bu, qəbuledilməzdir. Yəqin ki, Rusiyanın siyasi rəhbərliyi bu məsələ ilə bağlı ölçü götürməlidir. Çünki əks halda, ikitərəfli münasibətlərimizə çox ciddi ziyan vurula bilər. Həm də belə həssas dönəmdə, Rusiyanın Ukrayna ilə, əslində kollektiv Qərblə müharibədə olduğu bir vəziyyətdə Azərbaycan kimi yaxın dövlətlərə qarşı bu cür münasibət rəsmi Moskvanın maraqlarına tamamilə ziddir. Axı Rusiyanın dostu olan ölkələrin sayı dünyada elə də çox deyil, bəlkə də barmaqla sayıla biləcək qədərdir. Azərbaycan dövləti isə qonşularla mehriban qonşuluq, tərəfdaşlıq siyasətinə sadiqdir. Azərbaycan milli maraqlarından çıxış edərək bu siyasəti həyata keçirir. Bunları Rusiyada təbii ki, görürlər və hesab edirəm Rusiyanın ali siyasi rəhbərliyi ”RİA-Novosti"nin rəhbərliyinin cəzalandırılması ilə bağlı addım atacaq. Eyni zamanda bu agentliyin saytının Azərbaycanda bloklanması oxşar yol seçmiş və ya yol seçmək niyyətində olan informasiya qurumlarına bir ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. “Sputnik” informasiya agentliyinin də bir çox hallarda “RİA-Novosti”dən fərqlənməyən bir davranış tərzi ortaya qoyduğu haqqında məlumatlar yayılır. Mənim əlimdə bununla bağlı ciddi təsdiqlənmiş məlumatlar olmasa da, hər halda, Azərbaycan ictimai fikrində getdikcə bu məsələ də ciddiləşir. Ona görə də hansı media qurumları “RİA-Novosti” agentliyinin seçdiyi yolu seçmək istəyirsə, özləri üçün nəticə çıxarmalıdırlar. Həm də Azərbaycan-Rusiya münasibətlərinə arxadan zərbə vurmaq xəttindən çəkinməlidirlər. Rusiya-Azərbaycan münasibətlərində ciddi maneəyə çevrilmiş bu cür media orqanlarının Rusiya siyasi rəhbərliyi tərəfindən cəzalandırılacağını gözləyirik".   
Partiya sədrindən antimilli açıqlama – "Ermənilərin bizə etdiklərini  unutmalıyıq" — VİDEO - Günün Səsi
Abutalıb Səmədov: “Bu qara təbliğat  kampaniyası Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa çalışan Rusiyanın maraqlarına qətiyyən cavab vermir”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya KİV-lərində Azərbaycana qarşı qərəzli münasibət həmişə olub. Hətta ötən əsrin 90-cı illərində bizə qarşı qara piar kampaniyasının aparılması, açıq ermənipərəst mövqenin tutulması açıq-aydın görünürdü: “Bunun bir səbəbi telekanallarda və mətbuat orqanlarında aparıcı mövqe tutan ermənilərin fəaliyyəti ilə əlaqədar idisə, digər səbəbi Azərbaycanın  yeritdiyi müstəqil siyasətin Rusiyada qəbul olunmaması ilə bağlı idi. Sonralar bu meyllərin qarşısını almaq və Rusiya  KİV-nin də nisbi neytrallığına nail olmaq mümkün oldu. Xüsusilə 44 günlük müharibə dövründə daha çox ermənilərin mövqeləri təbliğ olunsa da, bütövlükdə onların açıq ermənipərəst mövqe tutmasını müəyyən qədər azaltmağı bacardıq.
Təəssüf ki, son zamanlar Rusiya KİV-ləri yenə də Azərbaycanla bağlı davamlı əks-təbliğat aparmağa başlayıblar. Baxmayaraq ki, iki dövlət arasında hələ parlamentdə ratifikasiya olunmasa da, hər halda, imzalanmış müttəfiqlik bəyannaməsi mövcuddur. Bəs Azərbaycanı kifayət qədər kəskin addım atmağa məcbur edən bu qara təbliğat kampaniyasının səbəbi nədir? Nədən ermənilərə münasibətdə loyal münasibət sərgiləyən Rusiya KİV-i bizə qarşı bu cür mövqe tutur? Bunun birinci səbəbi ermənilərin Ukraynanın işğalına göstərdiyi münasibətdir. Ermənistan Belarusla yanaşı Rusiyanın işğalçılıq müharibəsinə müsbət münasibət göstərən ölkə kimi özünü göstərdi. İrəvanda Rusiya səfirliyi qarşısında dəstək mitinqləri keçirildi. Erməni KİV-ləri də dəstək kampaniyasına öz töhfələrini verdilər.
Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiya demək olar ki, heç bir dəstək görmədi. Həm siyasilər, həm də KİV bu müharibənin işğalçılıq müharibəsi olduğunu, Rusiyadan fərqli olaraq Ukraynanın haqlı olduğunu, ədalətli müharibə apardığını birmənalı şəkildə bəyan etdilər. Bizim rusdilli saytlarımız əhalinin mütləq əksəriyyətinin mövqeyini ifadə edərək işğalçıya qarşı mövqe sərgilədilər. Bir neçə partiya Ukraynaya dəstək tədbiri keçirdi.
Təbii ki, bütün bunlar prosesləri diqqətlə izləyən Rusiya rəsmilərinin xoşuna gələ bilməzdi. Rusiya KİV-lərində genişlənən anti-Azərbaycan kampaniyasının səbəbləri, zənnimcə, həm də budur.Yəqin ki, bu proses belə davam etməyəcək. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Çünki bu qara təbliğat  kampaniyası Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa çalışan Rusiyanın maraqlarına qətiyyən cavab vermir".

Oxşar xəbərlər