Məhkəmə Hacı İbrahim Nehrəmlinin qardaşı ilə bağlı qərar çıxardı
8-06-2022, 18:47
6 692

Məhkəmə Hacı İbrahim Nehrəmlinin qardaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, S.İbrahimovun kassasiya şikayəti təmin edilməyib.
 
İttihama görə, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənib.
 
S.İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.
 
Onun digər cinayət əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.
 
Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan S.İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.
 
Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.
 
S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Daha sonra S.İbrahimov digər iş üzrə həbs edilib. Bu işə görə isə o, 6 il 9 ay müddətinə azadlıqdan məhrum olunub. Həmin məhkəmə hökmündən isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Oxşar xəbərlər