Alı Qocayevdən NECƏ QURTULMALI... - İTTİHAM VAR!
10-06-2022, 14:40
25 129

Alı Qocayevdən NECƏ QURTULMALI... - İTTİHAM VAR!

Bu ara məmurların “yarpaq tökümünün” növbəti dalğası başlayıb. Antikorrupsiya idarəsi bir neçə məmuru rüşvətxorluğuna görə həbs edib. Samuxlular da ümidləniblər ki, bəlkə heç olmasa indi Alı Qocayevin 10 illik əsarətindən xilas olarlar…
Alı Qocayevin Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilməsindən 10 il ötdür. Kifayət qədər böyük müddətdir. Fəaliyyətinə qiymət verilərsə məlum olar ki, Alı müəllim 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru olanda daha yaxşı işləyirdi.
Ötən 10 il Samuxluların yaddaşında rayonun bütün istiqamətlər üzrə inkişafdan geri qalması ilə, məmurların korrupsiyaya qurşanması ilə, Alı Qocayevin layiq olmayan şəxsləri, o cümlədən ali təhsili olmayanları mühüm vəzifələrə yerləşdirməsi ilə yadda qalıb. Buna dair ən bariz misal Qocayevin hansısa şəxsi marağına görə ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin etməsi oldu. Bu təyinat Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmasa da, bu azmış kimi İcra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin etdi. Alı Qocayevin bu ailəyə olan gözlənilməz diqqət və qayğısı bununla da yekunlaşmadı. Rayon rəhbəri Şəms xanımı DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə də qəbul etdirdi. Ən maraqlı və diqqətçəkən məqamlardan bir də ondan ibarətdi ki, qısa zaman kəsiyində Şəms Məmmədbəyova Körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobil də ala bilib. 20- EF- 533 dövlət nömrə nişanlı bu “ağ ceyran”ı nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən vilaya da sahiblənib. KİV-də yayılan məlumata görə, Şəms Məmmədbəyovanın anası Sərkar kənd Musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə edib.
Samuxun icra başçısı Alı Qocayevin rayonun Ziyadlı kəndində böyük ferma sahibi olduğu da dəqiqləşib. İcra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın bundan qat-qat artıq örüş və biçin sahələri var.
Samux camaatı öz pulunu Alı Qocayevin dirnaqarası prokuror oğlunun xaricdə bizneslərində, mülklərində, bahalı maşın kolleksiyasında axtara bilər. Başçının oğlu Mehman Qocayevin prokurorluq orqanlarında karyerası ictimaiyyətdə böyük müzakirə predmetinə çevrilib. O, Türkiyədə və diqər ölkələrdə rəsmi bizneslə məşğuldur.
Alı Qocayev Binəqədidə icra başçısı olduğu müddətdə də əlinə düşəni yeyib – dağıdıb. Tamahı limit bilmirdi. Yeri gəlmişkən, o zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Alı Qocayevi ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satmaqda ittiham etmişdi. Onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyi də yazılıb. Araşdırmalardan o da məlum olub ki, fəaliyyəti dövründə Alı Qocayev insanları ən çox narazı salan icra başçılarından olub. Onun rayonun Əhmədbəyli kənd sakini, 2 ildən yığılıb qalmış işıq pulunu ödəyə bilməyən və bunu görə elektrik xətti kəsilən veteran qızı Səlfinaz Bayramovaya “ödəyə bilmirsən, öl” deməsi uzun zaman mətbuatın gündəmindən düşmədi.
Pandemiyanın tüğyan etdiyi dönəmdə Alı Qocayev kabinetinə gəlmir, hətta onlayn qəbul da keçirmirdi. Müavini Qəzənfər Əliyev koronavirusa yoluxub dünyasını dəyişəndə tərəqqipərvər Samux vətəndaşları çox məyus oldular, virusun qarasına deyindilər ki, niyə ünvanı səhv salıb, rayonu Alının cəngindən qurtarmayıb. İndi biçarələrin ümidi yayılmaqda olan “Meymun çiçəyi”nə qalıb.
//aktualxeber.az//

Oxşar xəbərlər