Qırğızıstanda Milli Qurtuluş Gününə həsr olunmuş konfrans təşkil edilib
15-06-2022, 11:46
2 008

Qırğızıstanda Milli Qurtuluş Gününə həsr olunmuş konfrans təşkil edilib

Qırğızıstanın paytaxtı Bişkekdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfrans Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə “Manas” Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan, TAİB İdarə Heyətinin üzvü, Əməkdar həkim Məcid Hacıyev, təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürk, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Qırğızıstandakı Azərbaycan diasporunun üzvləri, ölkənin tanınmış ziyalıları, universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Qonaqları salamlayan Alpaslan Ceylan TAİB nümayəndələrini “Manas” Universitetində görməkdən şad olduğunu bildirib. O, çıxışı zamanı Türk Ağsaqqalları Birliyinin türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək istəyini alqışladığını, “Manas” Universitetinin də TAİB-in təşəbbüsü ilə təşkil olunan layihələrdə iştirakda maraqlı olduğunu qeyd edib. Rektor türk xalqları arasında birliyin möhkəmləndirilməsinin tarixi zərurət olduğunu deyib və Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın türk dövlətləri arasında əlaqələrin inkişafı üçün göstərdiyi səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Milli Qurtuluş Gününün mahiyyəti barədə danışan akademik Südeif İmamverdiyev qonaqları 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan hərc-mərclik, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və həmin dövrdə Qarabağın işğal edildiyi barədə məlumatlandırıb.
Akademik həmin dövrdə səriştəsiz idarəçilik nəticəsində Azərbaycanın müstəqilliyini itirmək üzrə olduğunu, ulu öndər Heydər Əliyevin xalqın çətin anında liderlik missiyasını öz üzərinə götürdüyünü, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün misilsiz töhfələr verdiyini deyib. TAİB sədri bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf və çiçəklənmə dövrünə qədəm qoyub, sürətli ordu quruculuğu həyata keçirilib.
Südeif İmamverdiyev Ulu Öndərin türk xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Elman Nəsirov da ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolundan danışıb. O, tarixi faktlara əsaslanaraq, 90-cı illərin əvvəllərində Azərbaycandakı həm siyasi, həm də iqtisadi qeyri-sabitliyə diqqət çəkib və eyni zamanda, Heydər Əliyevin ölkəmizi hansı çətinliklərlə inkişaf yoluna gətirdiyindən danışıb.
E.Nəsirov “Əsrin Müqaviləsi”nin imzalandığı dövrdə yaşanan gərginlikdən, böyük şirkətlərin Azərbaycana investisiya qoymaq istəməməsindən, analitik mərkəzlərin ölkəmizdəki ictimai-siyasi sabitliyinin olmaması ilə bağlı dərc etdirdikləri məlumatlara diqqət çəkib. O bildirib ki, Ulu Öndər Azərbaycanı hərc-mərclikdən, anarxiyadan xilas etdikdən və böyük dövlətlərin inamını qazandıqdan sonra “Əsrin Müqaviləsi” layihəsini həyata keçirmək mümkün oldu. Milli Məclisin deputatı böyük dövlətlərin Heydər Əliyev şəxsiyyətinə inanaraq, Azərbaycanla milyardlarla dollarlıq layihələrə imza atdığını vurğulayıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov isə konfransda çıxışı zamanı Ulu Öndərin ölkəmizin müstəqilliyinin ilk illərində diplomatik uğurlarımız üçün göstərdiyi təşəbbüslərdən danışıb.
Səfir vurğulayıb ki, Azərbaycan xalqı heç vaxt Ümummilli Liderin dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı üçün gördüyü işləri unutmayacaq, həmişə yüksək qiymətləndirəcək.
Qeyd edək ki, konfransın sonunda Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rəhbərliyi adından TAİB-in nümayəndələrinə xüsusi hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər