"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"
15-06-2022, 17:22
6 284

"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"

Ermənistanın baş naziri Nikol Paşinyan "Əlcəzirə"ə müsahibəsində bildirib ki, üçtərəfli bəyanatda yalnız Laçın dəhlizindən danışılır, Ermənistan üçün Zəngəzur dəhlizi qəbuledilməzdir.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Zəngəzur dəhlizi açılmadan, kommunikasiyalar bərqərar olmadan, Ermənistan-Azərbaycan sərhədləri müəyyən edilmədən və nəhayət sülh müqaviləsi imzalanmadan Ermənistanın bataqlıqda çabalayacağını Paşinyan hamıdan yaxşı bilir:
"Nikol Paşinyanın bir gündə dəfələrlə bir-birini təkzib edən informasiyalar yayması, müsahibə verərək özünü inkar etməsi artıq adi hala çevrilib. Paşinyan bir yandan Azərbaycanın mart ayında irəli sürdüyü beş baza prinsipini qəbul edir, sərhədlərin delimitasiyasına hazır olduğunu, müəyyən kommunikasiyaların bərpasına, bu konteksdə Zəngəzur dəhlizinin açılmasına dolayısıyla razı olduğunu ifadə edir, bir yandan da "Əlcəzirə"ə müsahibəsində Zəngəzur dəhlizinin açılmayacağından danışır. Hesab edirəm ki, Paşinyanın bu mövqeyini ciddi qəbul etmək lazım deyil. Ermənistanda Paşinyan hamıdan yaxşı bilir ki, Zəngəzur dəhlizi açılmadan, kommunikasiyalar bərqərar olmadan, Ermənistan-Azərbaycan sərhədləri müəyyən edilmədən və nəhayət sülh müqaviləsi imzalanmadan Ermənistan bataqlıqda çabalayacaq, blokada vəziyyətində qalacaq. Qarşıdan yay mövsümünün ardınca qış fəsli gəlir. Ermənistan üçün hansı iqtisadi fəsadlar və fəlakətlər törədəcəyini proqnozlaşdırmaq mümkündür.
Paşinyan daxili auditoriyaya ünvanlayaraq deyir ki, Zəngəzur dəhlizi açılmayacaq. Mənim fikrimcə, bunu müəyyən zaman üçün ona qarşı dayanan siyasi qüvvələrlə hesablaşmaq və onları sakitləşdirmək üçün deyir. Ürəyinin dərinliyində isə bilir ki, Zəngəzur dəhlizi açılacaq. Çünki dəhlizin açılmasına mane olsalar, belə artıq Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana quru yolla nəqliyyat xəttini həyata keçirəcək. Bu haqda razılaşma da var. Zəngəzur dəhlizi bərpa edilməsə, Ermənistandan İrana və Rusiyaya necə dəmiryol xətti, avtomobil yolu çəkiləcək? İndiki blokada vəziyyətindən necə çıxacaq? Paşinyan bunların hamısını dərk edir. O, dilində Zəngəzur dəhlizinə "yox" deyir, ürəyində isə "hə" deyir. Əks halda Ermənistanın inkişafı üçün "qırmızı işığın yandırılması" deməkdir. Ona görə mənə elə gəlir ki, Paşinyanın bu davranışı indiki ağır mürəkkəb situasiya diktəsi altında bir manevrdir. O, siyasi manipulyasiya ilə məşğuldur, amma çox gözəl bilir ki, Zəngəzur dəhlizi açılmalıdır. Sadəcə indi açıq şəkildə dilinə gətirə bilmir.
Paşinyan bugünkü reallıqlarda Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyündən danışıb, amma 2 gün sonra deyə bilər ki, "vəziyyət dəyişdi, artıq fərqli reallıq var və Zəngəzur dəhlizi açılacaq". Paşinyana təzyiq edib desələr ki, "sən bizi aldatdın, "Əlcəzirə"ə müsahibəndə demişdin ki, Zəngəzur dəhlizi açılmayacaq". O cavab verəcək ki, "o zaman reallıq başqa idi , "Əlcəzirə"yə müsahibə verərkən mövcud olmuş reallığı geri qaytarın. Artıq reallıq dəyişib, ona görə Zəngəzur dəhizini açmağa məcburam. Bu mənim gəldiyim qənaət və proqnozdur"".







Oxşar xəbərlər