Qafqaz Müsəlmanları İdarəsi bəyanatının səbəbi nədir?
15-06-2022, 17:24
6 300

Qafqaz Müsəlmanları İdarəsi bəyanatının səbəbi nədir?

İyunun 14-də Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.
Bəyanatda Azərbaycanın multikultural və tolerant ölkə olduğu ilə yanaşı «Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkədəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır», deyə bildirilir.
Doğurdandamı belə təhlükəli meyillər müşahidə edilməkdədir? Ya belə bir görüntü yaradılır? Yardılırsa bunda məqsəd nədir?
Milli Məclisin deputatı Elman Nəsirov Turana bildirib ki, ölkə Prezidenti İlham Əliyev multikulturalizm siyasətini həyata keçirir və həmin siyasətin nəticəsində Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilib. «Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və bu dövlətdə müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayır».
O, hesab edir ki, bu bir ictimai sifariş və məsuliyyətdir. «Cənab İlham Əliyev öz çıxışlarında da dəfələrlə söyləmişdi ki, Azərbaycan ictimai-siyasi sabitliyi möhkəm bir dövlətdir. Səbəbi isə onunla bağlıdır ki, xalq-hakimiyyət birliyi var. Bu birliyin səbəbi isə ondan irəli gəlir ki, Azərbaycanda hakimiyyət xalqın hər bir üzvünün maraqlarına xidmət göstərir».
Deputatın sözlərinə görə, Prezident öz çıxışlarında başqa bir həqiqətləri söyləyib ki, daxildən ölkədə heç bir təhlükə yoxdur. «Biz səfərbər olmuş cəmiyyətik, güclü dövlətik. Ancaq xaricdən bu təhlükələr var. Həmin təhlükəni yaratmaq üçün daxildəki müəyyən antimilli elementlərdən bəhrələnmək istəyirlər. Həm də dini radikalizmə söykənərək bunu həyata keçirmək üçün müəyyən yolların axtarışı istisna deyil».
E.Nəsirovun fikrincə Azərbaycanın sürətli inkişafı, Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında cəbhədə qazandığı nailiyyət və azad olunmuş ərazilərdə yenidənqurma işlərin aparılması dünyada heç də hər kəsi sevindirmir. «Antiazərbaycan beynəlxalq dairələr narahatdırlar. Onlar cürbəcür ssenarilər hazırlayırlar, çalışırlar gənclərdən, dini məzhəb məsələsindən istifadə etsinlər və Azərbaycanda gərginlik yaratsınlar».
O, qeyd edib ki, bu mümkün olası məsələ deyil. «Kimlər ki, bu işlər üçün Azərbaycanı seçiblər, ünvanda çox yanılıblar. Azərbaycan güclü dövlətdir».
Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl Turana  bildirib ki, Azərbaycan müstəqillik qazanandan bəri illərdir bu proseslər məzhəblər arası həm qapalı, həm də açıq şəkildə gedir. «Azərbaycanda hətta dominant şiəlik olmağına baxmayaraq sünnilik də var, amma heç vaxt ədavət olmayıb. Amma İranın qatı şiə radikal dindarlığı və Səudiyyə Ərəbistanın vəhabilik xəttinin bura yeritməsi Azərbaycan müstəqillik qazanandan sonra kifayət qədər artıb».
Ekspertin fikrincə, məhz o artım indi də müşahidə olunur. «Qarabağ müharibəsi ərəfəsində və getdiyi dövrdə məsələ bir az səngimişdi. İndi isə yenə artım xəttlə gedir. Amma bütün bu məsələlər nəzarət altındadır. Azərbaycan xüsusi xidmət orqanları bu məsələlərə kifayət qədər həssas yanaşır. Çünki burada nəzarət olunmasa qarşıdurmaları yarada bilərlər».
İ.İsmayıl qeyd edib ki, bu siyasi prosesdir. «Din həmişə siyasətlə paralel şəkildə fəaliyyət göstərib. İndiki də proses siyasidir».
O, hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsinin sözügedən bəyanatı profilaktik xarakter daşıyır. «Güc strukturları bu cür proseslətin nəzarət altında olduğunu bir daha xatırlatmaq istəyirdilər».
Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin aclıq aksiyası və ona gətirən səbəblərlə bağlıdır. «Həm QMİ-nin mövqeyi, həm də Azərbaycan hakimiyyətinin ayrı-ayrı səlahiyyətli şəxslərin Taleh Bağırzadə və əqidədaşlarının aclıq aksiyaları ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Çünki burada hökümət əslində problemin qaynağıdır və hökümətin əlində olan repressiya maşını mövcud vəziyyəti xoşagəlməz vəziyyətə gəlməsinə səbəbkardır».
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycanda inanclara, əqidələrə siyasət yürüdülməlidir. «Amma əsas etibarilə biz bunu görmürük. Taleh Bağırzadə və digər Hərəkatının üzvləri günlərdir ki, aclıq aksiyasını keçirirlər. Onlar tələblərində kifayət qədər haqlıdılar. Hərəkatının bəzi üzvləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən pis rəftara məruz qaldıqlarını və eyni zamanda onların dini dəyərləri təhqir olunduqlarını deyirlər. Hamı digərlərinin inanclarına, əqidələrinə hörmətlə yanaşmağa borcludular. Əlbəttə ki, əgər bu qanunvericilik çərçivəsindədirsə və ekstremist mahiyyətini daşımırsa. Müsəlman Birliyi Hərəkatından söhbət gedirsə, adamlar dinc qaydada dini ritualları icra edirlər».

Oxşar xəbərlər