I qrupdan 10 nəfər maksimum nəticə göstərib
17-06-2022, 18:40
7 293

I qrupdan 10 nəfər maksimum nəticə göstərib

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.
İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.
Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə də ən yüksək nəticə həmin məzuna məxsusdur. O, imtahanın birinci mərhələsində maksimal olan 300 bal toplamışdı. Beləliklə IV ixtisas qrupu üzrə ən yüksək nəticə 697 baldır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Oxşar xəbərlər