Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
23-09-2020, 00:18
338

Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”

Əziz və istəkli oxucular! Eksklüziv xəbərlərin ünvanı olan Moderator.az-da bu gündən etibarən qardaş Türkiyənin tanınmış teatr və kino sənətçilərinin də müsahibələrini görəcəksiniz. 

İlk müsahibimiz bizlərin “Sehirli annem”serialından tanıdığımız Firuzə rolunun ifaçısı, tanınmış aktrisa Sueda Çildir.

- Sueda xanım, öncə bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Qardaş ölkədən sizə qucaq dolusu salamımız var!

- Çox sağ olun! Mən də qardaş ölkəmizi salamlayıram. Hal-hazırda sizinlə elə pedaqoji fəaliyyətlə məşğul olduğum məktəbdən danışıram. Dərs artıq bitib. Sözün düzü sizdən müsahibə təklifi gələndə bir az düşündüm. Həqiqətən də vaxtım yox idi, bütün günü qaça-qaçda idim. Amma söz verdiyim üçün qısa zaman da olsa sizə ayıra bildim.

- Bilmək olarmı nə dərsini tədris edirsiz?

- Mənim Türkiyədə bir məktəbim var. Aktyorun danışığından tutmuş kamera qarşısında necə oynamasına qədər bütün hər şeyi onlara öyrədirəm. Hal-hazırda koronovirus pandemiyasına görə tələbələri tək-tək qəbul edirəm. Belə olan halda da axşama kimi məktəbdə qalmaq məcburiyyətində oluram.

- Bu dərslər neçə gün yaxud ay davam edir?

- Əslində bunun bəlli bir bitmə vaxtı yoxdur. Ay da ola bilər, il də və bir ömür boyu da. Onlar mənimlə dərsi bitirib, başqa pedaqoqlarla da çalışırlar. Bu qədər bilməyimə baxmayaraq mən özüm də hələ ki, öyrənirəm. 

- Teatra aktyor yetişdirmək çətindir yoxsa serial və filmlər üçün?

- Əlbəttə ki, teatr aktyoru yetişdirmək çətindir. Teatr oyunu aktyorun səs və diksiyasının üzərində qurulur. Danışıq daha canlı olmalıdır. Amma serial və filmdə rejissor sizi istədiyi kimi oynadır. 

- Bildiyim qədər Türkiyənin bir çox məşhur sənətçiləri də sizdən aktyorluq dərsi alır. 

- Bəli, bir çox sənətçilər, hətta məşhur müğənnilər də məndən dərs alır. Hətta mən sizin aktrisa Pərvin Abiyeva, Ömər Məmmədoğlu və Anar Cəlilzadəyə də dərs demişəm. Anar və Ömər burada bir çox seriallarda çəkilib, amma Pərvindən xəbərim yoxdur. Bilmirəm ki, indi necədir, nə edir? O Türkiyədə yaşamadı, yenidən Azərbaycana qayıtdı. Yəqin ki, bu səbəbdən burdakı seriallarda çəkilməyib. 

- Özəl dərs verdiyiniz məşhurlar olub?

- Əlbəttə olub. Amma onların adını sizə deyə bilmərəm. Məncə bu etik deyil.

- Sizi bizim tamaşaçılar “Sehirli annem” serialındakı xidmətçi Firuzə obrazı ilə tanıyıb-sevdilər. Azərbaycanlı izləyicilərdən sizə sosial şəbəkələrdə yazanlar olurmu?

- Əlbəttə yazırlar. Bilirəm ki, bu serial sizin ölkədə də çox sevilir. Hətta bu serialın təkrar bölümləri də reytinq verir. Uşaqların çox sevdiyi bir serialda rol aldığım üçün şanslıyam. 

- Seriala necə dəvət aldınız?

- Bu serial 20 il öncə çəkilib. Menecerim mənə zəng etdi ki, çəkiləcək bir seriala uşaqlara baxan cavan bir xidmətçi qadın rolu üçün aktrisa lazımdır. Mənə dedi ki, hər ehtimal üstündə bir baş örtüyü də götür ki, bu qadın kənddən gələn biri də ola bilər. Nə yaxşı ki, onun tövsiyyəsini dinlədim. Getdim və seriala təsdiq olundum.

- “Sehirli annem” serialının film variantının da çəkiləcəyi xəbərləri mətbuatda yazılmışdı. Bu həqiqətdir?

- Bəli, doğru xəbərdir. Bir neçə aya çəkilişlər başlayacaq. Mən də dəvət almışam. Yəqin ki, mart ayında artıq tamaşaçılara təqdim olunacaq.

- Bəzi hallarda serialda baş rol oynayan aktyor yox, ikinci dərəcəli xarakterik obraz sevilir. Bu nədən irəli gəlir?

- Kiçik rolları oynayan aktyorlar getdikcə daha sonra baş rolları da oynayırlar. Sevilib-sevilməməyini deyə bilmərəm. 

- Hal-hazırda çəkildiyiniz bir serial varmı?

- Sözün düzü bu aralar heç bir seriala və filmə çəkilmirəm. Bir az ara vermişəm. Ən son çəkildiyim “Əlimi buraxma” serialında özümü heç sevmədim. Çünki çox kilo almışdım. Bu da məndə özümə qarşı kompleks yaratdı. İndi də çəki atmışam, istəmirəm həmişəki kimi qonşu qadın, xidmətçi qadın rollarında çəkilim. Daha fərqli rollarda, məsələn iş qadını, siyasətçi rollarında tamaşaçıların qarşısına çıxmaq istəyirəm. 

Oxşar xəbərlər