Deputatlar: Mətbuatın inkişafı ilə bağlı dövlət səviyyəsində mükəmməl siyasət aparılır
2-07-2022, 20:40
14 755

Deputatlar: Mətbuatın inkişafı ilə bağlı dövlət səviyyəsində mükəmməl siyasət aparılır

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlandı. Ümumilikdə 39 sayt müsabiqədə qalib oldu. Dövlət dəstəyi medianın işini stimullaşdırıb, mətbuat orqanlarının peşəkarlıq səviyyəsini yüksəldib.
 
Milli Məclisin deputatı Elman Nəsirov Pravda.az-a açıqlamasında MEDİA-nın fəaliyyətini yüksək qiymətləndirib:
 

 
“Əvvəla, Agentlik "Media haqqında" qanun əsasında fəaliyyət göstərir. Həmin media qanunu ki, ölkəmizdə çox ciddi müzakirəyə səbəb olmuşdu. Aylarla müzakirələr aparıldı, xeyli düzəlişlər edildi. Təkmilləşmiş bir qanun kimi parlamentdə üç oxunuşda qəbul edildi. Təbii ki, bu, MEDİA-nın fəaliyyətini tənzimləməsi üçün unikal imkanlar yaratdı. Bu baxımdan, Agentliyin üzərinə düşən əsas məsələ "Media haqqında" qanunun tələblərinin icrasına nəzarət etmək, bu funksiyanı həyata keçirməkdir. Hesab edirəm, Agentlik vəzifəsinin öhdəsindən gəlməyi bacarır. Xüsusilə, "reket jurnalist"ləri, demək olar, görmürəm. Əvvəllər tez-tez onlar haqqında elə mətbuatın özündə məlumatlar yayılır, sosial şəbəkələri onların “fəaliyyətləri” bəzəyirdi. İndi, demək olar, rast gəlinmir. Vaxtilə “oliqarxlaşmış” redaktorlar haqqında da tez-tez eşidirdik. İndi bu məsələlər də diqqəti cəlb etmir. Bu sahədə vəziyyət qənaətbəxşdir. Hazırda televiziyalarda Bədii Şuraların fəaliyyətləri gücləndirilməli, aparıcı seçimlərinə xüsusi diqqət yetirilməlidir. Televiziya aparıcısı verilişi deyil, əvvəlcə özünü aparmağı bacarmalıdır. Əks halda, o, müvafiq qaydalar çərçivəsində cəzalandırılmalıdır. Televiziyanın güzgüsü olan aparıcılar qeyri-adekvat davranış ortaya qoyanda, bu, televiziyanın fəaliyyətinə də kölgə salır. Bu gün ən ciddi məsələlərdən biri ekspert məsələsidir. İstedadlı gəncləri tapmaq, üzə çıxarmaq lazımdır ki, onlar da potensiallarını nümayiş etdirə bilsinlər. bu sahədə ciddi boşluqlar var. Tamaşaçının inandığı, etibar etdiyi ekspertlər lazımdır. Ekspertlər əzbərçi tələbə, şagird kimi lövhə qarşısında danışmamalıdırlar. Onlar öz analitik düşüncələrini, alternativ fikirlərini, yanaşmalarını ortaya qoymalıdırlar. Tamaşaçı görməlidir ki, ekspertlər mənim ağlıma gəlməyən fikirləri istehsal edir, təəccübləndirə, inandıra  bilir”.
 
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə hesab edir ki, medianın fəaliyyətində son dövlər müəyyən dəyişiklər var:
 

 
““Reket jurnalistlər”lə bağlı addımlar atılıb, ancaq mətbuatda görüləsi işlərimiz çoxdur. Bir sıra hallarda sosial şəbəkələr ictimai rəydə daha öndə olur. Sistemləşdirməyə, səviyyənin daha da qalxmasına ehtiyac var. Bütün hallarda, müəyyən inkişaf və irəliləyişlər mövcuddur. Arxayınlaşmamalı, daha çox çalışmalıyıq ki, mediadakı vəziyyəti və ümumi mənzərəni tam istədiyimiz formada düzəldək. Əks halda, ictimai rəydə uduzacağıq”.
 
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə hesab edir ki, gənc qurum olmasına baxmayaraq, MEDİA fəaliyyətə başladığı ilk gündən Azərbaycanda media sahəsində xeyli irəliləyişlər, müsbət dəyişiklər var:
 

 
“Əvvəllər jurnalistika sahəsində qeyri-peşəkarlar çox idi. Heç onların fəaliyyəti jurnalist peşəsi ilə uzlaşmırdı. Verdikləri suallarda, yazılarda bunu görmək mümkün idi. Əlbəttə, nə etmək olar? Söz, fikir azadlığı var, ölkədə plüralizm, demokratiya hökm sürür. Fəaliyyət göstərmələrini heç kim qadağa edə bilməz. Hazırkı Agentliyin fəaliyyətinə qədər olan dönəmdə bəzi saytlara, media təmsilçilərinə qarşı ədalətsizlik, qeyri-obyektivlik görürdük. Hazırda milli mətbuatımızın inkişafı ilə bağlı ölkəmizdə dövlət səviyyəsində mükəmməl siyasət aparılır, jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı təqdirəlayiq işlər görülür. Əvvəllər mətbuatda oxuyurduq ki, uzun müddət jurnalistika fəaliyyəti ilə çalışan, imzası, qələmi bilinən jurnalistə qarşı haqsızlıq olub, ancaq tanınmayan, heç bir iş görməyən jurnalistin mənzil şəraiti yaxşılaşdırılıb, saytına külli miqdarda pul ayrılıb. Bu cür neqativ hallara şahid olurduq. Hətta həmin jurnalistlərin bəziləri reketlik fəaliyyəti ilə məşğul idilər. Amma bu gün qısa müddətdə xeyli dəyişiklik görürük. Mövcud qanunlarda da təkmilləşdirilmə aparıldı. Buna baxmayaraq, müəyyən problemlər yenə də var. Hesab edirəm, MEDİA ildən-ilə inkişaf etdikcə həm jurnalistlərin peşə hazırlıqları, həm də bütövlükdə medianın inkişafında ciddi irəliləyişlər əldə olunacaq. Ötən gün də MEDİA-nın onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Sosial şəbəkələrdə görürəm ki, bəzi saytlar nəticədən narazılıq edirlər. Reketlik edən jurnalistlərin fəaliyyəti tamamilə dayandırılmalıdır. Bu sahədə neqativ hallar indi də var. Məsələn, bu günlərdə eşitdim ki, ARB televiziyasının aparıcısı Zaur Kamal Cənubi azərbaycanlı müğənni Afşin Azərini qeyri-etik şəkildə efirdən qovub. Mən heç görüntülərə baxmamışam. Deyə bilmərəm, günah kimdə olub, amma bunun fərqi yoxdur. Adi elementar mədəniyyət, əxlaq kodeksi, ədəb, üslub var. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir vətəndaş özünü aparmağı ilə mədəniyyətini, əxlaqını göstərir. Bütün cəmiyyət Zaur Kamala etirazını bildirdi. İnanmaq istəyirəm ki, ona qarşı adekvat qərar veriləcək, tədbir görüləcək. Bu baxımdan, hesab edirəm, MEDİA daha obyektiv fəaliyyət göstərə bilər. Agentliyin dövlətin yaratdığı şəraitdən, ayırdığı resurslardan düzgün istifadə edərək media sahəsində neqativləri tamam aradan qaldıracağına inanıram. 22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistlərimizi indidən təbrik edirəm. Əminəm ki, mətbuatımız inkişaf edərək cəmiyyətin ən güclü indikatoru olacaq”.
 
Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, "Media haqqında" qəbul edilən yeni qanun informasiya təminatının yerinə yetirilməsində mühüm rol oynayır:
 

 
“Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan mediası şəffaflığı ilə, cəmiyyəti maarifləndirməklə, informasiyaların operativ çatdırılması ilə seçilir. Müsbətə doğru xeyli addımlar atılır. Media sahəsində aparılan islahatları müsbət qarşılayıram. Hesab edirəm, cəmiyyətimiz də belə düşünür. Etiraf edək ki, uzun illər ərzində subyektivizmə söykənən, böhtan xarakterli materiallar, “reket jurnalistlər”in açıq-aşkar hər yerdə “at oynatmaları”, insanları, xüsusən məmurları şantaj etmələri kimi hallar kifayət qədər çox idi. Şükürlər olsun, bu sahədə də ciddi irəliləyiş hiss olunur”.
 
Milli Məclisin deputatı Cavid Osmanov isə deyib ki, media sahəsindəki boşluqların doldurulması, tənzimləyici xarakter daşıması üçün Medianın İnkişafı Agentliyi yaradılıb, yeni media qanunu qəbul edilib:
 

 
“Agentliyin yarandığı gündən bəri apardığı işlərə nəzər yetirdikdə əvvəlki dövrlərlə müqayisədə dəyişiklik görürük, ciddi addımlar atılıb, media sahəsində tənzimləmə işləri aparılıb. Mətbuatın kimlərəsə xidmət etməsi yox, ümumilikdə dorğu-düzgün məlumatların çatdırılması, dövlətçiliyimizə xidmət göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün də müəyyən media qurumları var ki, onlar dövlətçiliyimizə qənim kəsiliblər. “5-ci kolon”a, anti-Azərbaycan qüvvələrə aid media hələ də mövcuddur. İnanıram ki, bu sahədə də ciddi işlər görüləcək. Düşünürəm, media sahəsində bundan sonra həyata keçiriləcək tədbirlər tam dönüş yaradacaq”.

Oxşar xəbərlər