Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era
5-07-2022, 12:15
1 797

Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era

İyulun 4-də Tehranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb. “Yeni Müsavat” bildirir ki, C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında rəsmi qarşılayıb.
Daha sonra da nazirlər ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu səfərdən az əvvəl Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilən VI Xəzər sammiti çərçivəsində görüşü baş tutmuşdu. İran prezidenti Seyid İbrahim Rəisi görüş zamanı demişdi ki, qarşılıqlı səfər planları var: “Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdə daha da inkişaf etdirilə bilər”.
Bəllidir ki, iki ölkə arasında münasibətlərin normal olduğu bildirilsə də, heç də göründüyü kimi sadə deyil, əlaqələrin inkişafına qarşı kifayət qədər “sualtı daşlar” da var. Bu xüsusda Bayramovun səfərinin önəmi var. İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib ki, Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. O bildirib ki, üçtərəfli görüşün vaxtı azərbaycanlı həmkarı ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq. İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü də bildirib.

Elman Nəsirov: “Münasibətlərdə zaman-zaman ziqzaqvari proseslər yaşanıb, indi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, C.Bayramovun Tehrana səfəri İran tərəfinin təşəbbüsü ilə baş tutan görüşdür. E.Nəsirov xatırlatdı ki, bundan öncə də prezidentlərin Aşqabadda görüşü olmuşdu, qarşılıqlı anlaşma şəraitində görüş keçmişdi, bir-birini ölkələrinə dəvət etmişdilər: “Bunun ardınca xarici işlər nazirinin İrana dəvət olunması əlaqələrin genişlənməsi üçün mühüm səfərdir. Əlbəttə ki, İran-Azərbaycan münasibətlərində zaman-zaman ziqzaqvari proseslər yaşanıb, müəyyən narahatlıqlar olub, amma indi ikitərəfli əlaqələr inkişaf etməkdədir və bunun üçün böyük potensial mövcuddur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi reallaşır, Naxçıvanla quru yolun açılması da gündəmdədir,  bu baxımdan Ceyhun Bayramovun Tehrana dəvət alması müsbət hadisədir”.
Deputat qeyd etdi ki, İranda müəyyən siyasi dairələrin Bakını narazı salan addımları olur, Ermənistanla sıx təmaslar münasibətlərdə neqativ hallara gətirib çıxarıb: “Bununla belə, hazırda münasibətlərin inkişafı üçü yaxşı imkanlar var, dövlət başçıları səviyyəsində təmaslar artıb. Ümumiyyətlə, bizdən İranı narazı salacaq hər hansı addımlar olmayıb. Bundan başqa, düşünürəm ki, görüşdə regional təhlükəsizlik məsələləri, qlobal proseslərin müzakirəsi də istisna deyil. Ən nəhayət, xarici işlər nazirlərinin görüşü prezidentlərin İran və Azərbaycana səfərlərini təşkil etmək üçün əhəmiyyətlidir”.
Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Qabil Hüseynli: “Bayramovun səfəri daim enib-qalxan Bakı-Tehran münasibətlərində yeni keyfiyyət mərhələsi ola bilər”
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran-Azərbaycan əlaqələrinin həssas və kövrək bir zamanında XİN başçısının Tehrana səfəri əhəmiyyətli hadisədir. Analitik hesab edir ki, görüşdə bir sıra məsələlərə aydınlıq gətirilməsi gözlənilir: “Əvvəla, İrandan son zamanlar yenə xoşagəlməz, böhtan xarakterli çıxışlar görürük, bundan qabaq mədəniyyət nazirimiz Tehrana getmişdi, amma onun səfəri ilə həll ediləcək məsələlər deyildi. İndi xarici işlər nazirləri arasında bir sıra aspektlərdən narahatlıq doğuran məsələlər müzakirə edilərək aydınlıq gətiriləcək. Xüsusən də son dövrlər İranda bəzi dairələr başlayıblar ki, guya Azərbaycanda islam təhqir olunur, din xadimləri sıxışdırılır, bu fikirləri aradan qaldırmaq üçün söhbət aparılacaq, həm də iqtisadi xarakterli mövzular müzakirə masasında olacaq”. Q.Hüseynli əmindir ki, Bakı-Tehran münasibətlərində anlaşılmaz olan digər məsələlər də həllini tapacaq. Onun sözlərinə görə, C.Bayramovun səfəri daim enib-qalxan Azərbaycan-İran münasibətlərində yeni keyfiyyət mərhələsi ola bilər.

Oxşar xəbərlər