“Bütün bunlar Azərbaycanın milli maraqlarının müdafiəsinə xidmət edir və həmrəyliyimizi gücləndirir” – Millət vəkili
6-07-2022, 17:00
7 798

“Bütün bunlar Azərbaycanın milli maraqlarının müdafiəsinə xidmət edir və həmrəyliyimizi gücləndirir” – Millət vəkili

Azərbaycanın hüdudlarından kənarda məskunlaşan milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunan bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması və onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Məhz 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını və soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Mövzu ilə bağlı danışan millət vəkili Elman Nəsirovun sözlərinə görə, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev həm də diaspor quruculuğu siyasətinin təməlini qoyan şəxsiyyətdir: “Məhz ulu öndər Heydər Əliyev diaspor quruculuğu məsələlərinə prioritet kimi yanaşıb. Həmçinin xaricdə olan azərbaycanlıların öz tarixi vətənlərinə bağlılığı və yaşadığı ölkələrdə siyasi amilə çevrilməsi məsələsini müəyyən edib. Bu istiqamətdə həm də təşkilati işlər görüb. Bu məqsədlə 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsini xüsusilə qeyd etmək istəyirəm. Bu Qurultaya dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız dəvət aldı. Tarixi vətənlərinə sıx bağlı olan, öz ölkələrinin təbliği və təşviqi məsələlərini aktiv şəkildə həyata keçirən, Azərbaycanın adını ucaldan addımlar atan, yaşadıqları dövlətlərdə nüfuz və hörmət sahibi kimi tanınan və və ictimai fikirə təsir edə bilən həmvətənlərimiz həmin Qurultayda iştirak etdilər. Bu Qurultayın keçirilməsi ilə Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin əsasını qoydu”.
Elman Nəsirov əlavə edib ki, ulu öndər daha öncə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təyin etdi: “31 dekabr tarixində dünya azərbaycanlıları Yeni İllə yanaşı həm də bir yerə toplaşaraq Həmrəylik Gününü qeyd edir. Bunun da çox böyük birləşdirici mənası və əhəmiyyəti var. Qeyd etmək lazımdır ki, məhz ulu öndərin təşəbbüsü və fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Artıq diaspor quruculuğu məsələsində ciddi təşkilatlanmanın əsası qoyuldu. Bu Komitənin birbaşa funksiyası dünyada yaşayan azərbaycanlıların həmrəyliyini təmin etmək və onların yaşadığı ölkələrdə siyasi amilə çevrilməsi prosesinə töhfə vermək idi. Həmin siyasət Azərbaycançılıq ideologiyasından irəli gəlirdi. Məhz bu ideologiyanı ümummilli lider Heydər Əliyev dövlət təlimi səviyyəsinə yüksəltdi. Dünyada yaşayan azərbaycanlılar da məhz bu ideoloji silahla silahlandılar. Bu da nəticə etibarı ilə Azərbaycanın dünyada sözünün çəkisinin artmasına xidmət edən bir addıma çevrildi”.


Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC
Deputat əlavə edib ki, ulu öndərin dispor quruculuğu sahəsindəki siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir: “İndiyə qədər ölkə başçısının təşəbbüsü və təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının 4 Qurultayı keçirilib. Sonuncu Qurultayın simvolik mənası o idi ki, həmin tədbir Azərbaycanın mədəniyyət paytaxtı olan azad Şuşa şəhərində keçirilirdi. Məhz işğaldan azad edilən və Qarabağın incisi olan Şuşa şəhərindən dünyaya sülh, birgəyaşayış və multukulturalizm mesajları verilirdi. Bütün dünya bir daha Qarabağın və Şuşanın Azərbaycan ərazisi olduğunu gördü. Dünyada yaşayan azərbaycanlıların da işğaldan azad edilən torpaqlarda bir araya gəlməyi bacardılar. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi və belə tədbirlərin keçirilməsi ilə dünya azərbaycanlılarının üzərindən xəcalət təri silindi, qürur və ləyaqətləri özlərinə qaytarıldı. Bu gün onların başı dikdir və qürurlu millətin nümayəndəsi kimi xarici ölkələrdə vətənimizi təmsil edirlər”.
Millət vəkili Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyinin qeyd olunduğunu xatırladıb: “Bu Komitə öz missiyasını şərəflə yerinə yetirir və çoxsaylı tədbirləri həyata keçirir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın milli maraqlarının müdafiəsinə və beynəlxalq reputasiyasına xidmət edir və bizim həmrəyliyimizi gücləndirir”.

Oxşar xəbərlər