“Əgər bu təklifi qəbul etsək, Qarabağı əbədi itirəcəyik”
25-09-2020, 13:08
308

“Əgər bu təklifi qəbul etsək, Qarabağı əbədi itirəcəyik”

Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov gülünc təkliflə çıxış edib. Belə ki, Rusiyanın baş diplomatı işğaldakı 5 rayonun geri qaytarılması və əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edib.


Maraqlıdır, rus ordusunun sülhməramlı adı ilə bölgəyə gəlişi Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?


Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu təklifin qəbulu Azərbaycan üçün Qarabağın həmişəlik itirilməsi demək olar:


“Bu təklif barədə heç bir şübhə olmamalıdır. Ortada qaba Abxaziya nümunəsi var. Abxaziya və Cənubi Osetiyada da rus hərbçiləri oturmuşdu. Bu məsələdə Rusiya Eduard Şevarnadzeni razı salmışdı.


Bölgədə sülhməramlı adı ilə yerləşən rus ordusu separatçıları müdafiə edirdi. Iş o yerə gəlib çatmışdı ki, separatçılar Abxaziya rəhbərinin Gürcüstanın vitse-prezidenti olmasını təklif edirdi. Gürcüstanda ikinci dövlət dilinin abxaz dili olması ilə bağlı təkliflər var idi. Belə olan halda Saakaşvili dönəmində Gürcüstanın səbri tükəndi və o, rus təxribatçılarını silahla cəzalandırmalı oldu. Bundan sonra isə Rusiya ordusu hücuma keçərək gürcü ordusunu əzdi, Abxaziya və Osetiuyanın müstəqilliyini tanıdı. Əgər biz Rusiyanın bu təklifini qəbul etsək, Qarabağı əbədi itirəcəyik. Qarabağ gedib Zəngəzurun, Göyçənin  yanında “oturacaq”.


Rusiya ona görə 5 rayonun qaytarılması təklifini səsləndirir ki, Dağlıq Qarabağla yanaşı, Laçın və Kəlbəcərin də separatçılarda qalmasını təmin etmək istəyir. Plana görə, Laçın və Kəlbəcər Dağlıq Qarabağı Ermənistanla birləşdirən hissə olmalıdır. Rusiya Qarabağdakı qondarma rejimi Laçın və Kəlbəcərlə birlikdə müstəqil görmək istəyir. Bu açıqlamanın izahı bundan ibarətdir”.



Seymur ƏLİYEV

Oxşar xəbərlər