“Payızda Qarabağda bir erməni əsgəri də qalmayacaq” - Mühüm açıqlama
20-07-2022, 21:49
9 488

“Payızda Qarabağda bir erməni əsgəri də qalmayacaq” - Mühüm açıqlama

“Əslində, inanmıram ki, bu, növbəti təxribat olsun, amma ermənilər daim çalışırlar ki, o proses ki onların xeyrinə deyil, onu maksimal dərəcədə uzatsınlar”.
Bu sözləri açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, “Hraparak” nəşrinin Ermənistan hakimiyyətinə yaxın mənbələrə istinadən əldə etdiyi məlumatı şərh edib.
Xatırladaq ki, erməni nəşri Laçın dəhlizinə alternativ yolun çəkilməsi prosesinin sürətlə getdiyini və dəhliz üzərində yerləşən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin boşaldılması prosesinin payıza qədər çəkəcəyini iddia edib.
Həmsöhbətimiz onu da vurğulayıb ki, ermənilər gözləyirlər ki, ola bilsin beynəlxalq aləmdə nələrsə dəyişsin və onların xeyrinə olsun:
“Yəni ermənilər hər zaman “bəlkələrlə” yaşayıblar. Amma bir reallıq var ki, bu “bəlkələr” Ermənistan-Azərbaycan münasibətləri üçün artıq geridə qalıb və onlar bunu dərk etməlidirlər.
O ki qaldı Laçının payızda boşaldılması məsələsinin obyektiv səbəblərinə, onu deyə bilərəm ki, orada olan şəxslər köçə hazırlaşmalıdır. Məlumdur ki, bu vaxta qədər də onların köçürülməsi üçün heç nə edilməyib. Ümid ediblər ki, Rusiya onları qorumayacaq və onların təbirincə desək, Rusiya “dobro” versin və onlar qalsınlar, eləcə də Rusiya Azərbaycana təzyiq göstərərək başa salsın ki, Azərbaycan öz istəklərini tələb etməsin və s. Amma yenə də deyirəm ki, onlar həmin o xülyalarla yaşayırlar”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlum şərhinə toxunan politoloq əlavə edib:
“Bildiyiniz kimi, Emrənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Ermənistan ordusunun Qarabağdan çıxarılması ilə bağlı bir bəyanat verdi. Yəni bu günə kimi hələ ki Ermənistan ordusunun bir hissəsi sülhməramlıların nəzarətində olan ərazilərdə qalıb və bu da üçtərəfli sazişə tam zidd olan bir şeydir. Qısacası, istər Rusiya, istərsə də Ermənistan tərəfi bununla həmin o üçtərəfli sazişin müddəalarını pozmuş sayılırlar. Çünki həmin sazişə əsasən, bu birləşmələr çoxdan oradan çıxarılmalıydılar.
Yəni onların çıxarılması ilə bağlı bir bəyanat verildi və orada da bildirildi ki, artıq sentyabra qədər həmin birləşmələr çıxarılacaq və müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan ərazilərində Ermənistan ordusunun qoşun hissələri və hərbçiləri qalmayacaq. Düşünürəm ki, bunlar bir-biri ilə bağlı olan bir məsələlərdir, eləcə də həmin proses gedəcək və ermənilər oradan köçürüləcəklər”.
Ekspertin sözlərinə görə, burada bir məqam da var ki, ermənilər bunu heç cürə açıqlamaq istəmirlər:
“Əgər həmin kəndlərdən və Laçından köçürülmə prosesi başlayarsa, Qarabağda yaşayan ermənilər dərk edəcəklər ki, həmin ərazilərdə Azərbaycanın suverenliyinin tam şəkildə bərpası qaçılmaz bir faktdır. Bu günə kimi istər rəsmi İrəvandan, istərsə də rusiyalı siyasətçilər tərəfindən bunlara mesajlar göndərilirdi ki, “darıxmayın, narahat olmayın, bu ərazilər Azərbaycanın nəzarətinə verilməyəcək” və s. Amma indi onlar görürlər ki, bu proses gedir və ola bilsin ki, Qarabağda yaşayan ermənilərin böyük bir hissəsi oradan köçmək istəsinlər. Bunun qarşısını almaq üçün də hesab edirəm ki, Ermənistan müəyyən tədbirlər görməyə çalışacaq. Elə ona görə də vaxt istəməklərinə səbəb məhz budur”.

Oxşar xəbərlər