Bakının Aİ və NATO-ya yaxınlaşması
22-07-2022, 11:09
2 130

Bakının Aİ və NATO-ya yaxınlaşması

Xarici siyasətdə dəyişiklik, yoxsa balans?

Azərbaycan Avropa Birliyinə ixrac edilən qazın artırılması haqda razılaşma imzalanmasından sonra xarici işlər naziri Ceyhun Bayramovun Brüsselə getməsi diqqət çəkir. İyulun 19-da Ceyhun Bayramov NATO baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüş keçirib.
Görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.
Nazir postmünaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.
NATO baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb. Beləliklə, son üç gündə Azərbaycanın xarici siyasətində Brüssellə əlaqələri ağırlıq qazanıb. Dünyada gərginliyin artdığı bir vaxtda bu siyasət balanslaşdırılmış hesab oluna bilərmi? Bakı siyasətində daima balanslaşmaya ciddi önəm verib. Yeni dünya düzəni xarici siyasətdə hansısa korrektələr tələb edirmi?
Ceyhun Məmmədov - YouTube
Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, dünyada gedən proseslərə baxanda dünyada son 30 ilə yaxın müddətdə heç zaman bu qədər gərginliyin, sürətli dəyişikliklərin baş vermədiyini görürük. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünya nizamı pozulub və yenidən qurulur. Burada hər bir dövlət öz təhlükəsizliyinə çalışır: “Bu gün dünyada baş verən proseslər onu göstərir ki, Azərbaycan zamanında seçimini düzgün edib. Hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gücləndirilməsi, inkişafı çox önəmlidir. Bu bizə Qarabağda həyata keçirdiyimiz işlərə, proseslərə dəstək verir, qələbəmizi möhkəmləndirir və Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini təmin edir. Azərbaycan Prezidentinin xarici siyasət xətti ölkəmizə uğur gətirir. Azərbaycanın başqa seçimi və yolu yoxdur. Biz Avropa İttifaqı ilə əlaqələrimizi gücləndirməliyik. Eyni zamanda Azərbaycan, əlbəttə, Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, qonşu dövlətlərlə də əlaqələrini, əməkdaşlığını inkişaf etdirir, gücləndirir. Bu gün ətrafımızdakı böyük dövlətlərlə də balanslaşdırılmış siyasət həyata keçiririk. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı bu ölkələrə qarşı deyil. Bu əməkdaşlığa həm Azərbaycanın, həm də Avropa İttifaqının ehtiyacı var. Hesab edirəm ki, Azərbaycan kifayət qədər balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasət ilk növbədə milli maraqlarımıza əsaslanır. Müasir dövrün çağırışları və cərəyan edən tendensiyalar da tələb edir ki, siyasətimizi bu cür quraq”.
Erməni əsgəri Azərbaycan ordusunun qarşısında daha əyilmir, iməkləyir- Elman  Nəsirov - son xeberler
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, Avropa İttifaqı-Azərbaycan münasibətləri dinamik inkişaf tempinə malikdir. Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur: “Xüsusilə də son dövrlər Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir səhifə açılıb. Avropa özünün enerji təhlükəsizliyində Azərbaycana çox ciddi tərəfdaş kimi yanaşır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşləri, telefon danışıqları, Avropa Komissiyasının Prezidentinin Bakıya səfəri, Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri, səfərlərdə ölkəmizin Prezidenti ilə keçirilən görüşlər, səfərlərin dinamikası onu göstərir ki, rəsmi Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir. Yeni geosiyasi reallıqlar fonunda, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji ehtiyatlarına olan tələbat Avropada kəskin artır. Nəzərə alsaq ki, Avropanın ildə təxminən 500 milyard kubmetr qaza tələbatı var və bunun 40 faizini Rusiyadan alırdı, indiki vəziyyətdə isə bu məsələdə çox ciddi problemlər yaşanmaqdadır. Qarşıdan payız-qış mövsümü gəlir deyə, Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacı kəskin artıb. Ona görə də onlar Azərbaycana xüsusilə böyük diqqət göstərirlər. Bu, bizim istəyimizdən baş verməyib, Avropa İttifaqı özü Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıdır. İstisna deyil ki, avqust ayında Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi imzalansın. Bu sənədin imzalanması real görünür. Xarici işlər naziri Ceyhun Bayramovun səfəri çərçivəsində də bu məsələlər bir daha müzakirə edildi. Eyni zamanda NATO baş katibi ilə görüşü də olduqca əhəmiyyətlidir. Azərbaycan avrotlantik məkanla əməkdaşlıq kontekstində üzərinə götürdüyü öhdəliklərə sadiqdir, onu yerinə yetirir və etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda NATO baş katibi də Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirdi və qeyd etdi ki, Azərbaycanın rəhbərliyi müstəqil siyasət həyata keçirərək bütün partnyorlarının da maraqlarını nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi kursuna sadiqdir”.
Deputatın sözlərinə görə, bütün bu deyilənlər onu təsdiqləyir ki, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu ilk növbədə beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunmasına söykənir və biz çox gözəl balanslaşdırılmış siyasət həyata keçiririk: “Burada ilk növbədə bizim milli maraqlarımız ən yüksəkdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun üstünlüyü ondadır ki, bizim Avropa İttifaqı və digər bu kimi beynəlxalq qurumlarla münasibətlərimizin yaxşılaşması heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib. Moskva heç bir zaman bundan narahat deyil. Çünki bilirlər ki, bu siyasəti müəyyən eləyən şəxs İlham Əliyevdir. Eyni zamanda Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdikdə heç bir halda Brüsseldə və ya Vaşinqtonda düşünmürlər ki, bu siyasət onların əleyhinə yönəlib. Çünki bilirlər ki, Azərbaycan müstəqil siyasət yürütmək xəttini tutub. Ona görə də bütün tərəflər Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”.

Oxşar xəbərlər