«Prokurorluq burada senzor rolunu oynayır» - ekspert
3-08-2022, 12:06
1 905

«Prokurorluq burada senzor rolunu oynayır» - ekspert

Son günlər etiraz aksiyalarını işıqlandıran reportyorların peşə fəaliyyətinə maneçilik törədilir, kameraları, telefonları əlindən alınır, özlərinə isə fiziki təzyiq göstərilir.
Sonuncu belə hadisə avqustun 1-də Prezident Administrasiyasının qarşısında baş verib.
Üstəlik Azərbaycanda son illər Baş Prokurorluq jurnalist və bloqerlərə yazdıqlarına görə xəbərdarlıq verir.
Təkcə son bir həftə ərzində bu, bir neçə dəfə baş verib.
Baş Prokurorluğun yaydığı məlumatına görə, aparılan monitorinqlərlə müəyyən edilib ki,  mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda «Media haqqında» Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmamışdır. «İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində  prokuror təsir tədbirləri görülüb».
Bütün bunlar nə dərəcədə qanunvercilik və jurnalist azadlığı baxımından düzgündür? Azərbaycanda jurnalstlərin fəaliyyət imkanları necədir?
Baş Prokurorluqdan suallara münasibət bildirilməsə də, Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, respublikanın Baş prokuroru Kamran Əliyevin son çıxışında diqqət reket jurnalistika və mətbuatda şər, böhtan kimi məsələlərə diqqət cəlb olunub.
Deputat hesab edir ki, Baş prokurorun məsələyə yanaşması kifayət qədər haqlıdır. «Bu günləri reket jurnalistləri deyilən və Həsənbəy Zərdəbi irsinə ləkə olan psevdojurnalistlərin sayı çoxalıb. Onların işləri-gücləri işgüzar adamların nüfuzuna xələl gətirməkdir, onları şər və böhtanla ləkələməkdir, bunun qarşılığında isə pul tələb etməkdir».
Onun sözlərinə görə, məsələyə ümumi yanaşmaq olmaz. «Burda konkret adamlardan söhbət gedir. Bizim çox gözəl jurnalistlərimiz var, yeni nəsil bloqerlər yetişib və bu sevindirici haldır. Amma onların içərisində jurnalist peşəsinə, bloqerliyə xələl gətirən, işgüzar adamlara şər-böhtan atan insanlar da var».
Komitə üzvü qeyd edib ki, həmin jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrlə iş açılır. «Azərbaycanda belə insanlara siyasi məhbus deyirlər. Ölkədə süni siyasi məhbus obrazı belə yaradılır».
E.Nəsirovun fikrincə Baş Prokurorluğun yanaşması və insanları hüquqi müstəvidə fəaliyyətə dəvət etməsi reallığa tam adekvatdır. «Hüquqi dövlətdə hüququn aliliyi, hüququn diktaturası olmalıdır. Bəli, biz bütün diktaturaların əleyhinəyik. Amma hüququn diktaturası olmalıdır. Mətbuatda, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin nüfuz və ləyaqətini alçaldan yazılara görə cəzalar tədbiq edilməlidir. Heç kimin toxunulmazlığı yoxdur».
Media məsələlər üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Baş Prokurorluğunun hüquqi baxımından bu gün üçün funksional olaraq qanunvericilikdə müəyyən səlahiyyətləri var. «Amma bu səlahiyyətlərdən istifadə edərkən hökmən media və ifadə azadlığı anlayışına nə qədər müdaxilə olunub-oluna bilməyəcək çərçivəsini göstərməlidir. Yəni, prokurorluq həqiqətən o zaman müdaxilə edə bilər ki, konkret olaraq cinayət faktı və yaxud da cinayət şübhəsi olsun. Amma prokurorluq sadəcə çağırıb «bunu yazmayın, bu xoş deyil, bir daha bunu yazmayın» deyirsə, deməli ortada cinayət faktı yoxdur, olsaydı cinayət işi qaldırılmaq lazımdır».
Ekspert deyir ki, prokurorluq burada senzor rolunu oynayır. «Nəyi yaza biləcəyimizi, nəyi yaza bilməyəcəmizi prokurorluq müəyyən etmiş olur».
O hesab edir ki, bu prokurorluğunun səlahiyyətlərindən kənara çıxmasıdır. «Çünki prokurorluq nəticə etibarilə yalnız cinayət faktlar üzrə araşdırma apara bilər. Amma vətəndaşlara və qurumlara zərər dəyməyibsə, ortada terrorizmə çağırış, Konstitusiya quruluşunu çevirməyə yönəlik bir şey yoxdursa, dövlət sirri yayılmırsa, fərdlər təhqirə məruz qalmırsa jurnalistə sadəcə balanslı informasiya verməmisiz deyib jurnalistin peşə etik davranışına nəzarət edən bir prokuror hüquqi çərçivəsindən çıxır».
Hüquqşünas qeyd edib ki, bu yeni bir hadisə deyil. «Yanvar ayında da sistemli şəkildə bir neçə sosial media istifadəçilərinə, jurnalistlərə yönəlik xəbərdarlıqlarını və cərimələrini görmüşük. Son xəbərdarlıqlar da göstərir ki, eyni proses var. Amma jurnalistlərin fəaliyyətinə mane olan, birbaşa bu peşə fəaliyyətinə qanunsuz şəkildə müdaxilə edən hadisələr illərlə davam edir və bu istiqamətdə heç bir hüquq işləmir».
Ekspertin sözlərinə görə, jurnalist peşə fəaliyyətinə qanunsuz mane olmaq Cinayət Məcəlləsinin 163-cü maddəsilə cinayət əməli sayılır. «Jurnalistin aksiyanın qanuni və ya qanunsuz olmasına aidiyyəti yoxdur. Jurnalist öz işini görür. Onun işinə mane olmaq peşə fəaliyyətinə mane olmaqdır və kimsə bunu zor tədbiq edərək edirsə, avadanlığını qırırsa bu, açıq-aşkar CM-nin 163-cü maddədinin çərçivəsinə düşür. Bu adamlar haqqında heç bir cinayət işi açılmırsa, bu o deməkdir ki, hökümət bilərəkdən araşdırmır».

Oxşar xəbərlər