Azərbaycanda 5 il həbs cəzası alan cinsi azlıq nümayəndəsi görün necə azadlığa buraxılıb
3-08-2022, 12:53
2 011

Azərbaycanda 5 il həbs cəzası alan cinsi azlıq nümayəndəsi görün necə azadlığa buraxılıb

Xəbər verildiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotiklərin satışında təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Kənan Tağıyev bir neçə gün əvvəl azadlığa buraxılıb. 
Birinci instansiya məhkəməsinin hökmündən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılıb. 
Məhkəmə cinayət işinin birinci instansiyasında düzgün tədqiq edilmədiyi, kobud qanun pozuntularına yol verildiyi qənaətinə gələrək ittihamedici hökmü tamamilə ləğv edib və Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. 
Təqsirləndirilən Kənan Tağıyevin vəkili Zibeydə Sadıqova Lent.az-a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin azadlığa buraxılmasının səbəblərini açıqlayıb. 
O qeyd edib ki, Kənan Tağıyev gözəllik salonunda ictimai asayişi kobud şəkildə pozsa da, sonradan ona narkotik vasitələrin satışı ittihamı verilib: 
“Belə ki, Kənan Tağıyev xuliqanlıqda deyil, heç bir sübut olmadan külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilərək saxlanılıb. Saxlanılarkən onun hüquqları kobudcasına pozulub. Polis idarəsində iki saatdan çox saxlanıldıqdan sonra üzərinə baxış keçirilib, orada təzyiqlərə məruz qalıb, hüquqlarını müdafiə etməli olan dövlət hesabına təyin olunmuş vəkil etik qaydaları pozaraq onu müdafiə etməkdən imtina edib və digər ciddi pozuntulara yol verilib. Bundan başqa, Kənan Tağıyevə məxsus bank kartları ondan götürülüb və onu saxlayan polis əməkdaşları pullarını kartdan çıxararaq öz ehtiyacları üçün xərcləyiblər. Məhkəmə bu kimi pozuntuları aşkarlayaraq onun hansı cinsə mənsub olub-olmamasından asılı olmayaraq bəraət hökmü çıxarıb. Həmçinin məhkəmə tədqiqatçı barəsində xüsusi qərar çıxararaq, onun və vəkil barəsində tədbir görülməsi üçün materialları Baş Prokurorluğa və Vəkillər Kollegiyasına göndərib”.

Oxşar xəbərlər