Erməni təxribatları BİTMƏK BİLMİR: Rusiya sülhməramlıları hara baxır?
3-08-2022, 16:20
7 246

Erməni təxribatları BİTMƏK BİLMİR: Rusiya sülhməramlıları hara baxır?

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, Ermənistanın ali siyasi rəhbərliyi bir yandan Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipini qəbul edir, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, güc tətbiq etmək və güclə hədələməmək öhdəliyi götürür, ancaq bir yandan da hərbi avantüra yaradaraq təxribatlara əl atır:

” Bütün hadisələrin hər biri Rusiya sülhməramlı qüvvələrinin yerləşdikləri ərazilərdə baş verir. Bəs o zaman rus sülhməramlıları hara baxır? Təbii ki, bu sual Azərbaycan ictimaiyyətini çox narahat edir və düşündürür. Ermənistan hakimiyyəti həm sülhdən danışır, birgə Sərhəd Kommisiyasının yaradılması istiqamətində addım atır, eyni zamanda, əməkdaşlığa hazır olduğunu bildirir, ancaq reallıqda isə atdığı addımlar bəyan etdiyi mövqeyə daban-dabana ziddir. Ermənistanın bu cür təxribatçı davranışının arxasında bir neçə amil durur. Birincisi,  Ermənistan belə  təxribatçı hadisələr  törətməklə beynəlxalq ictimai fikrə belə iddianı sığdırmaq istəyir ki, guya Azərbaycan tərəfinin qeyd etdiyi kimi müharibə bitməyib, hələ həllini gözləyən məsələlər var. Bu Qarabağın statusu, ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsi ilə bağlı məsələlərdir. Rəsmi İrəvan belə cəfəng heç bir əsası olmayan mövqe sərgiləyir. Əvvəla Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, “status” məsələsi artıq gorbagor olub. İndi artıq Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları var. ATƏT-in Minsk Qrupu həmsədrlik institutunu elə həmsədrlərin özü dəfn edib. Bu gün həmin həmsədrlər, ABŞ, Fransa, Rusiya bir-birinə faktiki düşmən gözü ilə baxır və Ukrayna meydanında onlar bir-biri ilə müharibə vəziyyətindədirlər. Hansı ATƏT-in Minsk Qrupundan söhbət gedə bilər? İkincisi isə Ermənistan tərəfi daxili auditoriyaya hesablanmış jestlər edir, Paşinyanı erməni ictimai fikrində satqın, dönük, xəyanətkar kimi təqdim edirlər. Xüsusilə revanşistlər tərəfindən bu istiqamətdə ciddi təbliğat işləri aparılır. Bütün bu təxribatlara imza atmaqla Paşinyan özünün güzəştsiz prinsipial siyasətçi olduğunu ortaya qoymaq istəyir,  bununla isə demək istəyir ki, o heç bir halda satqın deyil. Hesab edirəm ki, bu iki amil vadar edir ki, Ermənistanın ali siyasi rəhbərliyi belə siyasi avantüralara imza atsın. Ancaq unutmasınlar ki, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, “Dəmir Yumruq” yerindədir. Əgər Ermənistan öz hərbi təxribatlarından əl çəkməsə, bundan sonrakı hadisələrin inkişafına görə məsuliyyət yalnız Ermənistanın üzərinə düşəcək. Təxribatçı addımlar rəsmi İrəvan üçün faciəvi nəticələrlə yekunlaşa bilər”.

E. Nəsirov vurğulayıb ki, bu gün Qarabağda baş vermiş bu hərbi təxribata görə Rusiya sülhməramlılarının üzərinə böyük məsuliyyət düşür:

“Onlar öz missiyalarını yerinə yetirməli, 10 noyabr razılaşmasının şərtlərini unutmamalıdırlar. Çünki rus sülhməramlılarının bir çox hallarda kənar müşahidəçi statusunda davranışı, cinayət yolunu tutmuş erməni qeyri-qanuni hərbi birləşmələrinin belə avantüralarına göz yumması onlarda arxayınçılıq formalaşdırır və onlar hesab edirlər ki, Ermənistan  hərbi təxribata imza ata bilər, Azərbaycan Silah Qüvvələrinin mövqelərini atəşə tuta bilər, Azərbaycan Ordusunun əsgərlərinin şəhid olmasına səbəb ola bilərlər və buna görə heç bir cəza almayacaqlar. 30 ildir ki, Ermənistan tərəfi bu illüziyaların qurbanına çevrilib. Ancaq 44 günlük Vətən  müharibəsi hər bir şeyi onlara sübut etdi və məlum oldu ki, bunların hər biri Ermənistanın uydurduğu nağıllardır. Hesab edirəm ki, Rusiya sülhməramlıları da baş verənləri düzgün qiymətləndirməli və erməni təxribatlarının qarşısının alınması üçün əməli addımlar atmalıdır. Əks halda 10 noyabr razılaşmasının tamamilə əksinə yönəlmiş addımlar atmaqla onlar sənədin əhəmiyyətinə böyük kölgə salmış olacaq”.

Oxşar xəbərlər