"Ermənistan özünü yığışdırmasa, ağır zərbə alacaq" - Millət vəkilləri "Qisas" əməliyyatını şərh etdi
4-08-2022, 18:29
7 331

"Ermənistan özünü yığışdırmasa, ağır zərbə alacaq" - Millət vəkilləri "Qisas" əməliyyatını şərh etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib. Paşinyan iclas zamanı bir sıra qalmaqallı bəyanatlar verib. Baş nazir çıxışında Azərbaycanın üçtərəfli bəyanatı pozduğunu, sənəddəki 3 bəndin yerinə yetirilməli olduğunu qeyd edib və bildirib ki,  Laçın dəhlizi açıq olmalıdır, Dağlıq Qarabağ ərazi vahidi qəbul edilməlidir, Dağlıq Qarabağla sərhəd xətti tanınmalıdır. 

Ermənistanın son təxribatı və Paşinyanın sərsəm fikirləri ilə bağlı Missiya.Az-a
danışan millət vəkili Elman Nəsirov bildirdi ki, Ermənistanın son hərbi təxribatı birbaşa 10 noyabr razılaşmasının pozulmasıdır: “Rəsmi İrəvanın birbaşa tapşırığı və əmri əsasında avqust ayının 3-də Ermənistan Silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdı və Azərbaycan Silahlı Qüvvələri olduqca uğurlu qisas əməliyyatı ilə düşmənin cavabını layiqincə verdi. Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi mütəmadi olaraq hərbi təxribata əl atıb, sonra isə Azərbaycanı ittiham etməyə başlayır. İndi isə Ermənistan rəhbərliyi Azərbaycanın guya 2020-ci il, 10 noyabr tarixli üçtərəfli bəyannatdan çıxmaq istədiyini iddia edir. Əslində isə Azərbaycan üçtərəfli bəyanatın icrasında ən maraqlı tərəfdir. Çünki həmin sənədin 4-cü bəndində qeyd olunub ki, Rus sülhməramlı qüvvələrinin Qarabağa gəlişi ilə paralel şəkildə qeyri-qanuni  erməni silahlı birləşmələri ərazini tərk etməlidir. Onlar nəinki ərazini tərk etməyiblər, hətta Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya zonasından Azərbaycana qarşı Laçın rayonu istiqamətində növbəti təxribata əl atıblar. Dediyim kimi layiqli cəzalarını da alıblar. Ali Baş Komandanın  hər zaman söylədiyi “Dəmir Yumruq”  yerindədir”.

Elman Nəsirov onu da əlavə etdi ki, hadisələrin gedişatı Ermənistan  rəhbərliyinin yenə də həm siyasi, həm də hərbi manipulyasiya ilə məşğul olduğunu göstərir: “Paşinyan Milli Təhlükəsizlik Şurasının iclasında Laçın dəhlizi ilə bağlı məntiqə sığmayan fikirlər səsləndirib. Ermənistanın siyasi rəhbərliyi Laçın dəhlizindən bəhs edir, amma Zəngəzur dəhlizinə qarşı çıxış edir. O, həmçinin iclasda Qarabağın ayrıca  ərazi vahidi olmasına dair fikirlər səsləndirib, status məsələsini qabardıb, funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunu diriltmək niyyətini gizlətmir. Halbuki həmsədr dövlətlər artıq özləri bu lazımsız qrupu çoxdan dəfn ediblər. Ermənistanın bu mövqeyi qəbuledilməzdir. Hesab edirəm ki, Ermənistanın 3 avqust hərbi təxribatı İrəvanın Zəngəzur dəhlizi və Minsk Qrupu ilə əlaqədar sərgilədiyi mövqeyə güclü zərbə oldu. Bilsinlər ki, Ermənistan özünü yığışdırmasa, əməkdaşlıq yolunu seçməsə, yenə də hərb təxribata əl atsa onlara ağır zərbə vurulacaq”. 

Məsələyə münasibət bildirən Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki,  Azərbaycan Qarabağdakı erməni silahlılarına qarşı həyata keçirdiyi cəza tədbiri ilə qanunsuz Ermənistan hərbi birləşmələrinin  bölgədən çıxarılmalı olduğunu izah etdi:
“Laçın dəhlizi açılmalıdır və üstəlik də Zəngəzur dəhlizi ilə bağlı verilən vədlər yerinə yetirilməlidir. Hələki, Ermənistan imzasını atdığı sənədə əməl etmək niyyətində deyil. Kənardan idarə olunan bir anlayış var və düşünürlər ki, Azərbaycan ərazisində hər istədiklərini edəcəklər. Amma onlar bunun  üçün çox ağır bədəl ödəyəcəklər. Ona görə də elə bu məsələdə Paşinyanın atdığı addımlar  necə də  çıxılmaz vəziyyətdə olduqlarını göstərir. Çünki bu bəyanata əməl etmək ermənilərə sərf etmir. Onlar torpaqlarımızı boşaltmalı, öz silahlı birləşmələrini ərazilərimizdən çıxarmalıdırlar. Hər halda bu kimi məsələlərdə ağıllı siyasət yürütsələr, Ermənistanın özü üçün də müəyyən qədər təhlükə azalar və normal iqtisadi mərhələlərə qoşula bilər.  Biz imzamıza hər zaman sadiq dövlət kimi başqalarından da bunu gözləyirik.  Əgər bütün bunlara əməl olunmazsa, öz ərazimizdə öz bildiyimiz kimi anti-terror əməliyyatını davam etdirməliyik”.


Oxşar xəbərlər