Londondakı təxribat ölkəmizdə dini gərginlik yaratmağa hədəflənib?
5-08-2022, 16:43
7 270

Londondakı təxribat ölkəmizdə dini gərginlik yaratmağa hədəflənib?

Cümə axşamı bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxaraq divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.
Britaniyanın Azərbaycandakı səfirliyi  isə Azərbaycanın London səfirliyinə daxil olan “etirazçıların hərəkətlərini pisləyib”.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi cümə günü yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib”.
Bu hadisə böyük narazılığa səbəb olub. Yaşanan hadisə ilə bağlı sosial şəbəkələrdə də mübahisələr səngimək bilmir. Bəs görəsən həqiqətənmi Londondakı təxribat ölkəmizdə dini gərginlik yaratmağamı hədəflənmişdi yoxsa burda başqa səbəblərmi vardı?
 
Londonda Azərbaycan səfirliyində baş verən insidentlə bağlı Medianews.az-a şərh verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib. Deputat təxribatın əsas səbəbini qeyd edib:

“Dini radikal qrupun Londondakı səfirliyimizə hücumu “səfirlərin və diplomatların toxunulmazlığı haqqında” Beynəlxalq Vyana konvensiyasının normalarının pozulması aktıdır. Bu, cinayət məsuliyyəti yaradan haldır. Görünür, Azərbaycanın ərazi bütövlüyü uğrunda atdığı addımlar anti-Azərbaycan dairələri narahat edib. Qarşılığında da bu addımı atıblar. Bizim səfirliklərimiz heç vaxt bu cür dini radikalların basqını ilə üz-üzə qalmayıb”.
Elman Nəsirov insidentin arxasında ermənipərəst qüvvələrin dayandığını bildirib:
“Avqustun 3-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra bu insidentin yaşanması səfirliyimizə hücumun arxasında dayanan təşkilatçıların kimliyini açır. İrəvan sərhəddə təxribat törədərək məğlubiyyəti yenidən daddı. Görünür ki, dəmir yumruq qarşısında aciz qalan ermənilər Azərbaycana təzyiq göstərmək üçün müəyyən radikal qruplaşmalardan istifadə etmək qərarına gəliblər. Onlar üçün dinin əhəmiyyəti yoxdur. İstər müsəlman dünyasında, istər xristian dünyasında eyni missiyanı həyata keçirməyi hədəfləyiblər. Bu təxribatın da arxasında ermənipərəst siyasi dairələr dayanıb. Onlar Azərbaycanın öz suverenliyini qorumaq üçün atdığı addımların qarşısını almağa çalışırlar”.
Millət vəkili Londondakı təxribatın digər məqsədlərini də diqqətə çatdırıb:
“Bu təxribatın başqa məqsədi də var. Təşkilatçıları səfirliyimizə dini radikal qrupların hücumunu təşkil etməklə Azərbaycanda dini zəmində gərginlik yaratmaq istəyirlər. Lakin onlar unudublar ki, Azərbaycan multikultural dövlətdir. Azərbaycanda müxtəlif etnoslar və dini icmalar birgə ailə kimi yaşayırlar. Lakin son zamanlar ölkəmizdə də müəyyən dini qrupların təxribat cəhdləri ilə qarşılaşırıq. Səfirliyimizə olunan hücum ölkəmizdəki dini qrupları çaxnaşma yaratmağa səsləyir. Lakin Dövlət Təhlükəsizlik Xidməti bu addımların qarşısını qətiyyətlə alır”.
Deputat qeyd edib ki, London polisinin insidentlə bağlı davranışı suallar doğurur:
“O videoya baxdıqdan sonra London polisinin davranışı diqqətimdən yayınmadı. Onlar çox qeyri-adekvat davranıblar. London polisinin bu hərəkətləri mənə uşaqlıqda izlədiyim hind filmlərini xatırlatdı. Həmin filmlərdə cinayət baş verirdi, ən sonda polis gəlib çıxırdı. London polisinin də davranışı eyni filmlərdəki kimidir. Orada hər şey ola bilərdi. Diplomatlarımızın həyatına real təhlükə yaranmışdı. İngilis polisinin bu davranışı ilə bağlı da addım atılmalıdır”.
 

 
Milli Məclisin deputatı Aydın Hüseynov isə bizimlə söhbətində Azərbaycanı dini tolerantlıq yolundan heç kimin yayındıra  bilməyəcəyini vurğuladı:
“Azərbaycanın Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə dini ektremist qruplaşma tərəfindən edilən hücum vandalizm aktıdır. Burada hansı ölkəyə, dinə və irqə mənsub olmalarından asılı olmayaraq istənilən şəxs və şəxslərin etdiyi qanunsuz əmələ ciddi araşdırmadan sonra hüquqi qiymət veriləcəyinə əminəm. Səfirliklərin ərazisi mənsub olduğu ölkənin ərazisi sayılır və yerli hüquq mühafizə qurumlarının da vəzifəsi həmin ərazini qorumaqdan ibarətdir. Ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməsi gərəkli və vacibdir. Təəssüf ki, yerli polis Azərbaycanın London şəhərindəki səfirliyini vaxtında mühafizə edə bilməyib. Belə olduğu üçün səfirlikdə çalışan diplomatik korpusun can güvənliyi təhlükə altına düşüb, binaya kifayət qədər ziyan dəyib”.
Deputat hadisənin hansı səbəbdən və konkret olaraq kimlər tərəfindən törədildiyinin araşdırıldığını, məqsədlərinin nə olduğu barədə rəsmi münasibətin veriləcəyini də istisna etməyib: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı qəti etiraz bildirilib. İnanırıq ki, vandalism aksiyasında iştirak edənlər layiqli cəzalarını alacaqlar. Səfirliyimizə hücum edənlərin əsas məqsədi ölkəmizdə dini və milli qarşıdurma yaratmaq, dövlətimizin dayaqlarını sarsıtmaq olub. Amma unudurlar ki, Azərbaycanda dini tolerantlıq yüksək səviyyədə formalaşıb, dünyanın heç bir yerində olmadığı bir mühit var. Ölkəmizdə müxtəlif dini konfessiyalara mənsub dini təşkilatlar qeydiyyatdan keçib. Onların fəaliyyəti müstəqildir və Azərbaycanın qanunları ilə bir təzad təşkil etmir. Dini ayrı-seçkilikdən isə ümumiyyətlə, danışmaq olmaz. Düşünürəm ki, bu hücumun arxasında başqa məqsədlər dayanır. Azərbaycanın artan nüfuzu, regionda əsas söz sahibinə çevrilməsi, iqtisadi inkişafı, stabil və balanslı xarici siyasəti, Qarabağ müharibəsini təkbaşına, həm də müharibə yolu ilə həll etməsi bəzi mərkəzləri, dövlətləri, beynəlxalq təşkilatları qıcıqlandırıb. Bəzi dairələrin Azərbaycanı “yola gətirmək”, təsir altına salmaq, istifadə etmək, idarə etmək, ölkənin sərvətlərini talamaq kimi iddiaları barədə çox eşitmişik. Bu vandalism aktının altında onların imzasını görmək olar. Baş verən son hadisələrlə Londondakı səfirliyimizə hücunm arasında paralellər axtarmaqda da bir fayda olar. İnanırıq ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə, perspektivdəki bütün hədəflərə uğurla çatacaq”.

QMİ-nin nümayəndəsi Hacı Şahin yaşanan hadisənin İslam dinə uyğun olmadığını bildirib:
“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.

Oxşar xəbərlər